Ermənistan Qərbin İrana qarşı hərbi kəşfiyyat mərkəzi rolunu oynayacaq.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun fikrincə, Ermənistanın Qərb ölkələri ilə əməkdaşlığını sıxlaşdırması həm də bu ölkədə xarici kəşfiyyat orqanlarının fəaliyyətlərinin genişləndirilməsinə gətirib çıxarır:
“ABŞ, Fransa və digər ölkələr “müşahidəçi və təlimatçı” adları altında Ermənistan ərazisində - İran yaxınlığında öz kəşfiyyatçılarını yerləşdirirlər. Qərbin əsas hədəfi İran və Rusiyadır. İran və Rusiyaya qarşı kəşfiyyat aparmaq üçün Ermənistan Qərb üçün əlverişli məkandır. Çünki İrəvan istənilən yola, sövdələşməyə gedir. Ermənistan bu dəfə özünü ABŞ və Fransaya təslim edir. Həm də ənənəvi müttəfiqləri İran və Rusiyanı qurban vermək bahasına belə...
Rusiyadan uzaqlaşmağa çalışan Ermənistan eyni oyunu İrana qarşı oynamağa başlayıb. Həmçinin Rusiyanı Ukraynada yeni cəbhəyə çəkən Qərb oyununu Cənubi Qafqazda davam etdirməyə çalışır. Qərb Ermənistanda Rusiya ilə yanaşı, İranın da mövqelərini zəiflətməyə çalışır. Hesab edirəm ki, qarşıdakı dövrdə Ermənistan ərazisində İrana qarşı fəaliyyətlər genişləndirəcək. Ermənistan bölgədə İrana qarşı Qərbin əsas hərbi kəşfiyyat mərkəzi kimi fəaliyyət göstərəcək”.
Məhəmməd Əsədullazadə Ermənistanın xəyanətlərinə göz yuman İranın anti-Azərbaycan siyasətinə də diqqət çəkib:
“Tehrandakı rejim uzun illər Ermənistanı Azərbaycana qarşı dəstəkləyir. Zəngəzurda tələsik, hazır olmayan binada konsulluğun açılması bunun bariz nümunəsidir. Heç bir təhdid və təhlükə olmadığı halda İranın Azərbaycana qarşı hədyanlar səsləndirməsi, tələsik Zəngəzura girməsinin bir adı ola bilər: düşmənçilik. İrana təhlükə Azərbaycandan yox, Ermənistandan gəlir. Mollalar isə hərəkət olan hər yerdə “Azərbaycan”ı görürlər.
Ermənistan faktiki olaraq, Qərbin İran əleyhinə formalaşdırdığı cəbhədə yer alır. İrəvan Tehranı inandırmağa çalışır ki, Qərblə fəaliyyətləri İrana qarşı deyil. Yəqin Tehranda bu yalana inanırlar, odur ki, şifahi xəbərdarlıqla kifayətlənirlər.
Azərbaycana qarşı qəzəbinin gözlərini kor etdiyi Tehran Ermənistanda baş verənləri görmək qırağa, eşitmək istəmir. Zaman İranın əleyhinə işləyir. Bir müddətdən sonra Tehranda Ermənistanın İrana qarşı hansı təhlükəli oyunun içində olduğunu görəcəklər. İranın davranışları elə təəssürat yaradır ki, özünü Ermənistan üçün qurban verməyə hazırdır, yetər ki, Azərbaycanla sülh olmasın”.