Almaniya-Azərbaycan münasibətləri Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra enişli-yoxuşlu bir yol keçərək müxtəlif sınaqlara məruz qalmışdır. Bu sınaqlar ikitərəfli münasibətləri zədələməyə hesablanan təxribatlarla müşayiət olunmaqdadır. Almaniyanın Ermənistanla genişlənən münasibətləri və Qarabağ məsələsində mövqeyi bu baxımdan xüsusi bir diqqət tələb edir. Lakin hər iki dövlət çətin sınaqların öhdəsindən gələrək münasibətləri yeni mərhələyə daşıyacaq iradəyə sahibdir.
Almaniya Prezidenti Frank-Volter Ştaynmayer Azərbaycana gəlməzdən öncə Ermənistanda səfərdə idi. Bu səfərlə əlaqədar Almaniya Prezidentinin sosial şəbəkə hesabında Qarabağdakı keçmiş qondarma rejimin “bayrağı” fonunda xəbər paylaşılmış, Almaniyanın dövlət kanalı olan “Deutsche Welle”də isə ölkəmizə qarşı yalan xəbərlərlə dolu veriliş efirə getmişdir. Lakin Azərbaycan tərəfinin sərt etirazından sonra Almaniya Prezidenti Ofisi Azərbaycandan rəsmi üzr istədi. Prezident Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə və bu görüşün ardından keçirilən mətbuat konfransında Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıdıqlarını bir daha bəyan etdi. Bu, Almaniyanın hər zamankı tərzidir. Bunu almansayağı balanslaşdırma adlandırmaq olar.
Almaniya daima Cənubi Qafqaz regionunda neytallığını qoruyan balanslı xarici siyasət yürütməyə çalışıb. Lakin 2023-cü ildə Azərbaycanın Qarabağdakı keçmiş qondarma rejimin varlığına son verməsi və Qarabağ ermənilərinin könüllü kütləvi köçü ilə 30 ildir bölgədə formalaşan geosiyasi konyukturun dəyişilməsi ilə Almaniyanın öz maraqlarını reallaşdıra bilməsi üçün regional siyasəti fərqli şəkil almağa başladı. Bunu təşviq edən amillər olaraq qeyd oluna bilər:
1. Avropanın liderlik etdiyi konflikt mediasiyası prosesi uğursuzluğa düçar oldu;
2. Rusiyanın Cənubi Qafqazda təsiri gücləndi. Bu təsir Türkiyə tərəfindən neytrallaşdırılmaqla yanaşı Avropanın təsir gücünü azaltdı;
3. Aİ-nin, o cümlədən Almaniyanın manevr imkanları azaldı.
Almaniya bölgəyə nüfuz və təsirini bərpa etmək üçün Ermənistandan istifadə etməyə başladı. Buna həm də Ermənistanın Qərbə inteqrasiya siyasətini imitasiyası şərait yaratdı. Bu çərçivədə Almaniyada Azərbaycan mənafelərinə zidd bir sıra davranışlar sərgiləndi. Məsələn, Almaniyanın Ermənistana 2020-2023-cü illərdə göstərdiyi “humanitar yardımlar”, o cümlədən Almaniya Müdafiə Nazirliyi xəttilə tonlarla “humanintar yardım” çatdırıldığı məlumdur, lakin bu, 2024-cü ilin iyulunda verilən qərarla hərbi yardımlara transformasiya etdi. Belə ki, Ermənistana 10 milyon avro hərbi yardım ayıran Avropa Sülh Fondu (EPF) məhz Almaniyanın Aİ Şurasına sədrliyi dövründə (2020-ci ilin martında) təsis olunmuşdu və onun ilk yardımı məhz Ermənistana olub. Bu ilin mart ayında EPF-dən 10 milyon avroluq daha bir hərbi yardım paketi qəbul edilib. Avropa çərçivəsində Ermənistana dəstəyin təşkil edilməsində Almaniyanın “gözəgörünməz əl” kimi çıxış etməsi diqqətçəkicidir. Məsələn, biz EUMA-nın (Avropanın Ermənistandakı müşahidə missiyası) vahid Avropa missiyası olduğunu bilirik. Lakin 15 fevral 2023-cü ildə Almaniya Federal Hökümətinin sözçüsü Steffen Hebestreit bəyan etmişdi ki, Ermənistan-Azərbaycan sərhəddində fəaliyyətə başlayan (fəaliyyət müddəti uzadılan və tərkibi genişləndirilən) EUMA heyətinə Almaniya federal polisi rəhbərlik edəcək.
