“Azərbaycan Avropa qitəsinə yalnız xam neft ilə deyil, artıq 2020-ci ilin sonuncu günündən etibarən öz mavi qazı ilə çıxır. Azərbaycanın mavi qaz ixrac etdiyi 12 ölkədən 10-u Avropa qitəsində yerləşir”.
Bunu hafta.az-a Milli Məclisisn deputatı Vüqar Bayramov bildirib.
Deputat qeyd edib ki, Azərbaycan regionun, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin formalaşmasında yeni alternativ mənbədir. Onun sözlərinə görə, getdikcə Azərbaycanın mavi qaz hasilatının artması müşahidə olunur.
“2024-cü ildə Azərbaycan tarixində ilk dəfə mavi qaz hasilatı 50 milyard kub metrdən çox oldu. Onun əhəmiyyətli hissəsi Avropa bazarına ixrac olunur. Cənub Qaz Dəhlizi üzrə həm Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü görüşünü keçirməsi Azəbaycanın regionun enerji təhlükəsizliyindəki rolunun xarakterini göstərən faktorlardan biridir. Xüsusən də enerji əməkdaşlığının genişləndirilməsi baxımından yeni imkanlar kimi xarakterizə olunur. Nəticə etibarilə burda həm görülən işlər, həm də perspektiv olaraq həyata keçiriləcək layihələr reallaşıb, müzakirə olunub. Nəzərə alsaq ki, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsi ilə, həm də daxili şəbəkələrdən istifadə etməklə Avropada daha çox ölkələrə mavi qaz nəql edir. Xüsusən də Yunanıstan-Bolqarıstan interkonnektorunun istifadəyə verilməsi Azərbaycan mavi qazının daha çox ölkələrə çatdırılmasına imkan yaratdı. Sonuncu görüşdə həm imkanların müzakirə olunması, görülən işləri qiymətləndirməsi baxımından çox vacibdir. Bu da nəticə etibarilə Azərbaycanın regionun enerji təhlükəsizliyindəki rolu növbəti dövrlərdə daha da güclənəcək”.