Almaniya hökuməti Bundestaqın Xristian Demokrat İttifaqından olan deputatı Roderix Kizevetterə qarşı hüquqi tədbirlər görməyi planlaşdırır.
Musavat.com TASS-a istinadən xəbər verir ki, Kizevetter kansler Olaf Şoltsun yaxın zamanda Rusiya prezidenti Vladimir Putinlə Moskvada görüşəcəyi barədə bəyanat verib.
"Deputat Kizevetterin bu məsələdə etdikləri böhtandır," – deyə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt RND redaksiyasına bildirib.
O qeyd edib ki, hazırda hüquqi addımlar hazırlanır.
Hebeştrayt Kizevetter tərəfindən yayılan məlumatları "qəsdən uydurulmuş yalan" adlandırıb.
"Belə bir səfər ümumiyyətlə nəzərdən keçirilmir və onun heç bir məntiqi mənası yoxdur", – deyə hökumət nümayəndəsi vurğulayıb.
Kizevetter cümə günü "X" sosial şəbəkəsində yazıb ki, Almaniyada 23 fevralda keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkilərindən əvvəl Şoltsun Putinlə görüşmək planları ilə bağlı iddialar artır.
Musavat.com