AZ

İstanbulun 572 illik əzəməti: Taksimdən Ayasofyaya uzanan yol - REPORTAJ

Tarixboyu İstanbul təkcə şair və yazıçıların yox, hətta hökmdarların da vəsf etdiyi bir məkan olub. Fransa imperatoru Napoleon Bonapart hesab edirdi ki, dünyada sadəcə bir dövlət olsaydı, onun paytaxtı mütləq İstanbul olardı...

Bu şəhər haqqında çəkilmiş onlarla film, yazılmış yüzlərlə misra olsa da, çoxları hələ də onun cazibəsi qarşısında sözlərin yetərli olmadığını düşünürlər. Yəqin, elə bu səbəbdəndir ki, İstanbul haqqında ən sentimental şeirləri oxuyanda belə həmişə nəyinsə natamam olduğu hissinə qapılmışam. Ancaq bu hissi yox etmək, yəni İstanbulu tamamilə duymaq üçün bir fürsət yarandı. Belə ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Turizm Təşviqat və İnkişaf Agentliyinin təşkilatçılığı ilə “Go Türkiye” proqramı çərçivəsində çoxdan baş tutmalı olan görüşümüzü reallaşdırmaq imkanım oldu.

Dördgünlük mediatur gündəliyimizin əsasında İstanbul və Bursanın tarixi məkanlarını gəzmək, eləcə də Azərbaycan və Özbəkistandan olan media nümayəndələrini bu yerlərdə Türkiyənin Ramazan adətləri ilə tanış etmək dayanırdı. Bu çərçivədə səfərimizin başlanğıc nöqtəsi məşhur Taksim meydanı oldu. Bəyoğlu rayonunda yerləşən və şəhərin ən hərəkətli nöqtəsi olan bu yer tarixi və mədəni baxımdan böyük əhəmiyyətə malikdir. Belə ki, bələdçimiz Can Gəncərin sözlərinə görə, bura Osmanlı dövründə su paylama mərkəzi olaraq tanınıb. Hazırda isə toplaşma, şənlik və etiraz aksiyalarının məkanı kimi tanınır.

Taksim həm də İstiqlal prospektinə açılan qapı rolunda çıxış edir. Buradan keçən nostalji tramvay xətti, tarixi binalar, mağazalar, kafelər və incəsənət qalereyaları göz oxşayır. 1928-ci ildə cümhuriyyət qurucularının şərəfinə ucaldılan Cümhuriyyət abidəsi isə Taksim meydanına xüsusi rəng və məna qatır. Əksəriyyətin görüş nöqtəsinə çevirdiyi, turistlərin isə şəkil çəkdirmədən ötüb keçmədiyi abidənin bir tərəfi Qurtuluş Savaşını, digər tərəfi isə Türkiyə Cümhuriyyətini təmsil edir. Şimal hissədə Mustafa Kamal əsgərlərin yanında dayanmış şəkildə təsvir edildiyi halda, digər tərəfdə İsmət İnönü və Fevzi Çakmakla birlikdə mülki geyimdə, amma əsgərlər və xalqla birlikdə canlandırılıb.

Abidənin tam qarşısında yeni inşa olunmuş Taksim məscidi ucalır. Maraqlı faktlardan biri də odur ki, bura uzun illər məscidi olmayan nadir böyük meydanlardandır. Burada məscid tikilməsi ideyası ilk dəfə ötən əsrin ikinci yarısında ortaya atılıb. Ancaq ideyanın həyata keçirilməsi 50 ilə yaxın vaxt alıb və layihənin icrasına rəsmi şəkildə 2017-ci ildə başlanılıb. 2021-ci ildə isə Prezident Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə ibadət üçün açılıb və meydanın yeni simvollarından birinə çevrilib.

Məscidin hər birinin hündürlüyü 61 metr olan iki minarəsi var. Arxitekturasında ənənəvi və müasir elementləri özündə birləşdirən ibadət evinin əsas günbəzi klassik Osmanlı məscidlərindən ilhamlanaraq hazırlanıb. Dörd min nəfərlik tutumu olan məscidin interyerində də ənənəvi naxışlar dərhal diqqət çəkir.

Bələdçimiz bildirir ki, məsciddə təkcə ibadət yox, həm də sosial və mədəni fəaliyyətlərlə məşğul olmaq üçün yerlər var. Belə ki, aşağı mərtəbədə kitabxana, sərgi sahələri və konfrans zalı yerləşir, ancaq əksəriyyət buraya ibadət üçün üz tutur. Özbəkistanlı həmkarlarımız da axşam namazını burada qıldıqdan sonra birlikdə iftara yollanırıq.

