Son Ramazan bayramında Yaponiyada baş vermiş bir olay dünya gündəmini zəbt edib. Belə ki, Tokiodakı məscidə gələn müsəlmanların sayı o qədər çox olub ki, bayram namazı 3 dəfə qılınıb. Bu da onu göstərir ki, gündoğan ölkəsində İslama üz tutanların sayı son illər sürətlə artır.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan deyir ki, elm inkişaf etdikcə Quranın sirləri açılır, elmi ixtiralar, yeniliklər meydana gəlir və bunun köklərinin bu kitabda mövcud olmasını görən bir çox qeyri-müsəlman alim də İslamı qəbul edir:
“Quran xülyalar və reallaşması mümkün olmayan hökmlər, tövsiyələr üzərindən yox, mənəviyyatı maddiyatdan, əbədi dünyanı fani danyadan üstün tutan, insanı kamilləşdirən dəyərlərə aparır.
Qərb fəlsəfəsi və ideologiyası, sosial dünya nizamı isə yalnız maddiyatı, ötəri hissləri doyurmağı əsas götürən vasitələri önə çəkir. Dərinə getmir və gedə bilmir.
İnsan isə daima kamala can atır, ruhunu, mənəviyyatını qane edəcək mənəvi qidalar axtarır. Bunun çarəsi isə Qərbdə yaxud Çin, Yaponiya, Hindistan, Koreya kimi səmavi dinlərin ali dəyərlərindən nakam qalmış Şərq ölkələrində də yoxdur. Maddi cəhətdən insanları qidalandıran dövlətlər çox zaman əhalini mənəvi aclığa məhkum edirlər”.
Müsahibimiz qeyd edir ki, Yaponiyada əhalinin əksəriyyəti ateistdir və bəzi milli dinlərə etiqad edənlər var:
“İslamın Yaponiyaya yayılması daha da sürətlənəcək. Çünki milli mədəniyyətləri, xarakterləri və bir çox cəhətləri İslam dininə daha uyğundur, daha yaxındır. Əxlaqi və mədəni, mental dəyərlərə həddən artıq həssas yanaşan yaponlar mənəvi cəhətdən daha zəngindirlər. Sadəcə onların sönük ateizmi və bəzi natamam inanc sistemləri inkişaf edən dünyada mənəvi ehtiyaclarını qane edə bilməz. Yaponlar fəlsəfəyə meylli xalqdır. Akademik Vsevolod Ovçinnikov Yaponiya və yapon xalqı barədə yazdığı "Sakura budağı" adlı xatirələrində qeyd edir ki, yaponlar anadan filosof doğulurlar və ədəb, əxlaq, adət - ənənələrinə son dərəcə bağlıdırlar.
Lakin bunun fonunda əgər yaponlar İslam dinini tərcih edirlərsə demək İslamı kor - koranə qəbul etmirlər, düşünürlər, araşdırırlar, seçim edirlər”.
İlahiyyatçı iddia edir ki, Yaponiyanın yaxın iyirmi ildə 80 faizinin müsəlman olması proqnozlaşdırılır:
“Avropanın isə daha qısa zaman ərzində müsəlmanlaşması prosesi baş verəcək. Maddi həzzlərdən aldıqları müvəqqəti zövq bitdikdə insan bitməyən xoşbəxtlik, əbədi səadət arayışına çıxır. Avropa insanı mənəvi, fəlsəfi cəhətdən ac olduğu üçün cürbəcür əcaib özünütəqdimetmə yollarına əl atır.
Eyni cinslilərin evlənməsi, insanın ağacla, heyvanla nikaha daxil olması, bədənin formasını dəyişib özünü şeytana yaxud qeyri - müəyyən varlıqlara bənzəməyə çalışması kimi psixoloji hallar insanın mənən, daxilən ac və ruhi qidaya ehtiyaclı olduğunu göstərir. Və bütün bu keçici həzzlərdən, müvəqqəti ləzzətlərdən doyan, bezən insan daha mükəmməl və davamlı xoşbəxtlik axtararkən İslama rast gəlir və həmin əbədi zövq və həzzin vədini bu dində tapır”.
Surxay Atakişiyev, Bizim.Media