"Görünür, erməni diasporunun siyasi və maliyyə gücü həddindən çoxdur. Hətta 523 deputatı inandırmağa bəs edir".
Politoloq Əli Mustafa bu fikirləri Olaylar.az-a açıqlamasında deyib. Politoloq bildirib ki, Bakıda mühakimə olunanlar müharibə cinayətkarlarıdır və onların cəzalandırılması beynəlxalq hüququn tələblərinə uyğundur:
"Bakıda mühakimə olunan şəxslər müharibə cinayətkarlarıdır. Necə ki bu gün Putinə, digər siyasi xadimlərə qarşı qaldırılır, vaxtı ilə faşist Almaniyasının bir çox zabitlərinə qarşı Nürnberq məhkəməsi keçirilmişdir. Sonra Miloşeviçə qarşı Yuqoslaviya tribunalı təşkil olundu. İndi bunlar da Güney Qafqazda cinayət törədən, yüzlərlə, minlərlə insanın şəhid olmasına, öldürülməsinə səbəb olan komandadır. Onların belə müdafiə olunması əlbəttə həm beynəlxalq hüquqa, həm də humanitar hüquqa ziddir. Çünki onlar əslində, beynəlxalq humanitar hüququn da qaydalarını pozublar. Beynəlxalq hüququn prinsiplərinə zidd əməllər və cinayətlər törədiblər. Onların mühakiməsi labüddür".
Əli Mustafa əlavə edib ki, Avropa Parlamenti qərəzli mövqe sərgiləyərək erməniləri müdafiə edir, lakin Azərbaycan məhkəmələri ədalətin təmin olunması üçün işini davam etdirməlidir.
"Təəssüf ki, Avropa Parlamenti qərəzlidir, erməniləri əsaslı-əsassız müdafiə edir. Bizim haqlı olmağımızı, bizim insanlarımızın öldürülməsini, bizə qarşı erməni faşizminin törəddiyi cinayətləri görməzlikdən gəlir. Əlbəttə, bu təəssüf doğurur. Amma bütün hallarda Azərbaycan məhkəmələri öz fəaliyyətini davam etdirməlidir və cinayətkarların cəzalandırılmasını, bu prosedurları axıra qədər çatdırmalıdır. Yeri gəlmişkən, bir zaman önce qeyd etmişdim ki, ümumiyyətlə bu cinayətkarların beynəlxalq tribunallarda və ya Beynəlxalq Cinayət Məhkəməsində mühakiməsinə nail olmaq lazımdır. Çünki bunların törətdiyi cinayətlər insanlığa, bəşəriyyətə qarşı cinayətlərdir. Yəni, elə bir formatda istinad etmək lazımdır ki, onların mühakiməsində beynəlxalq ictimaiyyət özü də iştirak etsin ki, sonra erməni əzabkeşliyinin yeni səviyyəsini başlatmasınlar. Bütün bunlar təəssüf doğurur. Avropa Parlamentinin qətnaməsinin elə bir hüquqi əsası yoxdur. Onların növbəti qərəzli və əsasız bir sənədi kimi qəbul edilməlidir. Amma bütün hallarda buna rəsmi cavab verilməlidir və onların siyasi mülahizələrlə hüquqa zidd addımlar atdığı qeyd olunmalıdır".
Səidə Ramazanova