AZ

Bu il hansı banklar bağlana bilər? - Açıqlama

 2025-ci ilin birinci rübü üzrə maliyyə hesabatına əsasən, bankların mənfəətində azalma qeydə alınır. Bununla yanaşı, əhali banklarda saxladıqları əmanətləri geri çəkməyə başlayıb. Kiberhücumların artması və kartlardan hər gün pulların oğurlanması, bankların təhlükəsizlik sistemləri ilə bağlı ciddi suallar yaradır. Kiberhücumların və fırıldaqçılıq hallarının artması, bankların daha güclü və etibarlı təhlükəsizlik tədbirləri tətbiq etməsinə ehtiyac olduğunu göstərir. 
Bu barədə Moderator.az-a danışan iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, hazırda Azərbaycanda 22 bank fəaliyyət göstərir və bazar münasibətlərində sağlam rəqabət mövcuddur. Onun fikrincə, rəqabətin olması, iqtisadiyyatın sağlam inkişafına müsbət təsir edir:
“Bununla belə, Mərkəzi Bankın və aidiyyatı qurumların təftiş və qiymətləndirmələrindən sonra bank sektorunda hər hansı bir ciddi problemin mövcud olub-olmaması barədə dəqiq danışmaq mümkündür. Hazırda ictimaiyyət arasında bankların fəaliyyətində ciddi problemlər mövcud deyil. Məsələn, heç bir vətəndaş banka gedib "pulumu götürmək istədim, amma bank pulumu verə bilmədi" kimi şikayət etməyib. Həmçinin, bank xidmətlərində də böyük bir nöqsan və ya problem müşahidə olunmur. Bu, bankların vəziyyətinin stabil olduğunu və hər hansı ciddi bir təhlükənin olmadığını göstərir. Əhali arasında bank xidmətləri ilə bağlı şikayətlərin olmadığı bir dövrdə, sektorun ümumi vəziyyəti stabil olaraq qalır”.
Bankların maliyyə hesabatlarına gəldikdə isə, ekspert birinci rübün nəticələrini təhlil edərək bildirib ki, bu dövr iqtisadiyyat üçün passiv dövr sayılır:
“Yanvar və fevral ayları adətən az aktiv aylardır, çünki bu dövrdə büdcə xərcləri və digər iqtisadi proseslər hələ yeni həyata keçirilməyə başlayır. Buna görə də, yalnız birinci rübdə maliyyə hesabatlarına əsaslanaraq bankların vəziyyəti haqqında ciddi nəticələrə varmaq çətindir. Əsl göstəricilər yalnız iki və ya üç rübdən sonra daha aydın görünə bilər. İlk rüb,  ilin başlanğıcıdır və bu dövr iqtisadi inkişaf və ya tənəzzül barədə tam fikir söyləməyə imkan vermir. Bu səbəbdən, birinci rübün statistik məlumatlarının, bank sektorunun ümumi vəziyyəti ilə bağlı konkret nəticələrə gətirib çıxarmaq olmaz”.
 
Ekspert həmçinin, kartlardan oğurlanan pulların  vətəndaşın özünün səhvindən qaynaqlandığını qeyd edir. O, əksər hallarda vətəndaşların müxtəlif üsullarla aldadılaraq, kart məlumatlarını paylaşdıqlarını və bunun nəticəsində vəsaitlərinin oğurlandığını bildirib.  O, vətəndaşların bəzən özləri bilmədən saxta telefon zənglərinə və ya mesajlara inanaraq, kart məlumatlarını verdiklərini bildirib:
"Bütün sosial şəbəkələrdə, o cümlədən Instagram, WhatsApp və Facebook-da bu cür fırıldaqçılıqların şaxələnmiş şəkildə yayıldığını görürük. Bu şəbəkələrdə insanları aldatmaq üçün müxtəlif yalançı məlumatlar yayılır, məsələn, “lotereya udmusunuz” və ya “xaricdən sizə borc göndərilib” kimi. Təəssüf ki, insanlar bu cür şayiələrə inanır və nəticədə itkilər olur”.
 
Ekspert, şəxsi təcrübəsindən də bəhs edərək, özü və ailəsinin heç vaxt belə hallarda itkiyə uğramadığını qeyd edir. Həmçinin, qurumların mütəmadi olaraq belə məsələlərlə bağlı xəbərdarlıqlar etdiyini, lakin vətəndaşların diqqət yetirmədiyini bildirir. Onun fikrincə, bu cür problemlər banklara olan etibarsızlıq kimi qiymətləndirilməməlidir, çünki əsl səbəb fırıldaqçıların yaydığı yalan məlumatlar və vətəndaşların diqqətsizliyidir.
 “Nağdsız ödənişlərin iqtisadiyyata müsbət təsiri var. Nağdsız ödənişlər iqtisadiyyatı sağlamlaşdırır, çünki nağd alqı-satqı zamanı qiymətlərin daha yüksək olmasının qarşısını alır və istehlakçıları cəlb edir. Məsələn, bir malın qiyməti 1 manat 17 qəpikdirsə və rəqabət əsasında qiymət 3 qəpik aşağı salınıbsa, nağd ödənişdə bu 3 qəpiyi bəzən geri almaq çox çətin olur. Lakin kartla ödəniş edərkən, ilin sonunda belə bir alış-veriş nəticəsində vətəndaşlar müəyyən qənaət əldə edə bilirlər. Məsələn, 100-150 manatlıq bir qənaət, bu dövr ərzində kartla ödənişlərdən hasil ola bilər ki, bu da iqtisadi dövriyyəni daha da sürətləndirir”,- deyə iqtisadçı qeyd edib.
 
Seçilən
53
50
moderator.az

10Mənbələr