Ramazan ayının başa çatması ilə toy mərasimlərinin sayı kəskin şəkildə artıb. Hazırda bir çox ailə Məhərrəmlik ayı başlamazdan öncə toylarını keçirməyə tələsir. Qeyd edək ki, bu il Məhərrəm ayı 26 iyunda daxil olur, 14 avqust isə İmam Hüseynin (ə) şəhadətinin qırxıncı günüdür.
Bu səbəbdən də aprel may və iyun aylarında şadlıq saraylarına olan tələbat xeyli artıb. Bəs Bakıda hazırda şadlıq saraylarında qiymətlər nə qədərdir və bu qiymətlərə necə formalaşır?
Operativ Media xəbər verir ki, sahibkarların sözlərinə görə, hazırda şadlıq saraylarına təlabat kifayət qədər çoxdur.
Bəs qiymətlər necədir?
İqtisadçı Xalid Kərimli bildirib ki, şadlıq saraylarında qiymətləri bazar özü tənzimləyir: “Bu sahədə hər hansı dövlət müdaxiləsi və ya qiymətə nəzarət mexanizmi mövcud deyil və belə bir addım da məqsədəuyğun sayılmır. Hazırda Bakıda fəaliyyət göstərən çoxsaylı şadlıq sarayları mövcuddur. Ramazan ayının başa çatması və Məhərrəmlik ayının yaxınlaşması ilə əlaqədar olaraq bir çox ailə toylarını bu aylara salmağa tələsir. Mövsümi canlanma nəticəsində isə şadlıq saraylarına olan tələbat əhəmiyyətli dərəcədə artıb. Bu da təbii olaraq qiymətlərin yüksəlməsinə təsir göstərir.
Vətəndaşlar toy məkanı seçərkən müxtəlif təklifləri müqayisə edir, həm büdcələrinə uyğun, həm də keyfiyyət baxımından qaneedici olan məkanları tapmağa çalışırlar. Necə ki tur paketləri və ya digər məhsulları alarkən uzun-uzadı araşdırma aparılır, şadlıq sarayı seçimi də eyni yanaşma ilə həyata keçirilir. Tələbat çox olduqda isə sahibkarlar təklif olunan endirimləri minimuma endirirlər, çünki bu aylarda gəlir əldə etmək imkanı daha yüksəkdir”.
Ekspert şadlıq saraylarındakı qiymətlərə təsir edən əsas faktorlara aydınlıq gətirib:
“İlk olaraq sarayın kirayə xərclərini qeyd etmək lazımdır. Bu məkanın yerləşdiyi ərazi və sahəsinə görə dəyişir. Menyuların tərkibinə uyğun olaraq ərzaq qiymətləri baha və ya ucuz ola bilər. Bu birbaşa olaraq qiymətə təsir edir. Eyni zamanda şadlıq saraylarında musiqi, aparıcı, dekorasiya, atəşfəşanlıq kimi xidmətlər qiyməti artıran amillərdən biridir. Adətən saray sahibi bir nəfərlik menyunun dəyərini hesablayaraq ümumi xərci müəyyən edir və sifarişləri bu əsasda qəbul edir. Qiymət təklifləri mövsümə görə də dəyişir. Təlabatın çox olduğu zamanlar (yaz və yay aylarında) qiymətlər nisbətən yüksək olur. Payız və qış aylarında isə endirimli paketlər təklif edilir. Bu da müştəri cəlb etmək məqsədi daşıyır”.
Bakıda yerləşən bəzi məşhur restoranların hazırki menyu qiymətlərini təqdim edirik:
1 |
“Böyük Saray” |
250 AZN |
2 |
"Zaqulba Saray” |
130-200 AZN |
3 |
“Sapfir Saray” |
165 AZN |
4 |
“Ay İşığı” |
100-200 AZN |
5 |
Ağ Saray |
120 AZN |
6 |
Neon Place |
65 AZN |
7 |
“Günay” |
120-170 AZN |
8 |
" Manto Korlo" |
60 – 70 -80 AZN |