AZ

İran nüvə sınağı keçirib? – Açıqlama

Son günlər İranda baş verən seysmik hadisə ətrafında yayılan fərziyyələr geniş ictimaiyyətin və beynəlxalq müşahidəçilərin diqqətini çəkib. Sosial şəbəkələrdə və bəzi alternativ informasiya resurslarında iddia olunur ki, Fars və Buşehr ostanlarında qeydə alınan zəlzələ əslində yeraltı nüvə sınağının nəticəsidir. Bu sensasion iddianın arxasında bir sıra faktlar dayanır. İran dünyada ən seysmik aktiv ölkələrdən biri sayılır. Təbii fəlakətlər, xüsusən zəlzələlər, bu ölkənin tarixində minlərlə insanın həyatına son qoyub və şəhərləri dağıdıb. Təkcə son 20 ildə Bam, Təbriz, Kermanşah və Xoy bölgələrində baş vermiş dağıdıcı zəlzələlər bunu sübut edir. Fars və Buşehr ostanlarına gəldikdə isə, bu ərazilər İranın cənub-qərbində yerləşir və qədimdən bəri seysmik risk zonasına daxildir. Buşehr vilayəti, Ərəbistan lövhəsi ilə İran platosu arasında yerləşən tektonik sərhəddədir. Bu bölgədə illik olaraq orta və zəif güclü zəlzələlər mütəmadi qeydə alınır. Yəni seysmik aktivlik baxımından bu bölgədə zəlzələnin baş verməsi təbii və gözlənilən haldır”.
NOCOMMENT.az xəbər verir ki, bu fikirləri Bakupost.az -a politoloq Elçin Alıoğlu deyib.
Onun sözlərinə görə, “Buşehr və Fars ostanlarında nüvə obyektləri varmı” sualının cavabı qəti və birmənalı şəkildə “bəli”dir:
Bakupost.az
“Buşehr vilayəti İranın ilk və yeganə işlək nüvə elektrik stansiyasının yerləşdiyi regiondur. Buşehr Nüvə Elektrik Stansiyası 2011-ci ildə Rusiya Federasiyasının köməkliyi ilə istifadəyə verilib və hazırda İranın elektrik enerjisi istehsalının bir hissəsini təmin edir. Stansiya sahil ərazisində, seysmik zonada yerləşsə də, İran rəsmiləri onun seysmik davamlılıq və təhlükəsizlik baxımından müasir standartlara uyğun olduğunu bildiriblər. İddia edilir ki, bu dəfəki seysmik hadisə zəlzələdən çox, yeraltı nüvə sınağını xatırladır. Belə fərziyyələr əsasən aşağıdakı müşahidələrə əsaslanır. Zəlzələnin episentrinin dərinliyi çox dayazdır. Yeraltı nüvə sınaqları da adətən bu dərinlikdə baş verir. Zəlzələdən əvvəl və sonra qeyri-adi akustik dalğalar və vibrasiya müşahidə edildiyi bildirilir”.
Ekspertin sözlərinə görə, İranın rəsmi dairələri hadisə ilə bağlı ilkin məlumatları yaymaqda gecikib və onun şiddəti ilə bağlı ziddiyyətli rəqəmlər açıqlanıb:
“Bununla belə, nüvə sınaqları ilə təbii zəlzələlər arasında bir sıra mühüm fərqlər var. Nüvə sınaqları zamanı ortaya çıxan seysmik dalğalar daha qəfil və “şokvari” xarakter daşıyır, P və S dalğalarının nisbəti isə adi zəlzələlərdən fərqlənir. Bu fərqlər müasir seysmoloji avadanlıqlar vasitəsilə dəqiq ayırd edilə bilir”.
Politoloq qeyd edib ki, hazırda İranda baş verən seysmik hadisənin nüvə sınağı olduğu barədə irəli sürülən iddialar sübut olunmamış fərziyyələrdir:
“Belə fərziyyələrin yayılması İranın nüvə proqramı ətrafında mövcud olan geosiyasi gərginlik fonunda başa düşüləndir, lakin elmi və texniki sübutlar olmadan bu iddialar yalnız spekulyativ xarakter daşıyır. Buna baxmayaraq, İranın seysmik zonada yerləşən nüvə infrastrukturu, beynəlxalq müşahidə mexanizmlərinin məhdudlaşdırılması, eləcə də regionda artan hərbi-siyasi risklər bu mövzunun ciddi nəzarət və monitorinq tələb etdiyini göstərir. Əgər bu tip iddialar təkrar-təkrar ortaya çıxarsa və ciddi sübutlarla müşayiət olunarsa, bu, regionda təhlükəsizlik balansını köklü şəkildə poza bilər. Hazırda isə bu hadisə təbii seysmik aktivlik çərçivəsində qiymətləndirilməlidir”.
Seçilən
57
nocomment.az

1Mənbələr