AZ

“Starlink” Azərbaycanda – İnternet istifadəçilərinə nə vəd edir?

“Starlink” genişzolaqlı peyk internet xidməti Azərbaycanda istifadəyə verilib. Daha öncə, 2023-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə ("Azərkosmos") “SpaceX” şirkəti (Space Exploration Technologies Corporation) arasında əməkdaşlıq müqaviləsi imzalanmışdı. 

Müqavilə ABŞ şirkətinin “Starlink” genişzolaqlı peyk internet xidmətinin Azərbaycanda təkrar satışını nəzərdə tuturdu. "Starlink" qlobal peyk rabitə sistemidir. "Starlink" şəbəkəsi dünyanın istənilən yerindən İnternetə çıxışı təmin edir. Terminallar rabitə infrastrukturunun inkişaf etmədiyi ucqar və əlçatmaz regionlarda siqnal qəbul etmək qabiliyyətinə malikdir. 

Trafik sürəti 1 Gbit/s təşkil edir ki, bu da beşinci nəsil mobil rabitə standartına (5G) uyğundur. Bir neçə min cihaz aşağı Yer orbitində, yəni Yer səthindən 550 km-ə qədər məsafədə, digər qurğular isə daha yüksəkdə yerləşir. Hazırda “Starlink” ABŞ, Kanada, Avstraliya, Avropa ölkələri, Latın Amerikası və Afrikanın bəzi ölkələrində mövcuddur. Bəs görəsən, “Starlink” Azərbaycanın internet və kommunikasiya məkanına hansı yeniliklər gətirəcək? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan  informasiya və kommunikasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, “Starlink” olduqca yüksək sürətə malik və bir o qədər də bahalı texnologiyadır:

“İlk öncə qeyd etmək istəyirəm ki, “Starlink” Azərbaycana əlavə, alternativ bir internet təklif edir. Bu da ənənəvi fiber-optik üzərindən verilən internetlə müqayisə olunmayacaq bir texnologiyadır. Çünki qiymət, infrastruktur baxımından sərfəli deyil. Modemləri və tarifləri daha bahadır. 

Biz internet baxımından, alternativ olaraq düşünürük ki, “Starlink” fiber-optik olmayan və insan yaşayışının az olduğu yerlərdə istifadə ediləcək. Məsələn, aqroparklarda, turizm məkanlarında və digər biznes subyektlərində bu internet daha əlverişlidir. Amma fiber-optik olan yerlərdə seçim daha çox fiber-optikədir. Bu baxımdan, müqayisə düzgün deyil. Hər ikisi fərqli texnologiyalardır və fərqli seqmentləri əhatə edir. 

“Starlink” premium xidmətdir və üst seqmentə fokuslanıb. Amma fiber-optik hamı üçün əlçatandır və qiyməti də münasibdir. Modem üçün də əlavə pul ödənilmir. Misal üçün, fiber-optik modemlərin maksimum qiyməti 50 manatdırsa, “Starlink” modemlərin minimum qiyməti 50 manatdır. Azərbaycan bu günədək 3 fərqli magistral kanaldan internet alırdı. “Starlink” dördüncü, amma fərqli bir texnologiya oldu. Bu da o deməkdir ki, internetin davamlılığı ölkə üzrə hətta təbii fəlakətlər zamanı belə təmin olunacaq. 

Ekspert qeyd edib ki, “Starlink”in internet qiymətlərində ucuzlaşmanı gözləmək yanlış olardı:

“Şəxsi fikrimcə, “Starlink”in internet qiymətlərində ucuzlaşma gözlənilmir. Ümumiyyətlə qiymət təklifini formalaşdıran xərc meyarıdır. Burada söhbət kosmik sahədə internet xidmətindən gedir. Bu isə o deməkdir ki, xərclər astronomik dərəcədədir. Ona görə də, bu cür xərcləri nəzərə alaraq, düşünmürəm ki, “Starlink”in qiyməti aşağı düşsün. 

Başqa imtiyazlar ola bilər. Məsələn, “Tesla”nın telefonları satışa çıxan zaman həmin telefonlarda “Starlink” internetləri pulsuz ola bilər. Onlar həm bunu edərək öz telefonlarının cazibliyini artıra bilər, həm də telefonların satışlarına təsir edə bilərlər. Yəni 2 istiqamətdə fiksasiya əldə edə bilərlər. Amma xərcləri nəzərə aldıqda, qiymətlərin aşağı düşməsi mümkün görünmür. Bu ancaq sosial rifahı xeyli aşağı olan, kasıb ölkələrlə bağlı bir növ humanitar yanaşma formasında baş tuta bilər. Azərbaycan isə belə ölkələrin sırasında deyil. Digər tərəfdən, əhali faktorunu nəzərə alaraq, Azərbaycan bazarı elə də böyük müştəri bazası olan bazar sayılmır”.

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Asif Rzayev isə vurğulayıb ki, “Starlink” daha çox sahibkarlar və yüksək internet sürətinə ehtiyacı olan şəxslər üçün əlverişlidir:

“Düşünürəm ki, “Starlink”in tətbiq olunması internetin sürətinə təsir edəcək. Yəqin ki, digər provayderlərdən fərqli olaraq, burada problemlər daha az olacaq. Lakin bütün bunları zaman göstərəcək. Çünki tətbiq olunduqdan sonra, vətəndaşlar istifadəyə başladıqda “Starlink”in sürəti və təmin etdiyi üstünlüklər özünü daha dəqiq biruzə verəcək. 

Qiymət faktoruna gəlincə, kampaniya formasında hansısa təklifin olacağını düşünmürəm. “Starlink” daha çox o vətəndaşlar üçün əlverişli olacaq ki, internetin sürətli olması işlərində odluqca vacibdir. Adi vətəndaşların çoxu onsuz da standart 30 meqabit internet paketindən istifadə edir. Sıravi şəxslər üçün bu daha sərfəlidir. Amma yuxarı sürətdə internet istəyənlər üçün “Starlink” daha yaxşıdır”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.   


Telegram kanalımız
Seçilən
160
15
yenisabah.az

10Mənbələr