AZ

5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bakının Xətai rayonunda ikisi azyaşlı olmaqla 5 nəfər ailə üzvünü qəsdən öldürməkdə təqsirləndirilən Əhməd Əhmədov barəsində təyin olunmuş təkrar komission məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub.

Qərar insanlar arasında ciddi narahatlığa səbəb olub və bir çox suallar yaradıb. Bu qərar belə qətllər törədən şəxsin azadlığa buraxılması anlamına gəlirmi? Onun müalicədən sonra cəmiyyətə qayıtması gerçəkləşə bilərmi?

Məsələ ilə bağlı vəkil Əsabəli Mustafayev Teleqraf.com-a açıqlamasında bildirib ki, qanuna görə şəxs hadisəni, qətli anlaqsız vəziyyətdə həyata keçiribsə, o zaman məsuliyyətdən azad olunur.

“Mən ekpertiza rəyini mübahisə etmək istəmirəm, çünki o səlahiyyətə malik deyiləm. Qanunda da yer aldığı kimi hadisəni anlaqsız vəziyyətdə həyata keçirən şəxs məsuliyyətdən azad edilir. Ancaq bu, həmin şəxsin dərhal azadlığa buraxılması demək deyil. Dövlət onu məcburi müalicəyə göndərir ki, bu da uzun illər davam edə bilər. Təcrübədə belə hallar olub. Anlaqsız vəziyyətdə hadisə törədən adam ruhi xəstəxanada müalicə alıb, əgər sağalmaz xəstədirsə, ömrü boyu orda qalma ehtimalı var. Bu, cəmiyyətdən təcrid olunmadır, cəza deyil, amma həm onun özünün, həm də ətraf mühitin təhlükəsizliyi baxımından vacibdir”, - deyə qeyd edib.

Əsabəli Mustafayev deyib ki, yaşı 30-dan yuxarı, xəstəliyin isə ağır mərhələsində olan şəxslər ömürlük bu xəstəliyə düçar olurlar və daim müalicə alırlar:

“Ola bilər ki, o şəxslər müalicənin bəzi hissəsini xəstəxanada, bəzi hissəsini evdə alsınlar. Amma cinayət əməli törədən insanlar qapalı mühitdə saxlanılır”.

"Bəs bu cür ağır xəstəliyi olan şəxsin müalicəsi uğurlu nəticə verərsə, o, azadlığa buraxılır, yoxsa həbs olunur" sualını vəkil belə cavablandırıb:

“Bu məsələdə iki cür hal mövcuddur. İnsan cinayət törədir və onun təsiri altında xəstələnirsə, həmin şəxs müalicə olunandan sonra cinayət məsuliyyətinə cəlb olunur. Amma əgər cinayəti anlaqsız vəziyyətdə törədibsə və sonrakı müalicəsi də uğurlu olubsa, o zaman həmin şəxs azadlığa buraxılır”.


Müəllif: Nərmin Muradova
Seçilən
17894
2
1

1Mənbələr

Şərh ()
Bağla