“Nottingem Forest”in portuqal çalışdırıcısı Nuno Espirito Santo İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı məşqçisi seçilib.
Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.
Mart ayında Nuno Espirito Santonun “meşəçilər”i Premyer Liqada cəmi iki oyun keçiriblər. Sözügedən komanda evdə “Mançester Siti”ni (1:0), səfərdə isə “İpsviç Taun”u (4:2) məğlub edib.
Nuno Espirito Santo məşqçilik fəaliyyətinə 2012-ci ildə “Rio Ave”də başlayıb. Sonra portuqal mütəxəssis “Valensiya” (2014/2015), “Portu” (2016/2017), “Vulverhempton” (2017-2021), “Tottenhem” (2021) və “Əl-İttihad”ı (2022/2023) çalışdırıb.
Santo “Nottingem Forest”in sükanı arxasında 2023-cü ilin dekabr ayından fəaliyyətdədir. Portuqal mütəxəssis İngiltərə klubu ilə müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. “Meşəçilər” 51 yaşlı portuqal mütəxəssisin rəhbərliyi altında 59 oyuna çıxıblar. “Nottingem Forest” bu oyunlarda 27 qələbə, 12 heç-heçə, 20 məğlubiyyət yaşayıb. Top fərqi isə 111:90 nisbətindədir.
30 turdan sonra 57 xal toplamış “Nottingem Forest” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Xatırladaq ki, Santo cari mövsümdə üçüncü dəfə Premyer Liqada ayın ən yaxşısı seçilir. O, ötən ilin oktyabr və dekabr aylarında da ən yaxşı elan edilmişdi. Bütövlükdə isə bu mütəxəssis karyerası ərzində 7-ci dəfə Premyer Liqanın ən yaxşı məşqçisi seçilib.
Sonda Premyer Liqanın cari mövsümündə ən yaxşı seçilmiş bütün məşqçilərin siyahısını təqdim edirik:
Avqust 2024 – Fabian Hürtseler (“Brayton”)
Sentyabr 2024 – Entso Mareska (“Çelsi”)
Oktyabr 2024 – Nuno Espirito Santo (“Nottingem Forest)
Noyabr 2024 – Arne Slot (“Liverpul”)
Dekabr 2024 – Nuno Espirito Santo (“Nottingem Forest)
Yanvar 2025 – Andoni İraola (“Bornmut”)
Fevral 2025 – Devid Moyes (“Everton”)