Türkiyə mətbəxinin əvəzsiz Ramazan şirniyyatı olan güllaçın dadına baxma imkanı tapırıq. Can Gəncər bildirir ki, güllaç Osmanlı mətbəxindən günümüzə qədər gəlib çatan, iftar süfrələrinin bəzəyi olan ən yüngül və ənənəvi şirniyyatlardan sadəcə biridir. Desertin məhz Ramazan ayında daha çox tələb görmə səbəbi isə həzmi asanlaşdırmasıdır. Nazik xəmir yarpaqlarını süd və şəkərlə isladıb, daha sonra içərisinə qoz əlavə edib üst-üstə düzərək hazırlanan və sonda üzərinə nar dənələri, qoz, püstə əlavə edərək bəzədilən bu şirniyyatı daddıqda insan, doğrudan da, özünü fərah rahat hiss edir. Elə bu rahatlıqla da günümüz yekunlaşır.

Səfərimizin ikinci gününə isə Pyer Loti təpəsindən başlayırıq. Həm teleferiklə, həm də piyada qalxmağın mümkün olduğu bu məkan adını məşhur fransız yazıçı Pyer Lotidən alıb. Məlumata görə, İstanbula tez-tez gələn və şəhərə heyran qalan yazıçı xüsusilə bu təpədə vaxt keçirərmiş. Hətta onun Saloniki və İstanbulda xidmətdə olarkən 18 yaşlı çərkəz qızla eşq yaşayan ingilis zabitin gizli sevgi hekayəsindən bəhs edən “Aziyade” adlı romanını da burada yazdığı deyilir.

Eyüpsultan səmtində yerləşən təpə ziyarətçilərə İstanbulun ən gözəl mənzərələrindən birini izləmək imkanı verməklə yanaşı, təmiz havası, Osmanlı dövrü üslubu, pişikləri və digər zərif detalları ilə unudulmaz bir atmosfer təqdim edir.

Şəhərin rəngli mənzərəsini buradan seyr etdikdən sonra isə həm həmkarlarımızın zöhr namazını qılması, həm də Osmanlı dövrünün günümüzə gəlib çatmış müqəddəs incilərindən birini görmək üçün Eyüpsultan məscidinə yollanırıq. Eyüpsultan İstanbulun fəthindən beş il sonra, 1458-ci ildə Fateh Sultan Mehmetin göstərişi ilə tikilmiş ilk böyük Osmanlı məscididir. Ancaq məscidin tarixi əhəmiyyəti bununla yekunlaşmır. Can Gəncərin verdiyi məlumata əsasən, Osmanlı sultanları taxta çıxmazdan əvvəl qılınc bağlama mərasimini Eyüpsultan məscidində keçirərmişlər. Bu, Osmanlı İmperiyasında sultanın hakimiyyətini elan etdiyi mühüm bir mərasim olub.

Bütövlükdə Eyüpsultan türbə və məscid olmaqla iki hissəyə ayrılır. Türbə ilə bağlı tarixən Osmanlı İmperiyasında yeni doğulan körpələri buraya gətirmək və onlara ad qoymazdan əvvəl burada dua etmək ənənəsi olub. Bu ənənə müasir dövrdə də bəzi ailələr tərəfindən davam etdirilir. Türbənin içərisində isə peyğəmbərin ən yaxın səhabələrindən biri olmuş Əbu Əyyub əl-Ənsari yatır. O, İstanbulun ilk mühasirəsi zamanı (7-ci əsrdə) burada şəhid olub. Məkan insanlar tərəfindən çox müqəddəsləşdirildiyinə görə, həm əsas ziyarət nöqtələrindən birinə çevrilib, həm də sonralar onun həyətində Osmanlı şeyxülislamları və dövlət xadimləri dəfn olunublar. Ona görə də ərazi Osmanlı dövründə ən müqəddəs qəbiristanlıqlardan biri sayılırmış.

Məscid təbii fəlakətlər səbəbilə bir neçə dəfə dağılsa da, sonralar bərpa olunub. Hətta sultan III Səlimin dövründə XVIII əsr memarlığı əsasında yenidən inşa edilib, yəni hazırkı tikili özündə ilk versiyasını əks etdirmir. Məscidlə bağı ən önəmli ənənələrdən biri isə insanların Həcc və Ümrəyə getməzdən əvvəl buranı ziyarət etmələridir. Əslində, məscidin interyerinin özünəməxsusluğunu, incə naxışlarını və gözalıcı mavi işıqlı çilçıraqlarını gördükdə insanların hüzuru ilk burada tapmaq istəmələri heç də təəccüb doğurmur.

