AZ

Budanmış İranı kəsmək daha asan olacaq...”

“Azərbaycanla Ermənistan arasında yaxın zamanlarda sülh ortamının yaranacağına ümid etmək sadəlövhlük olardı...”
 
“Trampın yeni gömrük rüsumu düzənləmələrində Rusiya, Kuba və Şimali Koreya kimi ölkələrin yer almaması ABŞ prezidentinin onlara duyduğu hörmətdən qaynaqlanmır...” 
 
“Rəsmi Bakının xüsusilə İsrail ilə yaxın münasibətləri də İranın son çarə kimi Azərbaycana sığınmasını şərtləndirə bilər...”
 
Siyasi şərhçi, Ovqat.com saytının baş redaktoru Heydər Oğuzla Moderator.az üçün geniş söhbətimizdə regional və beynəlxalq gündəmə dair son hadisə və proseslərdən danışdıq.
 
-Heydər bəy, son bir aydan çox müddətdə Ermənistanın bir yandan sülh sazişinin imzalanmasından, həmçinin Türkiyə ilə sərhədləri açmaq, diplomatik münasibətlər yaratmaqdan danışmasından, digər yandan isə Azərbaycanla sərhəddə atəşkəsin pozulması, rəsmi İrəvanın guya hücuma hazırlaşması haqda məlumatlar yayılmasına necə baxırsız? Bəlkə atəşkəsin pozulmasına şərait yaradan iki ölkə arasında sülh yaranmasını istəməyən və hər iki tərəfə nüfuz etmiş Rusiya agenturasıdır?
 
-Azərbaycanla Ermənistan arasında sülh şəraitinin yaranması təkcə Rusiyanın əleyhinə deyil. Bayaq da ifadə etdiyim kimi, ABŞ da bu məsələdə Rusiya ilə həmfikirdir. Eyni zamanda Avropa İttifaqının bəzi aparıcı dövlətləri də bunu istəmirlər. Məsələn, Fransa prezidenti Emmanuel Makron. Ötən il Sarbon universitetində çıxış edən Makron Avropa ölkələrinin ölüm döşəyində olduğunu bildirmişdi. Fikrini isə onunla izah etmişdi ki, Avropa hərbi cəhətdən ABŞ-dan, enerji cəhətdən Rusiyadan, iqtisadi cəhətdən isə Çindən asılıdır. Bu asılılıqlardan xilas olmasa, Avropa ölümə məhkumdur. Təbii ki, belə bir anlayışa sahib olan bir ölkə Avropanın Çindən asılılığını artıran bir projenin baş tutmasına razı ola bilməz. Zəngəzur dəhlizinin açılması Avropada ən çox Şərqi Avropa ölkələrinə sərf edir. Amma bu ölkələrin qlobal proseslərə yön vermək imkanları isə məhduddur. Bu mənada Azərbaycanla Ermənistan arasında yaxın zamanlarda sülh ortamının yaranacağına ümid etmək sadəlövhlük olardı...
 
-Bəzi şərhçilər belə bir versiya irəli sürür ki, guya Tramp nəyin bahasına olursa-olsun, Nobel mükafatı almaq istəyir. Ona görə də Ukraynada uğura nail ola bilməsi çətin olsa da, heç olmasa Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında moderatorluğa nail olmağa çalışır... Bu baxımdan ABŞ-dan həmin istiqamətdə konkret addımlar gözlənilir. Buna münasibətiniz? 
 
-Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması nəticə etibarilə Zəngəzur dəhlizinin açılmasına xidmət edəcək. Zəngəzur dəhlizinin açılması isə daha çox Çinə və Avropa İttifaqına yarayır. Çinlə Avropa arasında inteqrasiyanın ilk növbədə ABŞ-a faydası yoxdur. Əksinə, bu inteqrasiya ABŞ-ın öz dünya hegemoniyasını Çinə təhvil verməsi ilə nəticələnə bilər. Bu mənada Trampın adi bir Nobel sülh mükafatı alması üçün ABŞ-ın öz geo-siyasi üstünlüyündən vaz keçəcəyinə inanmıram...
 
