AZ

Hazır qidalar xəstəliklərə yol açır?

Böyük şəhərlərin sürətli həyat ritmi, vaxt qıtlığı və rahatlığa olan ehtiyac bizi supermarket rəflərindəki hazır və yarımfabrikat qidalara yönəldir. Adını belə tələffüz edə bilmədiyimiz maddələrlə dolu məhsulları səbətimizə qoyub, onların orqanizmimizə necə təsir etdiyini düşünmədən istehlak edirik.

Bir çoxumuz ərzaq alarkən məhsulun üzərindəki tərkib hissələrini oxumağa belə vaxt ayırmırıq. Oxuyanda isə uzun siyahılarda qəribə E-kodlar, dad gücləndiricilər, konservantlar və emulqatorlarla qarşılaşırıq. Bəs bütün bunlar nə deməkdir? Bu maddələr bizim sağlamlığımıza necə təsir edir? Onlar bizi xəstəliklərə aparan yolda hansı mərhələni təşkil edir?

İnsan orqanizmi min illərlə təbii qidalarla qidalanmağa uyğunlaşıb. Amma son bir neçə onillikdə süni əlavələrlə zəngin olan qidalar qidalanma vərdişlərimizi köklü şəkildə dəyişib. Rəngarəng paketlərdə satılan bu məhsullar həqiqətən qida dəyəri daşıyırmı, yoxsa biz yalnız dadlandırılmış kimyəvi maddələr toplusu qəbul edirik?
Maraqlı bir təcrübə bunu açıq şəkildə göstərir. 2009-cu ildə Morgan Spurlock, McDonaldchr("39")s-dan aldığı kartof qızartmasını və evdə hazırladığı kartofu otaq temperaturunda saxladı. Bir neçə gün sonra ev kartofu kifləndi və çürüməyə başladı, amma McDonaldchr("39")s-ın kartofu tam 10 həftə boyunca heç bir dəyişikliyə uğramadı.

Bu, qida sənayesində istifadə olunan konservantların nə qədər güclü olduğunu göstərir. Biz bu cür məhsulları istehlak etdikdə, onların bədənimizdə hansı təsirləri yaratdığını düşünməliyik. Əgər bir qida məhsulu aylarla xarab olmursa, bu, həqiqətən də qida sayılmalıdırmı?

Ən çox diqqət çəkən məqam duz və şəkərin yüksək miqdarda olmasıdır. Gündəlik qida rasionuna nəzər salanda məlum olur ki, insan fərqinə varmadan tövsiyə edilən maksimum duz və şəkər miqdarını bir neçə dəfə artıq qəbul edir. Bəs bunun nəticələri necə olur? Qan təzyiqi, piylənmə, şəkərli diabet və hətta bəzi xərçəng növləri bu cür qidaların davamlı istehlakına bağlanır. Amma bu, yalnız görünən tərəfdir.  

Qidalanma mütəxəssisləri bağırsaq sağlamlığının ümumi sağlamlıq üçün nə qədər vacib olduğunu dəfələrlə vurğulayıblar. Bağırsaqlar ikinci beyin hesab edilir və onların düzgün fəaliyyəti immunitet sistemindən psixoloji vəziyyətimizə qədər bir çox sahəyə təsir edir. Bəs lifsiz, süni əlavələrlə dolu yarımfabrikat qidalar bağırsaq mikroflorasına nə edir?  

Başqa bir mühüm məqam isə hormonal balansdır. Hər gün qəbul etdiyimiz qidalar bədənimizdə hormon istehsalına təsir göstərir. Yarımfabrikat məhsullardakı bəzi kimyəvi maddələr, xüsusilə plastik qablaşdırmalardan keçən maddələr hormon balansında pozuntular yarada bilər. Nəticədə, sonsuzluqdan tutmuş, endokrin sistem xəstəliklərinə qədər ciddi problemlər ortaya çıxa bilər.  

Bütün bunlara baxmayaraq, yarımfabrikatlardan tamamilə imtina etmək mümkündürmü? Əgər insanlar rahatlıq və sürətə üstünlük verirsə, alternativ nə ola bilər? Evdə hazırlanan yeməkləri saxlamağın daha sağlam yolları varmı? İnsanlar sağlam və balanslı qidalanmanı həyat tərzinə necə çevirə bilərlər?  

