AZ

İstanbulda TDT-yə üzv dövlətlərin parlamentlərarası dostluq qruplarının ilk toplantısı keçiriləcək

Antalya, 11 aprel, Günel Karatepe, AZƏRTAC

Mayın 5 və 6-da İstanbulda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin parlamentlərəarası dostluq qruplarının ilk iclası keçiriləcək. Azərbaycanın da təmsil olunacağı tədbirdə türkdilli dövlətləri maraqlandıran məsələlər, o cümlədən parlamentlərəarası dostluq qruplarının koordinasiyası, gələcəkdə daha səmərəli fəaliyyəti baxımından nəzərdə tutulan planlar kimi məsələlər müzakirə olunacaq. İkinci toplantının Azərbaycanda keçirilməsi nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a müsahibəsində Milli Məclisin Səhiyyə komitəsinin sədri, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov bildirib.

O, qeyd edib ki, tədbirdə TDT-yə üzv dövlətlərin problemləri, o cümlədən Azərbaycanın Qafqazda sülh və sabitliyin bərpası, Ermənistanla sülh üçün göstərdiyi səylər, Qərbi azərbaycanlıların öz vətənlərinə dönmələri məsələlərinin də səsləndirilməsi və həlli yolları ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.

Qərbi Azərbaycan İcmasının fəaliyyəti barədə danışan Əhliman Əmiraslanov qurumun əsas məqsədinin Qərbi azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıtması olduğunu xatırladıb: “Hər kəsə bəlli olduğu kimi, həmvətənlərimiz Qərbi Azərbaycandan bir neçə dəfə deportasiya olunublar. Ən son deportasiya 1988-1991-ci illər arasında baş verib. Mən özüm də o torpaqlarda doğulmuşam və 17 yaşıma qədər orada yaşamışam. Atamın məzarı da oradadır. Bizim Qərbi Azərbaycana qayıtmaq istəyimiz nə ərazi iddiası, nə də müharibədir. İstəyimiz beynəlxalq hüququn verdiyi imkanlar çərçivəsində öz dədə-baba yurdumuza dönməkdir. Bizim evimiz oradadır və aldığım məlumata görə orada yaşayış da yoxdur. Yəni, mənim doğma kəndimdə üç və ya dörd ailənin yaşadığını bilirəm. Evlərimiz dağılıb. Biz evimizə qayıtmaq istəyirik. Ermənistan isə bu məsələyə ərazi iddiası kimi yanaşır. Lakin bu belə deyil, məqsədimiz sadəcə olaraq öz yurd-yuvamıza qayıtmaqdır”.

Seçilən
58
azertag.az

1Mənbələr