-Trampdan söz düşmüşkən, necə düşünürsüz, onun son vaxtlar başlatdığı iqtisadi addımlara “tarif müharibəsi” demək doğrudurmu? Əgər Rusiya, Şimali Koreya, Kuba kimi avtoritar, diktatura rejimlərinə qarşı bu tarif sanksiyaları tətbiq edilmirsə, bu əslində elə Putinin, Rusiya imperiyasının əlinə oynayan və ilk növbədə ABŞ-ın öz iqtisadiyyatının sarsılmasına yönəldilmiş bir təxribat deyilmi?
 
-Trampın tarif düzənləmələrinin ABŞ-ın və Avropanın maraqlarına zərər vurması bir həqiqətdir. Tramp bu addımı atmaqla, bir növ, idarə etdiyi super gücün imperial maraqlarını baltalayır. Başqa sözlə desək, öz dünya hegemoniyasından imtina edir. Xüsusilə də onun Avropa ölkələrinə tətbiq etdiyi yüksək faizli tarif rüsumları Qərb ölkələrini də zəiflədir. Bununla belə, Trampın yeni gömrük rüsumu düzənləmələrində Rusiya, Kuba və Şimali Koreya kimi ölkələrin yer almaması ABŞ prezidentinin onlara duyduğu hörmətdən qaynaqlanmır. Məsələ burasındadır ki, ABŞ-la həmin ölkələr arasındakı ticarət əlaqələri olduqca zəifdir və əsasən ABŞ onlardan strateji məhsullar alır. Məsələn 2021-ci ilə qədər ABŞ – Rusiya arasında ticarət dövriyyəsi 36 milyard dollar idi. Ukrayna müharibəsi başlayandan sonra bu ticarət əlaqələri durma nöqtəsinə gəldi. 2024-cü ilin statistikasına görə, iki dövlət arasındakı ticarət dövriyyəsi 3.5 milyard dollara geriləmişdi. Yəni hardasa 10 dəfə azalmışdı. Üstəlik, ABŞ Rusiyadan uranium, xüsusi tərkibli kübrə və s. kimi xammallar alır. Bunlara tətbiq edilən gömrük rüsumlarının artırılması ABŞ-da sənayenin bəzi sahələrinin zəifləməsi ilə nəticələnə bilər. Görünür, bu səbəbdən də ABŞ Rusiyanı qara siyahıya salmayıb. O ki qaldı Şimali Koreya və Kubaya, bu ölkələrlə ABŞ arasında hər hansı ticarətin olmasına inanmıram. Olmayan bir şeyə nə rüsum?..
 
-ABŞ prezidentinin Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı gördüyü işlərin sonunu necə görürsüz? Sizcə, burada onun müəyyən bir son məqsədi, konkret planı, strategiyası varmı? Yəni ilk baxışdan belə təəssürat yaranır ki, Ağ Ev bu məsələdə elə kor-koranə hərəkət edir?
 
-Açığı, Trampın öz düşüncələri ilə hərəkət etdiyinə inanmıram. Fikrimcə, ABŞ “dərin dövləti”ndə tarixən iki xətt olub. Onlardan biri qlobalistlər, digəri isə milliyyətçilərdir. Hər iki siyasi cərəyanın arxasında güclü iqtisadi quruluşlar dayanır və bu iqtisadi quruluşlar təkcə ABŞ-da yox, bütün dünyada baş verən iqtisadi proseslərə öz məqsədlərinə uyğun şəkildə yön verirlər. Ukrayna-Rusiya müharibəsinə fərqli yanaşmalar da bu rəqabətdən doğur. Son zamanlaradək qlobalistlər tərəfindən idarə olunan ABŞ öz maraqlarına uyğun şəkildə dünyəvi iqtisadi sistem yaratmışdılar. Bu sistemə uyğun olaraq dünya iqtisadiyyatı vahid bir mərkəzdən idarə olunurdu. Böyük kapitallar qazandıran ağıllı texnologiyaların istehsalı ABŞ-da həyata keçirilir, onun yan sektoru isə müxtəlif ölkələrə paylaşdırılmışdı. Əsasən qlobal finans sektoru onların əlində idi və heç bir əziyyət çəkmədən başqa dövlətlərə kredit verməklə böyük kapital əldə edirdilər. Beləcə, dünyanın rezerv kapitalına çevrilən dollar heç bir maddi qarşılığı olmadan çap olunur və ABŞ-a böyük pullar qazandırırdı. Nəticədə ABŞ-da real iqtisadiyyat çökür, ağır sənaye müəssisələri Çinə, Hindistana və s. ölkələrə köçürülürdü. Beləcə, ABŞ getdikcə iqtisadi böhrana sürüklənir, ölkə qlobal maliyyə qurumlarına borclanırdı. Trampın hakimiyyətə gətirilməsi bu təhlükəni aradan qaldırmağa xidmət edirdi.
 
