“Roma”nın almaniyalı mərkəz müdafiəçisi Mats Hummels cari mövsümün sonunda futbolçu karyerasına xitam verəcəyini açıqlayıb.
Arena.az məlumat verir ki, veteran futbolçu bu barədə özünün sosial şəbəkə hesabı üzərindən paylaşıb:
“Hazırda hisslərimi sözlə ifadə etmək çətindir. Elə an gəlir ki, heç bir futbolçu ondan qaça bilmir. 18 il futbolda ömür keçdikdən sonra böyük xoşbəxtliklə təqaüdə çıxıram. Qələbə qazandığım oyunların videolarına baxanda anlayıram ki, çox gözəl anlar yaşamışam. Bu da son. Necə bir səyahət! Təşəkkürlər…”, – Hummels dərc edib.
Mats Hummels Almaniya nəhəngi “Bayern”in yetirməsidir. Alman müdafiəçi 2008-2016-cı illərdə “Borussiya”da çıxış edib, daha sonra “Bayern”də 3 il keçirərək 2019-cu ildə yenidən Dortmunda qayıdıb. Ümumiyyərtlə, Hummels daha öncə yalnız bu iki Almaniya nəhənginin heyətində çıxış edib. 2024-cü ilin yayında Dortmund “Borussiya”sından azad agent qismində ayrılmış Hummels sentyabr ayında “Roma” ilə 1 illik müqavilə bağlayıb.
Hummels Roma üçün 18 oyuna 1 qolla fərqlənib.
Mats Hummels 2010-cu ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 78 oyun keçirib, 5 qol vurb, 7 məhsuldar ötürmə verib. O, ölkəsinin millisi ilə 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub.
36 yaşlı Hummels 6 dəfə Almaniya çempionluğunu (dördü “Bayern”lə, ikisi “Borussiya” ilə) və Almaniya Super Kubokunu (üçü “Bayern”lə, üçü “Borussiya” ilə), 4 dəfə Almaniya Kubokunu (ikisi “Bayern”lə, ikisi “Borussiya” ilə) qazanıb.