Fransa Liqa 1-in 28-ci turunda lider PSJ, liqada qalmaq uğrunda mübarizə aparan və 14-cü yerdə olan "Anje"ni bu gün Bakı vaxtı ilə saat 18:00-da "Parc des Princes" stadionunda qəbul edəcək.
Operativ Media xəbər verir ki, bu mövsüm göstərdiyi çıxışla bəyənilən ispaniyalı baş məşqçi Luis Enrikenin yetirmələri, liqada 71 xalla məğlubiyyətsiz davam edən mövsümü erkən çempionluqla taclandırmaq üçün meydana çıxacaq.
Ən yaxın izləyicisi "Monako"dan 21 xal öndə olan PSJ-yə ardıcıl 4-cü, ümumilikdə isə 13-cü çempionluq üçün bir xal kifayət edəcək.
Əgər PSJ "Anje"yə uduzsa, "Monako"nun xal itirməsi halında da çempionluğu təmin edəcək. "Brest"–"Monako" qarşılaşması isə sabah Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.