 2000-ci illərin əvvəlindən Çinin iqtisadi inkişafı və öz cizgisini aşaraq ağıllı texnologiyaların, o cümlədən alternativ enerji ilə çalışan maşınqayırma istehsalına yönəlməsi, Rusiyanın isə Avropanı enerji təchizatı baxımından özündən asılı vəziyyətə salması ABŞ-ın bu planını pozdu. Nəzərə alsaq ki, alternativ enerji mənbələri sayılan kritik mineral rezervlərinin də hardasa 60% Çində yerləşdirdi və bu durum istər-istəməz onunla rəqabəti çətinləşdirirdi. Nəticədə dünya iqtisadiyyatının müasir texnologiya sektoru Çinin, Avropadakı klassik sənaye müəssisələrinin qan damarları isə Rusiyanın nəzarətinə keçirdi. Dünyanın iqtisadi məhvərinin istehsal baxımından Çinə və logistika baxımından Rusiyaya keçəcəyini anlayan ABŞ bu prosesin qarşısını almaq üçün müəyyən addımlar atmağa başladı. İlk işə isə Rusiyadan başladı. Ukrayna-Rusiya savaşı da məhz zərurətdən doğurdu. Məqsəd Rusiyanı tükəndirmə savaşına çəkməklə onu tamamilə bitirmək, ən azı Avropanı onun təsir dairəsindən çıxarmaqdır. Çünki müasir sənayenin  canı enerji təchizatından asılıdır və Avropa sənayesinin rus eneji qaynaqlarına bağlanması qoca qitənin getdikcə müstəqilləşməsinə yol aça bilərdi. Faktiki olaraq Ukrayna savaşı ilə bu iqtisadi inteqrasiyanın önü kəsildi və status-kvonun davamı üçün müharibənin uzun müddət sürdürülməsinə ehtiyac var. Məntiqlə, bu qarşıdurmanın daha effektli tükəndirmə savaşına çevrilməsi üçün konflikt davam etdirilməli və cəbhədə üstünlük gah Ukraynanın, gah da Rusiyanın əlinə keçməlidir. Məsələyə bu aspektdən yanaşanda müharibənin başlarında Rusiyaya qarşı üstünlük əldə etdiyi bir zamanda Ukraynaya silah yardımlarının dayandırılması da bu amillə izah oluna bilər. Təsadüfi deyil ki, cəbhə xəttində üstünlüyün tez-tez yer dəyişməsi son zamanlar savaşın tıxanması ilə nəticələnib və ABŞ-a da bu lazımdır. ABŞ-da hakimiyyətə zaman-zaman Rusiyanın tərəfini tutan Trampın gətirilməsi də bu mənada təəccüblü görünmür. Amma Trampın uzun müddət Rusiyapərəst mövqe sərgiləməsi də savaşın tezliklə bitməsinə yol açar. Məhz bu səbəbdən yaxın zamanlarda Trampın yenidən Ukraynanın tərəfinə keçəcəyini görə bilərik. Şəxsən mən uzun illər boyu ABŞ-ın periodik olaraq tez-tez mövqe dəyişdirəcəyinə inanıram…
 
-Son həftələr ABŞ-İsrail tandemi ilə İran arasındakı gərginliyin artıq savaş həddinə gəlməsi haqda informasiyalara necə yanaşırsız? Hətta bu günlərdə İran ABŞ hərbi bazasına nüvə hücumunu simulyasiya edən video hazırlayıb. Görəsən, bundan sonra hadisələr necə inkişaf edəcək?..
 
