“Rossotrudniçestvo” Ermənistanın bir sıra şəhərlərində Rus Evinin əlaqə və məlumat mərkəzlərini açmağı planlaşdırır.
Herbiand.az xəbər verir ki, bu barədə “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov Sputnik Ermənistanın multimedia mətbuat mərkəzi ilə onlayn konfransda bildirib.
"Bizim İrəvan və Gümrüdə filiallarımız var. Biz Vanadzor, İcevan, Kapanda əlaqə məlumat mərkəzlərinin açılması üzərində işləyirik. Bunun üçün Xarici İşlər Nazirliyi ilə koordinasiya lazımdır".
Onun sözlərinə görə, hər il Ermənistandan 280 gənc Rusiyaya təhsil almağa gedir, ən populyar peşə isə həkimlikdir.
Primakov İrəvandakı Rus Evinin işini yüksək qiymətləndirərək, “Rossotrudniçestvo”nun respublikadakı nümayəndəliyinin fantastik layihələr həyata keçirdiyini qeyd edib.
Yada salaq ki, 2024-cü ilin dekabrında Vanadzorda “Rus evi” məktəbdənkənar təhsil mərkəzi açılıb.