AZ

Zəngəzur dəhlizinin açılması türk dövlətləri arasında münasibətlərin dərinləşməsinə yeni imkanlar vəd edir - RƏY

Azərbaycan Türk dövlətləri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda münasibətlərin inkişafına xüsusi önəm verir. Türk dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsi və dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet məsələlərindəndir.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev Türk Dövlətləri Təşkilatının gücləndirilməsi istiqamətində Azərbaycanın ardıcıl siyasəti haqqında danışarkən deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu strategiyanı ADA-da keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda bir daha gündəmə gətirdi:

“Azərbaycanın Zəfərindən sonra Prezident İlham Əliyev ayrı-ayrılıqda türk dövlətlərinə və ya müşahidəçi dövlətə 20-dən çox səfər edib və həmin dövlətlərdən də təxminən dövlət və hökumət başçılarının Azərbaycana çoxsaylı səfəri olub. Bu, ikitərəfli münasibətlərin intensivliyini göstərir".

Deputat vurğulayıb ki, Azərbaycanın xüsusilə, Türkiyə, Qazaxıstan və Özbəkistanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir.

O xatırladıb ki, Qazaxıstanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında dövlətlərarası müqavilə 2005-ci ilin mayında Bakıda imzalanıb və hər iki ölkənin parlamenti tərəfindən ratifikasiya olunub. Türkiyə ilə 2021-ci ilin iyununda imzalanan Şuşa Bəyannaməsi vasitəsilə münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə qaldırılıb. Özbəkistanla isə münasibətlərimizin strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsi 2024-cü ilin avqust ayında dövlətlərarası imzalanan müqavilə vasitəsilə həyata keçirilib.

Rizvan Nəbiyev
Rizvan Nəbiyev

Bundan başqa o, Azərbaycan və Qırğızıstanın dövlət başçılarının 2022-ci ilin aprelində iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sənəd imzaladığına da xatırladıb:

"Bu onu göstərir ki, ikitərəfli müstəvidə türk dövlətləri ilə münasibətlərin inkişafı üçün hüquqi, fundamental baza yaranıb. Çoxtərəfli müstəvidə isə türk dövlətləri arasında münasibətlərin inkişaf etdirilməsi ilə bağlı iki formatı fərqləndirmək lazımdır. Onlardan birincisi Türk Dövlətləri Təşkilatıdır".

Rizvan Nəbiyev Prezident İlham Əliyevin ADA siyasi forumunda çıxışından sitat gətirərək, dövlət başçısının TDT-nin beynəlxalq arenada səsinin eşidilməsi, mövqeyinin möhkəmləndirilməsi üçün kifayət qədər potensial mövcudluğunu, siyasi iradənin ortada olduğunun vurğuladığını deyib.

"Bu istiqamətdə ardıcıl siyasət həyata keçirilir və təkcə burada tarix, coğrafi faktor, əhali, mədəniyyətlər arasında yaxınlıq yeganə faktor deyil. Prezident hərbi faktoru da qeyd etdi, xüsusilə, Türkiyə ordusunun Avropada ən güclü ordu olmasını fəxarətlə vurğuladı. Ölkə başçısı Azərbaycan Ordusunun Qarabağdakı şanlı zəfər nəticəsində qazandığı beynəlxalq nüfuzu, sübut etdiyi döyüş qabiliyyətini, əzmini, rəşadətini də gündəmə gətirdi”, - o deyib.

Türk dövlətləri ilə digər qlobal və regional platformalar, əsasən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın vacibliyinə də toxunan R.Nəbiyev qeyd edib ki, Zəngəzur dəhlizinin açılması ilə türk dövlətləri arasında münasibətlərin dərinləşməsi və intensivləşməsi üçün yeni imkanlar açılacaq:

“Bununla, yeni potensial meydana gələcək. Bu, üçüncü dövlətlərə qarşı yönəlməyib, regionda sülhə, sabitliyə, xalqların rifahına yönəlik bir siyasətdir və qeyd etdiyim kimi, Zəngəzur dəhlizinin açılması ilə biz bu intensivləşmənin şahidi olacaq.

Onu da qeyd edim ki, Azərbaycan və Mərkəzi Asiya dövlətləri strateji əhəmiyyətə malik coğrafi mövqedə yerləşir. Türk dövlətlərinin açıq dənizə və Avropaya çıxışında Azərbaycanın coğrafi mövqeyi, yaratdığı infrastruktur önəmlidir. Azərbaycanın isə Çin və Cənub-Qərbi Asiya ölkələri ilə münasibətlərinin inkişafında Mərkəzi Asiya dövlətlərinin coğrafi mövqeyi və strategiyası önəmli rol oynayır”.

Seçilən
88
report.az

1Mənbələr