Təsəvvür edin ki, iki gün sonra iş müsahibəsinə gedəcəksiniz və hər şey qaydasında olsa, yeni işə başlayacaqsınız. Belə bir vəziyyətlə qarşılaşsanız, panikaya düşməyin və stres keçirməyin.
Valyuta.az olaraq bu yazıda iş müsahibəsindən əvvəl etməli olduğunuz əsas şeylərdən bəhs edəcəyik.
Son imtahana hazırlaşırmış kimi hazırlaşın
İş müsahibəsinə çağırıldıqda, müraciət etdiyiniz şirkət haqqında mümkün qədər çox məlumat toplamağa çalışın. Şirkətin veb saytını, işçilərin profillərini, şirkət haqqında yayımlanan məlumatları və sektorundakı rəqibləri araşdırın.
Əgər müsahibə zamanı peşə biliklərinizdən danışılacaqsa, mütləq qeyd etməli olduğunuz məqamları əvvəlcədən yazıb öyrənin. "Bunu mütləq deməliyəm, bunu qeyd etməyi unutmamalıyam" dediyiniz məqamları qeyd edib hazırlaşmanız faydalı olacaq.
Ehtimal olunan suallara hazırlaşın
İş müsahibələrində sahədən asılı olmayaraq tez-tez verilən standart suallar var. Bu suallara ən uyğun cavablarınızı əvvəlcədən hazırlayın. Həmçinin, müraciət etdiyiniz sahəyə uyğun olaraq sizə verilə biləcək sualları da araşdırın.
Oxşar şirkətlərdə (və ya eyni şirkətdə) sizin müraciət etdiyiniz vəzifədə çalışan insanlarla əlaqə saxlayaraq, müsahibədə verilən suallar barədə məlumat əldə edə bilərsiniz.
Verilməsi ehtimal olunan suallara yazılı cavablar hazırlayın və onları səsli şəkildə oxuyun. Həmçinin, müsahibəni aparan şəxsə vermək istədiyiniz sualları da əvvəlcədən qeyd edin və görüş zamanı uyğun anda soruşun.
Təcrübə və bacarıqlarınızı gözdən keçirin
İş elanında, müraciət edən şəxslərdə hansı xüsusiyyətlərin tələb olunduğu ətraflı şəkildə qeyd olunur.
Sizin təcrübə və bacarıqlarınızın bu tələblərlə necə uyğunlaşdığını müəyyənləşdirmək üçün düşünün və bu əlaqəni necə daha yaxşı izah edəcəyinizi öyrənin.
Əgər elanda müəyyən bir təcrübə və ya bacarıq tələb olunursa, lakin sizdə tam yoxdursa, yenə də uyğun namizəd olduğunuzu və bu sahədə inkişaf etməyə açıq olduğunuzu bildirin. Məsələn, elan "X sahəsində ən az 5 il təcrübə" tələb edirsə, lakin sizin bu sahədə 3 illik təcrübəniz varsa, bu müddətdə qazandığınız bilik və bacarıqların 5 ilə bərabər olduğunu sübut etməyə çalışın.
Yaxşı dincəlin
Müsahibədən bir gecə əvvəl yaxşı yatın və səhər özünüzü enerjili hiss edin. Yatmazdan əvvəl iş müsahibəsini zehninizdə canlandırın.
Ağır olmayan, mümkün qədər soğan və sarımsaq tərkibli olmayan yüngül bir yemək yeyin. Boş mədəyə getməyin, çünki qan şəkərinizin düşməsi əhvalınızı və performansınızı mənfi təsir edə bilər.
Əgər görüşdən əvvəl özünüzdə stress hiss edirsinizsə, sizi sakitləşdirən bir şey edin. Meditasiya, ibadət, dua etmək və ya musiqi dinləmək faydalı ola bilər.
Müsahibəyə uyğun geyinin
İş görüşməsinə gedərkən həddindən artıq parlaq və diqqətçəkən geyimlərdən çəkinin. Qadınlar və kişilər üçün tünd mavi və ya qara kostyum ideal seçim ola bilər. "Smart casual" üslubu həm rəsmi, həm də rahat görünüş üçün uyğundur.
Əgər nə geyinəcəyinizə qərar verə bilmirsinizsə, şirkətə zəng edərək bu barədə soruşa bilərsiniz. Əgər uyğun geyiminiz yoxdursa, yeni bir kostyum ala və ya dostunuzdan müvəqqəti olaraq geyim götürə bilərsiniz.
Özgüvənli olun
Güclü əl sıxma, dik duruş və uyğun bədən dili insanlarda müsbət təəssürat yaradır.
Müsahibəyə girməzdən əvvəl, sanki artıq işi əldə etmədiyinizi düşünün. Bu bir qədər qəribə səslənsə də, bu görüşdən maksimum dərəcədə öyrənməyə çalışın. Yəni, əgər bu görüş istədiyiniz kimi keçməsə belə, növbəti müsahibəniz üçün dəyərli təcrübə qazanacağınızı unutmayın.
Hazırlıqlı olun
Əgər iş görüşməsinə CV aparmalısınızsa, bunu son dəqiqəyə saxlamayın. Əgər portfolionuzu təqdim etməli olacaqsınızsa, iş nümunələrinizi həm USB yaddaşda saxlayın, həm də Google Drive kimi bulud platformasına yükləyin. Beləliklə, texniki problem yaranarsa, alternativiniz olacaq.
Görüş yerinə necə gedəcəyinizi əvvəlcədən planlaşdırın. Əgər maşınla gedəcəksinizsə, ən uyğun marşrutu, tıxac vəziyyətini və hava şəraitini yoxlayın. Əgər ictimai nəqliyyatdan istifadə edəcəksinizsə, alternativ yolları və nəqliyyat vasitələrini əvvəlcədən müəyyən edin.
Müsahibə sonrası prosesi izləyin
İş görüşməsində verdiyiniz cavablar və soruşduğunuz suallar bu işi nə qədər istədiyinizi göstərəcək. Buna görə, sadəcə suallara cavab verən deyil, aktiv iştirak edən biri olun.
Görüşün əvvəlində edilən ümumi söhbətlərə (havanın necə olduğu, günün necə keçdiyi və s.) siz də qoşulun. Bu cür söhbətlər sizi rahatlaşdırmaq üçündür və faydalıdır.
Müsahibə bitdikdə, müsahibəni aparan şəxslə əl sıxaraq təşəkkür edin və ən qısa zamanda yenidən görüşmək istədiyinizi bildirin.
Əgər işə qəbul edilmədiyinizi öyrənsəniz, ruhdan düşməyin. Həmin işə və şirkətə marağınız davam edirsə, müsahibəni keçirən şəxslərdən hansı sahələrdə özünüzü inkişaf etdirməli olduğunuzu soruşun. Bu, sizə gələcək iş axtarışlarınız üçün dəyərli məlumat verəcək.
Davud / Valyuta.Az / SƏHƏR OXUSU