-Bilirsiniz ki, hətta ABŞ-ın sabiq prezidenti Co Baydenin hakimiyyəti dövründən etibarən İran mövzusu xüsusi aktuallıq qazanmağa başlamış və bu istiqamətdə bəzi addımlar atılmışdı. Sionizmə yaxınlığı ilə seçilən Donald Trampın hakimiyyətə gəlməsindən sonra isə məsələ daha ciddi şəkildə gündəmə gətirilmişdi. ABŞ-ın 7 ədəd ağır bombardmançı təyyarəsi (“B-52”), həmçinin 2 təyyarə daşıyan gəmisi İranın 3 min km-liyində yerləşən Dieqo-Qarsia adasına göndərilmiş və hərbə hazırlıq komandasına keçilmişdir. 
 
Hind okeanında yaşanan bu aktivlik ABŞ-ın İrana hücuma hazırlığı ilə izah edilir. Bu ehtimalı gücləndirən digər amillər də var. Belə ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp İran dini liderinə təhdidvari məktub yazmış və ondan 2 ay ərzində nüvə proqramını dayandırmağı, orta mənzilli raket istehsalına son qoymağı tələb etmişdi. İran rəsmilərinin məlum tələbə rədd cavabı xeyli sərt olmuşdu. Trampın bu reaksiyaya laqeyd qalacağı inandırıcı görünmür. Əks halda, həm ABŞ-ın beynəlxalq nüfuzuna ciddi zərbə dəyər, həm də İran özünün nüvə silahlarını hazırlayıb toxunulmazlıq qazanar...
 
Məlumdur ki, həmin ilin 7 noyabrında İran tərəfindən dəstəklənən “HƏMAS” öz mütəvazi imkanları ilə İsrailə hücuma keçdi. “Əl-Əqsa tufanı” adlanan bu hücumdan faydalanan İsrail Qəzzanı yerlə yeksan etdi. Ardınca da “Hizbullah”ı və Suriyanı bombaladı. İndi isə ABŞ Yəmənə hava zərbələri endirir. Yəqin ki, yaxın günlərdə Yəmən husiləri də təsirsiz hala gətiriləcək, ondan sonra növbə İrana çatacaq...  
 
Bilirsiz, İrana qarşı müharibə 2 mərhələdə həyata keçirilir. İlk mərhələdə onun qol-budağını kəsirlər. Buna bir növ, budama hərəkatı da demək olar. ABŞ və İsrail cütlüyü ilk növbədə budama hərəkatı ona xidmət edir ki, birdən-birə çox sayda rəqibi qarşısına almasın. Həm də İran kimi geniş qol-budaqlı ağacı kəsmək üçün əvvəl onun yanlara uzanan qollarını budamaq lazımdır. Bu iş tamamlanandan sonra isə növbə ağacın kəsilməsinə gəlir. Fikrimcə, İranın proksi qüvvələrinin zərərsizləşdirilməsi ilə müharibənin 1-ci mərhələsi sonlanacaq. Beləcə, ikinci mərhələ başlanacaq və bu mərhələdə budanmış İranı kəsmək daha asan olacaq...
 
Aprelin 6-7-də İsrail Baş naziri Benyamin Netanyahu Amerikaya səfərdə oldu. Təl-Əvivə yaxın dairələrin iddialarına inansaq, səfər çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşdə ABŞ-ın İsrailə tətbiq etdiyi 17%-lik gömrük rüsumu, Qəzza zolağında saxlanılan İsrailli məhbusların geri qaytarılması, İsrail-Türkiyə münasibətləri, Netanyahunun Beynəlxalq Cinayət Məhkəməsinə verilməsi kimi məsələlərlə yanaşı, İran təhdidi də masaya yatırılıb. Bir çox ekspertlər İran təhdidi məsələsinin əsas prioritet təşkil etdiyinə inanır və bunu İrana planlanan hücumun yaxınlaşması kimi qiymətləndirirlər. Həqiqətən də Trampın Xameneiyə verdiyi 2 ay möhlətin tamamlanmasına çox qalmayıb. Hücumun baş verəcəyi an İranın İsrailə hava zərbələri endirəcəyi düşünülür. Bu zaman isə İsrailin necə müdafiə olunacağını indidən düşünmək və mümkün hücumlara birgə hazırlıq məsələləri müzakirə olunmalıdır. Bu mənada Netanyahunun birdən-birə ABŞ-a səfərə çıxması müharibənin yaxın zamanlarda başlayacağına bir işarə kimi görünür...
 
