Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Rusiya ordusunun "Mərkəz" qruplaşması ötən həftə Donetsk Xalq Respublikasındakı Uspenovka kəndini nəzarətə götürüb.
"Mərkəz" qoşun qruplaşmasının bölmələri qərarlı hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasındakı Zaporojye və Uspenovka yaşayış məntəqələri azad edilib," - deyə nazirliyin 29 mart - 4 aprel tarixlərini əhatə edən hesabatında bildirilir.
Həmin dövrdə Rusiya qüvvələri həmçinin Donetsk vilayətindəki Panteleymonovka və Rozovka kəndlərini nəzarətə götürüb. "Cənub" qoşun qruplaşmasının bölmələri fəal və qətiyyətli əməliyyatları nəticəsində Panteleymonovka və Rozovka yaşayış məntəqələri azad edilib," - deyə hesabatda qeyd olunur.
Bundan əlavə, Rusiya ordusu Ukraynanın dörd mexanikləşdirilmiş, iki hücum, bir piyada, bir aeromobil, bir yeger briqadasına, iki pilotsuz uçuş aparatları briqadasına, bir dəniz piyadası briqadasına, iki milli qvardiya briqadasına, eləcə də "Omega" xüsusi təyinatlı dəstəsinə ciddi zərbələr endirib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi daha əvvəl Donetsk vilayətindəki Zaporojyenin nəzarətə götürüldüyünü açıqlamışdı.
Xatırladaq ki, Rusiya 24 fevral 2022-ci ildə Ukraynada hərbi əməliyyatlara başlayıb. Prezident Vladimir Putin əməliyyatın məqsədinin "illərdir Kiyev rejiminin təzyiqlərinə və soyqırımına məruz qalan insanları qorumaq" olduğunu bildirib. O, Ukraynanın "demilitarizasiya və denasifikasiyasını" həyata keçirməyi, eləcə də "Donbasda dinc sakinlərə qarşı qanlı cinayətlər törədən hərbi cinayətkarları" məhkəməyə çıxarmağı planlaşdırdıqlarını bəyan edib. Buna cavab olaraq, Qərb ölkələri Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib.