EN

30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış

2024-cü – enerji ilə dolu daha bir uğurlu ili yola saldıq. Bu il də, bütün daha əvvəlki illərdə olduğu kimi, Azərbaycanın neft-qaz sektorunda bir çox əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, Azərbaycan 2024-cü ildə ölkə üçün olduqca əlamətdar tarix olan və Azərbaycanı yenidən dünyanın əsas enerji təchizatçılarından birinə çevirməklə ölkə iqtisadiyyatına təkan verən nəhəng “Əsrin müqaviləsi”nin imzalanmasının 30 illiyini qeyd edib.

Təbii ki, geridə qoyduğumuz il Azərbaycanın yanacaq-energetika kompleksi üçün gərgin və məhsuldar olub. Demək olar ki, vidalaşdığımız ildə ölkədə neft və qazın hasilatı, emalı və nəqli ilə bağlı sektor üçün çox uğurlu olub. Belə ki, yerli yanacaq-energetika kompleksində ilin əsas hadisələri iri infrastruktur layihələrinin icrasına başlanması, bərpa olunan enerji mənbələri sahəsində potensialın artırılması, enerji sektorunda beynəlxalq əməkdaşlığın gücləndirilməsi olub desək, yanılmarıq. Bundan başqa, bütün bu məsələlərlə yanaşı, Azərbaycanın etibarlı enerji resursları təchizatçısı kimi mövqeyini möhkəmləndirən və ölkənin iqtisadi artımına əlavə təkan verən qaz təchizatı sahəsində əməkdaşlıq haqqında sazişlərdən gedir. Bircə bunu demək kifayətdir ki, 2024-cü ildə Azərbaycan qazının alıcılarının sayı 12-ə çatıb.

“Report” 2024-cü ildə baş tutan və yadda qalan ən əlamətdar enerji hadisələrini oxucuları üçün bir daha xatırladır və Azərbaycanın neft-qaz sektorunda 2025-ci il və sonrakı illər üçün perspektivləri və strateji planları müəyyən edən 2024-cü ilin əsas hadisələrinin icmalını təqdim edir.

“Əsrin müqaviləsi”ndə yeni müqavilələr

2024-cü ilin ən əlamətdar hadisələri elə “Əsrin müqaviləsi”nin 30 illiyi qeyd edildiyi günə təsadüf edib. Bunu həm də enerji sahəsində növbəti illər üçün atılan uğurlu addımlardan biri kimi qiymətləndirmək mümkündür. Belə ki, imzalanan yeni müqavilələr Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə BP arasında enerji sahəsində uğurlu strateji tərəfdaşlığı daha da genişləndirib.

Belə ki, bu müqavilələrdən biri SOCAR ilə BP arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qarabağ” neft yatağı və “Əşrəfi - Dan Ulduzu – Aypara” (ADUA) sahəsinə dair Anlaşma Memorandumun imzalanması olub. Birinci blok Bakıdan 120 km şərqdə, “Günəşli” yatağından 20-25 km məsafədə, suyun 150-200 metr dərinliyində yerləşən "Qarabağ" neft yatağıdır. Yatağın işlənməsi üzrə 2018-ci ildə imzalanmış və Milli Məclis tərəfindən ratifikasiya olunmuş mövcud Risk Xidməti Sazişi (RXS) var.

İkinci blok Bakıdan 90-110 km şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşən "Əşrəfi - Dan Ulduzu - Aypara" sahəsidir. Bu sahə bir sıra mövcud kəşf olunmuş və perspektiv strukturları əhatə edir. ADUA sahəsinə aid kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü üzrə saziş (HPBS) 2018-ci ildə imzalanıb.

Həmçinin, SOCAR, BP, MOL, “Inpex”, “Equinor”, “ExxonMobil”, TPAO, ITOCHU və "ONGC Videsh" şirkətləri ilə birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri” və “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsi (AÇG) üzrə mövcud hasilatın pay bölgüsü sazişinə yeni bir əlavə imzalayıblar. Bu əlavədə AÇG üzrə HPBS-yə tərəflərə AÇG yatağının sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı istiqamətində irəliləmək imkanı verən düzəlişlər edilib. AÇG yatağının STQ ehtiyatlarının xeyli iri həcmlərdə - 4 trilyon kubfutadək, təxminən 112 milyard kubmetr olduğu düşünülür.

Sənəd AÇG üzrə mövcud HPBS-nin müddətinin sonunadək, yəni 2050-cu ilədək qüvvədə olacaq. Növbəti 25 il ərzində STQ ehtiyatlarının kəşfiyyatı və qiymətləndirilməsindən asılı olaraq AÇG yatağında STQ ehtiyatlarının işlənməsinə milyardlarla ABŞ dolları sərmayə qoyulması potensialı var.

