"Budapeşt hökuməti Belarusdakı Aleksandr Lukaşenko diktaturasını xatırladır..."
Macarıstan baş naziri Viktor Orban Rusiya diktatoru Vladimir Putini "ədalətli tərəfdaş" adlandırır, bu zaman Rusiya Milad bayramında Ukraynanı raket atəşlərinə məruz qoyur.
Moderator.az xəbər verir ki, bu barədə Polşa baş naziri Donald Tusk özünün "X" sosial şəbəkəsində yazıb.
"Milad bayramı ərəfəsində Rusiya Ukrayna şəhərlərini güclü raket atəşlərinə məruz qoyub. Eyni zamanda baş nazir Viktor Orban Milad bayramı ilə bağlı müsahibəsində Putini "ədalətli tərəfdaş" adlandırıb.
Tusk öz postunda həmçinin Macarıstanda siyasi sığınacaq alan Polşanın ədliyyə nazirinin sabiq qaçaq müavini Martsin Romanovskini xatırladıb. O, bəyan edib ki, qaçaq macar dilində Milad arzularını öyrənib.
Viktor Orban Polşanı necə qəzəbləndirib?
Xəbər verildiyi kimi, Polşa Macarıstan baş naziri Viktor Orban və ölkə hökumətini Polşa ədliyyə nazirinin sabiq müavini Martsin Romanovskiyə siyasi sığınacaq verdiyinə görə pisləyib.
O cümlədən Polşa baş naziri Donald Tusk Budapeşt hökumətini Belarusdakı Aleksandr Lukaşenko diktaturası ilə müqayisə edib, Polşa XİN rəhbəri Radoslav Sikorski isə Orbanın qərarını "dostcasına olmayan addım" adlandırıb.
Xatırladaq ki, 2019-2023-cü illərdə Polşa ədliyyə nazirinin müavini olan Romanovskiyə qarşı dövlət vəsaitlərindən məqsədsiz istifadə edilməsilə bağlı 11 ittiham irəli sürüb. Yayda parlament onun immunitetini ləğv edib, bu günlər isə məhkəmə onun həbsinə Avropa orderi verib, lakin o, ölkədən qaçmağa müvəffəq olub.