AZ

Stella Assanj: Culian hara getsə, onunla gedəcəyəm

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Culian hara getsə, mən də onunla gedəcəyəm. Əsas məsələ onun gedəcəyi yerdə təhlükəsiz olmasıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri “WikiLeaks” portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj deyib. O, Culian Assanjın mayın 20-də baş tutacaq məhkəmə prosesi öncəsi Londondakı xarici jurnalistlər üçün mətbuat konfransı keçirib.

Stella qeyd edib ki, əgər mayın 20-də keçiriləcək məhkəmə prosesindən sonra Culian Assanj ABŞ-a esktradisiya edilməyib azad olunarsa, onlar Avstraliyaya köçə bilərlər: “Avstraliya hökumətinin Culianın azadlığını dəstəkləmək qərarı bizim üçün çox həlledici olub. Əvvəllər Avstraliya hökuməti Assanjı öz taleyi ilə təkbaşına qoymuşdu. Ancaq indi təkcə Baş nazir Antoni Albanezenin hökuməti deyil, həm də Avstraliya müxalifətinin lideri, parlamentin üçdə ikisi Culianın azad olunmasını tələb edir, dəstəkləyir. Bu, inanılmazdır, çünki bir siyasi məhbus olaraq öz hökumətinizin dəstəyi olmadan azad olmaq şansınız yoxdur. Əgər Culian azad edilsə, o, hara getsə, mən də onu izləyəcəyəm. Culian Avstraliya üçün darıxır və mən uşaqlarla Avstraliyaya getmək və onun öz ölkəsini uşaqlarına göstərmək arzusundayam. Mən orada cəmi bir dəfə olmuşam. Culian hara getsə, onun arxasınca gedəcəyəm. Bizim üçün hazırda ən vacib məsələ təhlükəsizlikdir”, - deyə Stella Assanj çıxışında bildirib.

Konfransdan öncə Belmarş həbsxanasında C.Assanjı ziyarət etdiyini söyləyən Stella Assanj həyat yoldaşının səhhətinin yaxşı olmadığını və onun böyük bir təzyiq altında olduğunu da deyib.

“Mən mətbuat konfransından öncə Belmarş həbsxanasında Culianı ziyarət etdim. Yanımda Culianın yaxın dostu, Ekvadorun Londondakı səfirliyinin keçmiş konsulu Fidel Narvaez də var idi. Ayın 20-si sürətlə yaxınlaşır və Culian hazırda böyük stres keçirir. O, yatmaqda çətinlik çəkir. Onun sağlamlığı təhlükə altındadır və intihar riski də mövcuddur”, - deyə Stella Assanj həyat yoldaşının psixi sağlamlığının həddindən artıq narahatlıq doğurduğunu diqqətə çatdırıb.

O, qeyd edib ki, mayın 20-də hakimlər ABŞ tərəfinin məhkəməyə təqdim etdiyi zəmanətlər barəsində qərar verəcəklər. Əgər, onlar bu zəmanətləri qəbul edərək Assanjın ABŞ-a ekstradisiyasını təsdiqləsələr, o zaman Böyük Britaniyada apellyasiya üçün heç bir yol qalmayacaq.

“Culian ekstradisiyadan bir qərar qədər uzaqdır. Düzünü desəm, mən məhkəmədən rasional nəticə gözləmirəm, Əlbəttə ki, onların ən sonunda doğru olanı edəcəklərinə və Culianın qalib gələcəyinə ümid edirəm. Əlbəttə ki, bir inam olmalıdır. Amma mən son 5 ildə baş verənləri müşahidə etmişəm və nəticə istədiyimiz kimi olmaya da bilər. Bu məhkəmə prosesinin siyasi bir tərəfi var”.

Stella Assanj onu da qeyd edib ki, əgər səhhəti imkan verərsə, Culian Assanj mayın 20-də məhkəmə prosesində şəxsən iştirak etmək istəyir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
55
2
1

1Mənbələr

Şərh ()
Bağla