Müqəddəs Həcc Ziyarətində kimlərin iştirak etməsi çox vacibdir?
İslam aləminin ən mühüm ibadətlərindən biri də Həcc ziyarəti hesab olunur. Hər il müxtəlif ölkələrdən milyonlarla müsəlman şəxs müqəddəs Məkkəyə axın edir. Ziyarətdə zəvvarlar dini borclarını yerinə yetirmək üçün bir araya gəlirlər.
Azərbaycanda Həcc ziyarətinə getmək istəyən vətəndaşların qeydiyyatı davam edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.
Bu il ölkəmiz üçün ayrılan kvota açıqlanmasa da, ötən illərlə müqayisədə daha az olacağı bildirilib. Qeyd edək ki, ötən il kvota 1500 nəfər olub.
İlahiyyatçı Ağa Hacıbəyli mövzu ilə Modern.az saytına açıqlama verib.
O bildirib ki, Həcc ziyarəti İslam tarixində müqəddəs və qüdsi bir səyahət sayılır:
"O qədər böyük əhəmiyyətə malikdir ki, onun yerinə yetirilməsi insanı yenidən dünyaya gəlmiş biri kimi mükafatlandırır. Bu İslami ibadətlər içərisində vacib və nadir ibadətlər sırasındadır. Həcc ziyarəti insanı paklaşdırmağa və onu öz fitrətinə, məsumiyyətinə döndərə biləcək gücə malikdir".
Ağa Hacıbəyli deyib ki, Qurani-Kərimin ayələrində Həzrəti İbrahimin sədası ilə bir həccə gedişin başladığını görə bilərik:
"Ona görə, Peyğəmbərlər atası Həzrəti İbrahimin bu dəvəti sonra Qurani-Kərimdə Rəbbimizin bir əmrinə çevrilib. Daha sonra, peyğəmbərimizin şəriətində də həccə insan ömründə bir dəfə gəlmənin vacibliyi buyurulub.
Bu baxımdan, Həcc ziyarəti insanın özünün, ağlının divarlarını aşaraq, bu dünyanın hüdudlarından keçərək, kainatın sərhədlərini keçib metafizik aləmdəki (Beytul-İzzədə ) mələklər ilə bərabər çiyin-çiyinə bir təvafı bizə xatırladır. Daha sonra, həcc insana axirət aləmindəki duruşunu, davranışını da təlim edir".
Ağa Hacıbəyli söyləyib ki, insanın ömründə bircə dəfə, belə məktəbə gəlməsi və bu cür məfkurədə olması İslam dinində şərt kimi deyilib. Bu baxımdan, dünyanın dörd bir yanından hər hansı bir vasitə ilə həccə gəlmək mümkündürsə, insanlar bunu dəyərləndirsin - deyə, Allah buyurub. Hətta bura “ baba, ata ocağı “ kimi qiymətləndirilib.
"İmkanı yerində olan, səhhətində problemlər olmayan şəxslərin Həcc ziyarətinə getməsi şərtdir. O ki, qaldı hansısa əməllər qarşılığı, bəzi şəxslərə də həcc savabının yazılmağı. Dində belə fikir var. Məsələn: Allah Qurban bayramı günü qurban kəsilməsini, cümə günü cümə namazının qılınmasını, Ramazanda oruc tutulmasını bizlərdən tələb edir. Hər ibadətin özəl mahiyyəti və çəkisi var. Qədr gecələrində Allah bizdən sabaha qədər böyük ibadətləri tələb etmir. O gecənin, təməlində Allah bizdən bağışlanmağımızı istəyir.
Əgər bir şəxsin fiziki imkanları ona özünü idarə edə biləcək gücü və şansı verirsə, imkanı özünə və yaxınlarına kifayət qədər bəs edirsə, həmin şəxs nə qədər imkansıza əl tutsa belə, bu onun həcc borcunu ödədiyi anlamına gəlmir. Dində belə bazarlığa Allah icazə vermir. İnsanlara yardım edilməsi və digər xeyriyyə əməllər bizlərə savab qazanmaq və bağışlanmaq üçün verilir. Bu baxımdan, Həcc ziyarətini zilhiccə ayının ilk 10 günündə yerinə yetirmək lazımdır", - o qeyd edib.
Zərif Sofiyeva