1924-cü il fevralın 29-da anadan olan Oklahoma ştatının (ABŞ) sakini Meri Li Forsayt yüz illiyini və 25 yaşını qeyd edib.
Herbiand.az bildirir ki, bu barədə USA Today xəbər verib.
Meri Li sıçrayış ilində anadan olub. 2024-cü ildə onun 100 yaşı tamam olub və heç vaxt qohumlarının diqqətindən kənar qalmayıb. Əvvəlki illərdə doğum gününü 27, 28 fevral və ya martın 1-də qeyd edən Meri zarafatla deyib ki, onun cəmi 25 yaşı var.
Amerikalı qadın gözəl həyatı olduğunu hesab edir. Jurnalistlərlə söhbətində sevərək evləndiyini və əri ilə 68 il yaşadığını bildirib. Həyat yoldaşı ilə birlikdə iki uşaq böyüdüblər.
O, makinaçı və stenoqrafçı kimi işləməkdən qürur duyduğunu söyləyib. Həyatı boyu xristian dəyərlərinə sadiq qaldığını da qeyd edib: “Altı yaşım olanda kilsədə ilk dəfə diz çökdüm və İsadan ürəyimə gəlməsini istədim. Yaşadığım illər üçün heç vaxt peşman olmamışam və əminliklə deyəcəm ki, onların hər biri gözəl idi”.
Bəxtiyar CƏFƏRLİ