I Liqada zəif komanda yoxdur.
Bu fikirləri “Karvan”ın futbolçusu Emil Qasımov Operativ Media-ya açıqlamasında bildirib.
Gənc oyunçu mövsümöncəsi hədəflərindən və komandasının hazırkı vəziyyətindən danışıb:
“Mövsüm başlamazdan öncə müəyyən hədəflərimiz var idi və hazırda da həmin hədəflər uğrunda mübarizəmizi davam etdiririk. Geridə qalan turlar ərzində layiqli çıxış etdiyimizi düşünürəm”.
Qasımov I Liqanın səviyyəsindən də söz açıb:
“Bu liqada zəif rəqib yoxdur. Azacıq arxayınlıq dərhal cəzalandırılır. Turnir cədvəlində neçənci yerdə olmasından asılı olmayaraq, bütün komandalar meydana yalnız qələbə üçün çıxır. Bu da çempionatı daha maraqlı və gərgin edir”.
Futbolçu stadionlarla bağlı səsləndirilən tənqidlərə də münasibət bildirib:
“Bəziləri I Liqada çatışmazlıq kimi stadionları göstərir, amma mən bununla razı deyiləm. Oynadığımız stadionlara baxsaq, vəziyyətin qənaətbəxş olduğunu görə bilərik. Klubumuzun stadionunda qazonla bağlı işlər gedir və inanıram ki, bu məsələ tezliklə həllini tapacaq. Digər məsələlərlə bağlı qərarı klub rəhbərliyi daha yaxşı verə bilər”.
Qasımov liqadakı futbolçuların potensialını da yüksək qiymətləndirib:
“Burada Premyer Liqada oynamağa layiq çox futbolçu var. Bu da liqanın marağını artırır”.
Şəxsi göstəricilərdən çox komandanın uğurunu düşündüyünü deyən futbolçu, bombardirlik barədə düşünmədiyini bildirib:
“Mənim üçün əsas olan komandadır. Hər oyunda qalib gəlmək daha önəmlidir. Performans baxımından ötən illərlə müqayisədə bu mövsüm daha yaxşı çıxış etdiyimi düşünürəm, amma hələ tam razı deyiləm. Əlimdən gələni etməyə davam edəcəyəm”.
Emil Qasımov milli komandada oynamaq istədiyini də gizlətməyib:
“Əsas milli komandada çıxış etmək hər bir futbolçunun arzusudur. O formanı geyinərək millətini və bayrağını təmsil etmək duyğusunu yaşamaq istərdim. Bilirəm ki, liqamızın oyunları izlənilir və çalışacağam ki, qarşıdakı toplanışlara dəvət alım”.
Sonda o, legioner limitinin ləğvinə də münasibət bildirib:
“Bu qərar biz yerli futbolçular üçün əlavə motivasiyadır. Daha çox çalışmalı, yerimizi qoruyub inkişaf etməliyik. Belə düşünürəm ki, kim güclüdürsə, o da oynayacaq".
Emil yenidən Premyer liqa həyəcanı yaşamaq istədiyini qeyd edib:
"Karyeram haqqında indiki durumda nəsə deyə bilmərəm. Sadəcə onu deyə bilərəm ki, hədəflərim böyükdür. Yerimdə saymaq istəmirəm. Yenidən və uzun müddətli Premyer liqa həyacanı yaşamaq xoş olardı".