Buradakı mistik auranı özümüzlə daşıyaraq yollandığımız digər məkan isə Ayasofya Tarix və Təcrübə Muzeyi oldu. Burada bələdçimiz Ayasofyanın sehrinə qapılmadan əvvəl muzey barədə bizi hərtərəfli məlumatlandıraraq bunun daha hazırlıqlı olmağımıza kömək edəcəyini əminliklə vurğulayırdı. Çünki bura Ayasofyanın təxminən 1500 illik tarixini müasir texnologiyalarla ziyarətçilərə çatdıran yenilikçi bir muzeydir.

Girişdə muzey əməkdaşları 20-dən çox dildə hazırlanmış tərcümə aparatlarını istənilən dildə təqdim edir. Gördüklərimə əsasən, muzey ümumilikdə 13 salonda Ayasofyanın müxtəlif dövrlərini ziyarətçilərə çatdırır. İlk dövr Roma imperiyası zamanını əhatə edir və burada Ayasofyanın ilk tikildiyi vaxta aid məlumatlar təqdim olunur. Daha sonra Osmanlı dövrü, İstanbulun fəthindən sonra onun məscidə çevrilməsi və bu proses zamanı baş verən dəyişikliklər izah edilir. Həmçinin, Ayasofyanın muzey kimi fəaliyyət göstərdiyi illərdən bəhs edən sərgilərin yer aldığı muzey dövrü və Ayasofyanın yenidən ibadət üçün açıldığı dövrə aid məlumatların əks olunduğu məscidin yenidən açılış dövrü mövcuddur.

Hər bölmə, xüsusilə də Osmanlı dövrü proyeksiyaya əsaslanan vizual və audio təqdimatlarla ziyarətçilərə o qədər heyranedici şəkildə ötürülür ki, insan bir anlıq özünü həmin dövrdəymiş kimi hiss edir. Bilmirəm, bəlkə, türk qanı daşıdığım üçün bu hissləri keçirdim, ancaq hesab edirəm ki, İstanbula gedən hər kəsin baş çəkməli olduğu yerlərdən biri də məhz bu muzeydir. Çünki Ayasofya məscidində olarkən beyninizdə həmin hadisələrin canlanması, qulağınızda o səslərin cingildəməsi sanki sənət və səltənət nümunəsinin içinizə hopmasına daha çox kömək edir. Yəqin ona görə Ayasofyaya daxil olan kimi, özümü bir anlıq kitablardan oxuyub öyrəndiyim o tarixin içərisində, geniş şəkildə qollarını açmış qədim ruhun tükürpədici nəfəsini hiss edəcək qədər yaxınında tapıram.

Burada çilçıraqların ahəngdarlığı isə insana tanrı ilə düşüncələri arasındakı maneəsiz yol kimi görünür. Ayasofyanın saf və qədim enerjisi sizə itirdiyiniz, bəlkə də, daxilinizdə gizlətdiyiniz duyğularınızla görüşmə imkanı verir. 1500 illik tarixi olan Allahın bu evində ümidlərinizlə bağlı dua etməyi özünüzə bir öhdəlik kimi görürsünüz, çünki inanmaq istəyirsiniz, ya da inanırsınız ki, burada Allaha bir addım daha yaxınsınız və o sizi mütləq eşidəcək. Ən azından, məndə belə oldu və ilk dəfə əsrlərə sinə gərən dini bir məkanda dua etmə ehtiyacı duydum.

İçəridə nəhəng xəttatlıq lövhələrində Allahın, Məhəmməd peyğəmbərin, dörd xəlifə və sonuncu xəlifə Əlinin oğlanları Həsənlə Hüseynin adları yazılıb. Bununla belə, İsa, Məryəm, Cəbrayıl və mələklər təsvir olunan xristianlıq dövrünə aid mozaikalar da qorunub saxlanılır. Yəni burada siz dinlərin mübarizəsini yox, birliyi, vahidliyi tapırsınız.

Fikrimcə, Ayasofya haqqında yazılası, diqqət çəkiləsi bir şey qalıbsa, o da ancaq bizlərə ötürdüyü tamlıq hissidir. Ona görə də İstanbula gələnlərə Ayasofyanı səfərlərinin ən sonunda ziyarət etməyi tövsiyə edərdim. Çünki bu məkanın təsirini üzərindən atmaq üçün insanın əlavə bir günə ehtiyacı olur. Yəni başqa bir məkanın gözəlliyi Ayasofyanın səbəb olduğu hissləri yox etmə iqtidarına çox da sahib olmur...

Seçilən
25
1
report.az

5Mənbələr