AZ

"Bütün dünya Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etməyə məcburdur" - Deputat

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Bu gün dünyada mürəkkəb proseslərin getdiyi bir vaxtda Azərbaycan reallaşdırdığı yerli və beynəlxalq layihələrlə sürətli və dinamik inkişaf nümunəsi ortaya qoyur. Azərbaycanın bütün regionlarında sürətli inkişafı göz qabağındadır. Vətən Müharibəsi başa çatdıqdan dərhal sonra bütün şəhər və kəndlərimizin bərpası və yenidən qurulmasına  başlanıldı. Şuşa şəhəri də təsdiqlənmiş Baş plana uyğun yenidən qurulur və görülən işlər göz oxşayır".

Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O bildirib ki, bu gün Şuşada və digər şəhərlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarına uyğun aparılır:

"Xüsusilə, işğaldan azad olunan ərazilərimizdə insanların rahat yaşaması üçün bütün məqamlar nəzərə alınır. Bütün layihələri icra edərkən, o cümlədən məşğulluq məsələlərinə də böyük diqqət yetirilir. Aidiyyəti dövlət qurumları bu məsələ ilə də bağlı ciddi addımlar atır ki, burada yerləşən insanların məşğulluq imkanları da olsun. Mayın 10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərinə ilk qayıdan sakinlərlə görüşü rəmzi məna daşıyır. Qarabağın tacı, 44 günlük Vətən müharibəsində Zəfərimizin simvolu olan Şuşa şəhəri xalqımızın qürur mənbəyidir. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağın, Şuşanın işğaldan azad olunması idi. Dövlətimizin başçısı Şuşaya qayıdan ilk sakinlərlə görüşü zamanı həyata keçirilən bərpa-quruculuq işləri, regionda sülh prosesi haqda fikirlərini ifadə edib, eləcə də sülh imkanlarını pozmaq istəyən dairələrə mesajlar verib. Məlumdur ki, bəzi beynəlxalq güclər, məsələn Fransa, ABŞ və başqaları Azərbaycanın qələbəsi, yaratdığı reallıqlarla barışmaq istəmirdilər. Bu ölkələrin səfirləri Qarabağın incisi Şuşaya səfərdən imtina edirdilər. Amma bir neçə gün öncə ABŞ-ın səfiri Şuşaya səfər etdi. Bu kimi faktlar təsdiqləyir ki, bütün dünya Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etməyə məcburdur. Amma bu gün bölgənin inkişafı, yeni reallıqların formalaşması, siyasi-iqtisadi münasibətlər sisteminin qurulması Azərbaycanın iradəsindən asılıdır".

Millət vəkilinin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın təmin olunması yeni strateji mərhələdə Azərbaycanın əsas prioritetləri sırasında yer alır:

"Söhbət bütünlüklə dağıdılmış ərazilərin minalardan təmizlənməsindən, şəhər və kəndlərin bərpasından, zəruri infrastruktur qurulmasından  gedir.  Prezident və birinci xanım tərəfindən Şuşada üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da isə ikinci yaşayış kompleksinin təməli qoyulmuşdu. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilir. Hazırda Şuşada böyük infrastruktur layihələri reallaşdırılır və şəhərin dirçəldilməsi geniş vüsət alıb. Hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə dünyanın aparıcı şirkətləri cəlb olunub. Şuşanın tarixi və dini abidələri də bərpa olunur. Bu işdə Heydər Əliyev Fondu böyük töhfələr verir. Artıq Şuşa öz tarixi görkəminə qayıdır, şəhər mədəniyyət mərkəzi kimi çoxsaylı tədbirlərə evsahibliyi edir. Növbəti Xarıbülbül Festivalının keçirilməsi də buna nümunədir. Bütövlükdə, Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın və Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq".

Afaq Mirayiq,
Musavat.com

Seçilən
115
1

1Mənbələr

Şərh ()
Bağla