"Aprelin 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları Azərbaycanın enerji siyasətində mühüm strateji mərhələdir. Bu tədbirlər Azərbaycanın həm ənənəvi enerji resurslarının, həm də yaşıl enerjinin beynəlxalq bazarlara çıxarılmasında oynadığı önəmli rolu bir daha nümayiş etdirir". Bunu hafta.az-a siyasi ekspert Bəhruz Quliyev deyib.
O qeyd edib ki, uzun illərdir ki, müxtəlif tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bu layihənin geosiyasi və geoiqtisadi əhəmiyyətinə toxunaraq, Cənub Qaz Dəhlizinin yalnız iqtisadi deyil, eyni zamanda siyasi sabitliyə və əməkdaşlığa xidmət edən bir platforma olduğunu vurğulamışdır. Məsələn, Prezident İlham Əliyev 2023-cü ildə keçirilən 9-cu Məşvərət Şurasında demişdi ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyini təmin edən mühüm layihədir və biz bu əməkdaşlığı genişləndirməkdə maraqlıyıq. Bu, təkcə enerji layihəsi deyil, həm də ölkələr arasında strateji tərəfdaşlıq münasibətlərinin göstəricisidir.
B.Quliyev bildirib ki, bu gün keçirilən iclaslar Azərbaycanın enerji sahəsindəki çoxşaxəli strategiyasının tərkib hissəsidir.
“Cənub Qaz Dəhlizi artıq Avropaya qaz nəqlini təmin etməklə enerji təhlükəsizliyinə töhfə verir. Yaşıl Enerji Məşvərət Şurası isə Azərbaycanın bərpa olunan enerji potensialını dünya gündəminə gətirir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində yaşıl enerji zonalarının yaradılması və Xəzər dənizində külək enerjisi potensialının reallaşdırılması, Azərbaycanın yaşıl enerji ixracatçısına çevrilməsi istiqamətində atdığı konkret addımlardır. Prezident İlham Əliyevin vurğuladığı kimi, -Azərbaycan bərpa olunan enerji sahəsində regional liderə çevrilmək əzmindədir və biz tərəfdaşlarla bu sahədə sıx əməkdaşlıq edirik”.
B.Quliyev hesab edir ki, bu gün keçirilən iclaslar Azərbaycanın enerji diplomatiyasının davamlılığını və çevikliyini nümayiş etdirir. Ölkə həm ənənəvi, həm də alternativ enerji mənbələri ilə etibarlı tərəfdaş imicini möhkəmləndirir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağa davam edir. Eyni zamanda, siyasi, diplomatik əlaqələrin güclənməsinə də ciddi töhfələr verir.