Ancaq mən  İranın son anda geri addım atacağı  və ABŞ-la yekun razılığa gələcəyini də istisna etmirəm. Artıq sabah - 12 apreldə Omanda dolayı ABŞ-İran danışıqları gözlənildiyi haqda İran xarici işlər naziri  Abbas Ərakçinin sosial şəbəkədə səsləndirdiyi məlumatlar var. ABŞ Prezidenti Donald Tramp isə İsrailin baş naziri Benyamin Netanyahuyla aprelin 7-də  Ağ Evdə keçirdiyi görüşdə şənbə günü İran ilə ABŞ arasında birbaşa danışıqların baş tutacağını iddia edib. Tramp bəyan edib ki, “əgər razılaşma əldə olunmasa, İran böyük təhlükə ilə üzləşəcək”...
 
Sağlam ağıl da İranın ABŞ-a gücü çatmayacağını və 100 faiz qələbə ilə nəticələnməyəcək savaşdan qaçacağını göstərir. Görünür, İran rəsmiləri məhz bu ehtimalı nəzərə alıb ABŞ və İsraillə danışıqlarda Azərbaycanı vasitəçi kimi görmək istəyir. Bəlkə də bu məqsədlə İran prezidenti Azərbaycana səfər etməyi planlaşdırır. Rəsmi Bakının xüsusilə İsrail ilə yaxın münasibətləri də İranın son çarə kimi Azərbaycana sığınmasını şərtləndirə bilər. Bu ehtimalın nə dərəcədə doğru olub-olmadığını İran prezidentinin ölkəmizə səfəri və Bakıda verəcəyi bəyanatlar da təsdiqləyəcək...
 
-Sizcə, İran prezidenti Məsud Pezeşkianın Bakıya səfəri yaxın günlərdə baş tutacaqmı və onun bu səfərdə əsas məqsədi nədir?
 
-Fikrimcə, İran prezidenti Məsud Pezeşkianın çox kritik bir zamanda Azərbaycana səfərinin əsas səbəbi də İran ətrafında yaşanan gərginliklə bağlıdır. Məlumdur ki, İran ABŞ və İsraillə müharibə ərəfəsindədir. ABŞ prezidenti Donald Tramp bu yaxınlarda İran dini rəhbərinə yazdığı məktubda ondan yerinə yetirə bilməyəcəyi güzəştlər tələb etmiş və bunun üçün ona 2 ay zaman vermişdi. Trampın möhləti bu ay bitir. May ayında artıq ABŞ-ın İrana hücumu başlaya bilər. İranın bu perspektivlə üzləşməmək üçün İsrail və ABŞ-la normal münasibətləri olan vasitəçiyə ehtiyacı var. Bu zamanadək İranla ABŞ arasındakı vasitəçiliyi Oman həyata keçirirdi. Amma elə məsələlər var ki, Omanın ərəb kimliyi bu danışıqlarda vasitəçiliyini çətinləşdirir. Ən azı ona görə ki, ərəb xalqları ilə bağlı məsələlərdə əslən ərəb olan Omanın tərəfsiz qalması və müzakirələrə ev sahibliyi etməsi mümkün deyil və bu, ilk növbədə öz əhalisi tərəfindən də xoş qarşılanmaz. Belə bir vəziyyətdə Azərbaycan daha uğurlu vasitəçi təsiri bağışlayır...
 
Sultan Laçın
 
Seçilən
59
1
moderator.az

2Mənbələr