AZ

Biriləri Türkiyə-İsrail yaxınlaşmasının üstündən məharətlə xətt çəkdi...

Gözlənilən fəci olay baş verdi. Rəcəb Tayyib Ərdoğanın "Biz Netanyahunu silib atmışıq, onun üstündən xətt çəkmişik" açıqlamasından və Türkiyənin İsraildəki səfirini geri çağırmasından sonra Türkiyə ilə İsrail arasında siyasi və diplomatik münasibətlər demək olar ki, tamamilə pozuldu. İndi Türkiyə ilə İsrail arasında sözün əsl mənasında yandırıcı səmum küləkləri əsir.

Xatırladaq ki, bundan öncə İsrail Türkiyədəki diplomatlarını birtərəfli qaydada geri çağırmış və üstəgəl, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fələstinin radikal HƏMAS hərəkatını terror qruplaşması kimi tanımaqdan imtina etməsinə görə İsrail hökuməti yerli firmalara və supermarket şəbəkələrinə Türkiyədən mal idxal etməyi qadağan etmişdi. 

Lakin ən təəccüblüsü də budur ki, İsrail tərəfi Türkiyəni cavab tədbirləri görməkdə qınayır. Belə ki, İsrail Türkiyənin səfirinin ölkədən geri çağırılmasına dərhal əsəbi reaksiya verib və İsrail Xarici İşlər Nazirliyi (XİN) bildirib ki, "Türkiyə səfirinin Təl-Əvivdən geri çağırılması bu ölkəni Fələstinin radikal HƏMAS hərəkatına dəstək verməyə bir addım da yaxınlaşdıracaq". 

İsrail XİN-in bu dəyərləndirməsi təbii ki, qeyri-obyektivdir. Çünki rəsmi Ankara bu addımları HƏMAS ilə daha da yaxınlaşmaq üçün yox, məhz İsrail ordusunun Qəzzadakı zorakılıqlarına etiraz əlaməti olaraq atır. Bunun məhz belə olduğunu əslində İsrail diplomatları və rəsmiləri özləri də yaxşı bilirlər. Lakin həqiqəti bilərəkdən təhrif edirlər. Çünki müharibə zaman yalan söyləmək adi hala çevrilir. 

Maraqlıdır ki, İsrailin Rusiyadakı sabiq səfiri Arkadi Milman da Ankaranın addımlarını öz arşını ilə ölçərək, Türkiyənin İrail ilə siyasi-diplomatik əlaqələri sıfırlamasını Ərdoğanın dəyişkən və qeyri-sabit siyasət yürütməsinin nəticəsi kimi dəyərləndirib. 

Milmandan soruşmaq lazımdır ki, bəs, Ərdoğan nə etməli idi? Bütün müsəlman ölkələrinin İsrail ordusunun dinc qəzzalılara qarşı qeyri-insani davranışlarını pislədikləri halda, məgər Ərdoğan bir kənara çəkilib, bütün bu baş verən tükürpərdici olaylara seyrçimi qalmalıydı?

Əlbəttə ki, Türkiyə-İsrail münasibətlərinin bu yerlərə gəlməsini və xüsusən də son 1 ildə min bir əziyyətlə bərpa olunmuş əlaqələrin yenidən tarmar olmasını nə Türkiyədə, nədəki İsraildə heç kim istəməzdi. 

Elə biz də Türkiyə-İsrail münasibətlərinin pozulmasına ürəkdən təəssüf edirik. Çünki bu iki ölkənin birliyinə, dostluğuna, sıx əməkdaşlığına həqiqətən də çox ciddi şəkildə ehtiyac vardı. Başqa sözlə desək, Türkiyə İsrail üçün, İsrail də Türkiyə üçün vazkeçilməz ölkə idi. Lakin biriləri HƏMAS-İsrail savaşını qəfildən alovlandırmaqla Türkiyə-İsrail yaxınlaşmasının üstündən çox məharətlə xətt çəkdi. Və belə bir kritik durumda Ərdoğan da Netanyahunun üstündən xətt çəkməyə məcbur oldu. 

Niyə məcbur oldu? 

"Niyə"sini gəlin Ərdoğanın öz açıqlamasından öyrənək:

"Mən daha İsraillə birbaşa danışıqlar aparmıram. Hazırda İsraillə heç bir əlaqəm yoxdur. İsrail rəhbərliyi çox səhv addım atdı. Deyə bilərəm ki, o, bu addımı ilə əslində öz gələcəyini qaraltdı. Təbii ki, buna görə bir nömrəli məsul şəxs İsrailin baş naziri Netanyahunun özüdür. Amerikanı bir kənara qoysanız, hazırda İsrailin tərəfində heç kim yoxdur. Netanyahu artıq söhbət edə biləcəyimiz bir insan deyil. Biz onu silib atmışıq, üstündən xətt çəkmişik. Netanyahu İsrail xalqının dəstəyini itirib. O, İsrail xalqının mənfi reaksiyasına səbəb olan və vətəndaşlarının dəstəyini itirən, dini terminlərə əl ataraq əvvəlki dəstəyi geri qaytarmağa çalışan bir şəxsdir. Yəhudi dövlətinin baş naziri törətdiyi qırğınlara dəstək tapmaq istəyir və bunun üçün dini arqumentlərdən istifadə etməyə çalışır".

Beləliklə, görünən budur ki, bundan sonra artıq geriyə yol yoxdur. İranın, Rusiyanın və Çinin bir tərəfdən, ABŞ-ın və Avropa İttifaqının (Fransa, Almaniya və digər ölkələrin) isə digər tərəfdən körüklədiyi HƏMAS-İsrail savaşı sonda Türkiyə-İsrail münasibətlərinin qırılması ilə nəticələndi. Sanki bütün oyunlar da elə bunun üzərində imiş. 

Bəs, belə olan halda Türkiyə nə etməlidir?

Az öncə qeyd etdiyimiz kimi Türkiyə üçün geriyə heç bir yol qalmayıb. Bütün körpülər yandırılıb. Türkiyə indi bütün gücü ilə diplomatik mübarizəni davam etdirməli və Yaxın Şərqdəki hazırkı qarşıdurmanın bir an öncə dayandırılması üçün bütün siyasi rıçaqlarını işə salmalıdır. Və münaqişənin 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması ilə həllinə nail olmalıdır. 

Bəli, münaqişənin yeganə optimal həlli yalnız iki dövlətin (İsrail və Fələstin dövlətlərinin) yanaşı mövcud olmasından ibarət ola bilər. Bunun başqa yolu yoxdur. 

Birdəki, bundan sonra nə İsraili, nə də HƏMAS-ı qətiyyən nəzarətsiz qoymaq olmaz. Təcrübə göstərdi ki, onların biri "bespredel" dövlət, digəri isə "bespredel" təşkilatdır. Özbaşına qalsalar nəinki regionu, hətta bütün dünyanı qana bələyərlər. Ona görə də hər ikisi də cilovlanmalıdır. Həmçinin "Hizbullah" da mütləq cilovlanmalıdır!

Bəybala Mirzəyev

Visiontv.az



Seçilən
262
47
visiontv.az

10Mənbələr