Bu məsələnin müxtəlif aspektlərini nəzərə alaraq düşünməyə dəyər: Yarımfabrikatların istifadəsi vərdiş halını alıb, yoxsa məcburiyyətdir? Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova məsələylə bağlı fikirlərini bölüşdü:

-Bu gün çalışan insanlar, xüsusilə də vaxt azlığından şikayət edənlər, daha tez və asan qida hazırlamaq üçün yarımfabrikat məhsullardan istifadə edirlər. Lakin nəzərə almaq lazımdır ki, yarımfabrikat qidaların saxlanılması, daşınması və ilkin hazırlanması zamanı sanitar-gigiyena norma və qaydalarına əməl olunması ən vacib şərtlərdən biridir.  

Bir çox hallarda bu məhsullar həm un əsaslı xəmirdən, həm də yüksək risk qrupuna aid olan zülal mənşəli ətlərdən hazırlanır. Belə qidaların saxlanma şəraiti və temperatur rejimi dəyişərsə, onların tərkibindəki bakteriyalar və mikroorqanizmlər sürətlə çoxala bilər ki, bu da insanlarda həzm sisteminin pozulmasına, immunitetin zəifləməsinə və ən təhlükəlisi - qida zəhərlənməsinə səbəb ola bilər.  

Buna görə də paketlənmiş yarımfabrikat qidaları alarkən mütləq istehsalçı şirkət və ya hazırlayan müəssisə barədə məlumatlara diqqət yetirilməlidir. Əgər məhsul fiziki şəxs tərəfindən hazırlanıbsa, onunla bağlı bütün məlumatlar - ünvan və əlaqə nömrəsi tam göstərilməlidir. Eyni zamanda istehsal tarixi və son istifadə müddəti, saxlanma şəraiti, temperatur rejimi və bişirmə qaydalarına dair bütün göstərişlər məhsulun üzərində açıq şəkildə qeyd olunmalıdır. Hər bir məhsulun özünəməxsus qablaşdırılması olmalıdır ki, soyuducuda saxlanarkən "mal qonşuluğu" qaydasına əməl edilmədikdə çarpaz çirklənməyə məruz qalmasın və keyfiyyəti, qidalılıq dəyəri aşağı düşməsin.  

Xüsusilə dondurulmuş məhsulları alarkən diqqətli olmaq vacibdir. Belə məhsullar elə qablaşdırılmalıdır ki, donu açıldıqdan sonra yalnız bir dəfə istifadə edilsin. Əgər temperatur rejimi davamlı dəyişərsə, yəni məhsulun donu açılıb yenidən dondurularsa, tərkibi və keyfiyyəti dəyişir. Bu səbəbdən alış-veriş edərkən dondurulmuş məhsulları ən sonda almaq tövsiyə olunur. Əgər həmin məhsul dərhal bişirilməyəcəksə, bir müddət soyuducunun buzluq olmayan hissəsində saxlanmalı, daha sonra isə buzluğa qoyulmalıdır.  

Xüsusilə ət məhsullarının daşınması zamanı məsafəyə diqqət yetirilməlidir. Əgər məhsul uzun məsafəyə daşınacaqsa və uzun müddət otaq temperaturunda və ya soyuducudan kənarda qalacaqsa, artıq riskli məhsullar sırasına daxil olur. Bu baxımdan, yarımfabrikat məhsulların düzgün seçilməsi və saxlanılması insan sağlamlığı üçün mühüm rol oynayır.

Qida məsələləri üzrə ekspert Fərid Səfərov:

-Sürətli həyat tərzi, uzunmüddətli iş rejimi, həyat qayğıları insanların qidalanma rejimində və qida seçimlərində dəyişikliyə səbəb olur. Bu tələblərə də uyğun olaraq tez başa gələn hazır və yarımfabrikat məhsullar daha çox istifadə olunmağa başlayıb. 

Evdə özümüz istədiyimiz qidanı əvvəlcədən dondurucuda dondurub saxlaya bilərik və ya yarı bişmiş halda sonradan istifadə edə bilərik, bir şərtlə ki, düzgün saxlama qaydasını bilək və saxlaya bilək. 

Amma demək olar ki, hər yerdə satılan hazır və ya yarımfabrikat məhsulların hansı şəraitdə və hansı xammaldan istehsal olunduğunu bilmədiyimiz üçün bu cür qidaların istifadəsi sağlamlığımız üçün təhlükəli haldır. 

Ona görə də bu cür qidaları minimum az istifadə etməyə çalışın və ya öz həyat tərzinizə uyğun olaraq özünüz hazırlayıb istifadə edin ki, sağlamlığınız əldən getməsin.

Sağlam qidalanaraq sağlam yaşayın!

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
phrase_var_article.chosen
166
35
olaylar.az

10phrase_var_article.sources