Yaz mövsümü olmasına baxmayaraq qonşu ölkələrdə demək olar ki, soyuq havalar yenidən geri qayıdıb. Xüsusilə də Rusiyada və Türkiyədə havalar son günlər soyuq keçir. Qonşu ölkələrdəki bu havanın ölkəmizə təsiri olacaqmı? Azərbaycanda kəskin hava dəyişməsi gözlənilirmi?
Mövzu ilə bağlı Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova Referans-ın suallarını cavablandırıb. Gülnarə Abbasova saytımıza bildirib ki, qonşu ölkələrdə müşahidə edilən qeyri sabit hava şəraiti ölkəmizə də öz təsirini göstərir, aprel ayının 2-dən başlayaraq ölkə ərazisində əsasən şimal və qərb rayonlarında qeyri- sabit eyni zamanda yağıntılı hava şəraiti fasilələrlə davam etməkdədir.
Milli Hidrometeorologiya Xidmətinin rəsmisi həmçinin onu da qeyd edib ki, növbəti günlərdə də əsasən Azərbaycanın rayonlarında aprelin 5-i, günün ikinci yarısından 6-sı səhərədək hava şəraitinin qısa müddətə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur.
"Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var", - deyə Gülnarə Abbasova əlavə edib.
Bünyamin Bünyadzadə
Referans