Həmçinin, həmin gün SOCAR və BP enerji təchizatı təhlükəsizliyinin artırılması məqsədilə beynəlxalq neft və qaz "upstream" (kəşfiyyat və hasilat) layihələrində potensial əməkdaşlıq imkanlarını araşdırmaq niyyətlərini dəstəkləyən Anlaşma Memorandumu imzalayıblar. Memorandum çərçivəsində şirkətlər beynəlxalq səviyyədə karbohidrogenlərin kəşfiyyatı və hasilatı sahəsində sinerji potensialını və bir sıra yeni investisiya imkanlarını birgə qiymətləndirəcək. Memorandum, həmçinin bu iki şirkətin dünyaya etibarlı və əlçatan enerji təchizatını təmin etmək imkanlarının qiymətləndirilməsində öz təcrübə və biliklərini bölüşmək niyyətini əks etdirir.

Bununla yanaşı, SOCAR və Macarıstanın “MOL Hungarian Oil and Gas” şirkəti arasında “Şamaxı-Qobustan sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilat haqqında” Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, tərəflər Azərbaycanın karbohidrogen hasilatının daha da artırılması istiqamətində əməkdaşlıq edəcəklər.

Bundan başqa, ötən il Azərbaycan və Türkiyə qaz tədarükü sahəsində iki ölkə arasında strateji əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş mühüm razılaşmalar əldə ediblər. Bu sazişlər enerji tərəfdaşlığını gücləndirməklə yanaşı, həm də təbii qaz tranzitinin genişləndirilməsinə, regionun daha dayanıqlı inkişafının təmin edilməsinə şərait yaradır.

Belə ki, ötən ilin iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində SOCAR ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qazın tədarükü və tranziti sahəsində beş saziş imzalanıb. İmzalanan sazişlər 2024-cü ilin mayın 14-də Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış “Təbii qaz sahəsində əməkdaşlıq haqqında Saziş”dən irəli gəlir. Bu müqavilələr sayəsində Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya və Naxçıvana, Türkmənistan qazı isə Azərbaycan və İran vasitəsilə Türkiyə bazarına çıxacaq. Həmçinin “Azerbaijan Gas Supply Company Limited” (AGSC) və BOTAŞ şirkətləri Azərbaycan qazının Türkiyəyə tədarükü ilə bağlı ötən il başa çatan müqaviləni 2030-cu ilin sonuna qədər uzadıb.

Neft sahəsində uğurlar

2024-cü ilin yanvarında BP şirkəti Xəzər dənizin Azərbaycan sektorunda yerləşən AÇG yatağının işlənməsi layihəsinin operatoru kimi yataqda yeni 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlayıb. Tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə BP-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramı olub. AÇG yatağının hazırkı məhsuldar layları olan Balaxanı və Fasilə dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadrat kilometr, qəbuledicilərin altında isə 507 kvadrat kilometrlik bir ərazini əhatə edəcək. Proqramın ümumi dəyərinin təxminən 370 milyon ABŞ dolları, icra müddətinin isə beş il (2024-2028) olacağı planlaşdırılır.

Bu uzunmüddətli proqramın planlanmasına 2023-cü ildən başlanılıb. Proqram çərçivəsində dənizdibi qovşaqlardan, həmçinin bir qoşa mənbəli gəmidən (“Murovdağ”) və bir qovşaq gəmisindən (“Quba”) istifadə etməklə 5 il ərzində 5 monitorinqin aparılması nəzərdə tutulur.

Bundan başqa, BP ötən ilin aprelindən yatağının işlənməsi çərçivəsində yeni “Azəri Mərkəzi Şərqi” (ACE) platformasından neft hasilatına başlayıb.

Xatırladaq ki, ACE platforması Xəzər dənizində nəhəng AÇG yatağında quraşdırılmış yeddinci neft hasilatı platformasıdır. AÇG-dən ilk hasilat 1997-ci ildə başlanıb. Platforma və qurğuları gündəlik 100 000 barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil ediləcəyi proqnozlaşdırılır. Yeni hasil olunan neft əvvəlcə platformadakı texniki emal qurğularından keçəcək, sonra isə 30 düymlük mövcud sualtı ixrac boru kəmərinə qoşulmuş yeni yataqdaxili boru kəməri vasitəsilə təxminən 130 kilometr yol qət edərək Səngəçal terminalına ixrac ediləcək.

