Bakı, 2 noyabr, AZƏRTAC
Aparılan qiymətləndirmələrə görə, Azərbaycanda iqlim dəyişmələrinə həssaslıq yüksəkdir. İqlim dəyişmələrinə həssaslıq indeksi sıfıra yaxın olmalıdır, lakin ölkə üzrə həmin göstərici 0.62 təşkil edir.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev Xəzər dənizinin səviyyə dəyişməsinin səbəbinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin hazırlanması üzrə ekspert qrupunun iclasında deyib.
Şöbə müdirinin müavini bildirib ki, Kürətrafı ərazilər iqlim dəyişmələrinə daha həssas ərazilər hesab edilir.
"Xəzəryanı ərazilərdə də iqlim dəyişmələrinə həssaslıq indeksini hesablasaq, gələcəkdə həmin indeksə uyğun adaptasiya tədbirlərini müəyyən edə bilərik. Mənfi tendensiyaların qarşısını almaq üçün Xəzəryanı ölkələr birgə ssenarilər, strategiyalar işləməlidir", - deyə R.Verdiyev qeyd edib.