Yeri gəlmişkən, 2024-cü ilin dekabrın 13-də AÇG neft yatağından 600 milyonuncu ton neft hasil edilib. Ümumilikdə hasil edilmiş 600 milyon ton neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri və Qərb İxrac Boru Kəməri (QİBK) vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə dünya bazarlarına nəql edilib. Bu da Azərbaycanın enerji sektorunun davamlı uğurunu təsdiqləyən əhəmiyyətli nailiyyətdir.

Təbii ki, 2024-cü il ölkənin neft bazarı üçün itkisiz də ötüşməyib. Norveçin “Equinor” şirkəti iyulun 19-da SOCAR və Hindistanın “ONGC Videsh Limited” şirkəti ilə AÇG layihəsindəki 7,27 % və BTC neft boru kəmərindəki 8,71 % payını bu şirkətlərə satmaq üçün yekun müqavilə imzalayıb. Eyni zamanda, AÇG layihəsində “Equinor”un 7,27 %-lik payının 6,655 %-ni SOCAR, 0,615 %-ni “ONGC Videsh Limited”ə satıb. “Equinor”un BTC-dəki 8,71 %-lik payının 7,96 %-ni SOCAR, 0,75 %-ni isə “ONGC Videsh Limited” əldə edib. Dəyəri 720 milyon ABŞ dolları olan sövdələşmə noyabrın 29-da əldə olunub. Hindistan şirkəti öz növbəsində “Equinor”un AÇG və BTC-dəki səhmlərinin bir hissəsini almaq üçün təxminən 60 milyon ABŞ dolları investisiya ayırdığını açıqlayıb.

Bu sövdələşməni nəzərə alsaq, hazırda tərəflərin layihədə payı "BP plc" - 30,37 %, SOCAR - 31,655 %, MOL - 9,57 %, “ExxonMobil” - 6,79 %, “ONGC Videsh” - 2,925 % , “Inpex Corp”. - 9,31 % və ITOCHU - 3,65 %, TPAO - 5,73 %-dir. "BTC Co" səhmdarları isə “BP plc” - 30,1 %, SOCAR - 32,96 %, MOL - 8,9 %, TPAO - 6,53 %, “Eni” və “TotalEnergies” şirkətlərinin hər biri 5 %, ITOCHU - 3,4 %, “ExxonMobil” və “Inpex” şirkətlərinin hər birinin payı 2,5 %, “ONGC Videsh” - 3,11 %-dir.

Qaz hasilatında pik səviyyə

Neftdən danışdıqdan sonra, mütləq qaz layihələrinə də nəzər yetirmək lazımdır. Çünki, geridə qoyduğumuz 2024-cü ildə Azərbaycan təbii qaz sahəsində də böyük uğurlar əldə edib. Belə ki, 2024-cü ildə Azərbaycanın və dünyanın ən iri qaz-kondensat yataqlarından biri olan “Şahdəniz” yatağında quyuların qazılması ilə qaz hasilatının pik səviyyəsinə çatıb. Hazırda yatağın hasilat gücü gündəlik təqribən 80,7 milyon kubmetr və ya illik təxminən 29,5 milyard kubmetr təşkil edir.

Fevralın 13-də “Şahdəniz” layihəsinin texniki operatoru olan BP şirkəti bu müqavilə sahəsinin işlənməsinin 2-ci mərhələsi çərçivəsində yatağın şimal-şərq cinahında qaz hasilatına başlayıb.

Xatırladaq ki, “Şahdəniz” konsorsiumunun səhmdarları bu yatağın işlənməsinin 2-ci mərhələsi üzrə yekun investisiya qərarını 2013-cü il dekabrın 17-də Bakıda imzalayıblar. “Mərhələ-2”-nin ümumi dəyəri 28 milyard ABŞ dolları həcmində qiymətləndirilir. “Mərhələ-2” çərçivəsində illik hasilatın ən yüksək həddi 16 milyard kubmetr təşkil edəcək ki, bunun da 10 milyard kubmetri Avropaya, 6 milyardı isə Türkiyəyə ixrac üçün nəzərdə tutulub. 2027-ci ilə qədər isə BP qərb, cənub-şərq, cənub-qərb və şimal-şərq cinahlarındakı quyularda mərhələli şəkildə qazmağı planlaşdırır.

Yeri gəlmişkən, istismara verilən vaxtdan indiyədək “Şahdəniz” yatağında 234,3 milyard kubmetr qaz və 48,3 milyon tona yaxın kondensat hasil olunub.

Chosen
85
2
aznews.az

2Sources