EN

Əksər uşaqlar niyə dərsə həvəssiz yanaşırlar? - Psixoloqdan açıqlama

Son zamanlar tez-tez rast gəlinən problemlərdən biri də uşaqların dərslərə qarşı həvəssiz yanaşmasıdır. Valideynlərin çoxu sözügedən məsələlərdən, övladlarının fikirlərinin tez-tez dağılmasından şikayətlənirlər. Həmçinin, əksər ana-atalar bildirir ki, uşaqlara dərs çalışmaq deyiləndə aqressivləşirlər. Təbii ki, həmin hal valideynləri narahat edir.

Dərs oxumaq istəməyən uşaqların problemi nədir? Onları nə narahat edir?

Psixoloq Gövhər Məmmədova Missiya.Az-a açıqlamasında deyib ki, valideynlər bir sıra məsələləri nəzər alsınlar:

“Onların vaxtlarında mövcud olmuş təhsil sistemi ilə övladının təhsil sistemi, dərs proqramı eyni deyil. Uşaqların son illərdəki keçdikləri proqramı ağırdır və onlar çox yüklənirlər. Habelə dərsdən sonra hazırlığa gedirlər. Evə gələndə də oxuyurlar. Bu təbii ki, onları narahat edir. Özümüzü övladların yerinə qoysaq bizə hər şey aydın olacaq ki, oyun oynamaq, dincəlmək və vaxtını maraqlı şəkildə keçirmək istəyirlər. Axı bütün günü dərs oxumaq üçün qaneedici bir həyat tərzi deyil. Ona görə də uşaqlar evdə olarkən mümkün olduğu qədər az dərs oxumalıdırlar. Onsuzda məktəb və hazırlıqda yetəri qədər dərs çalışırlar. Artıq evə gələndə növbəti bir məktəbə gəlirmiş kimi hiss etməməli, öz evində rahat olmalıdırlar. Biz onun üstünə dərs-dərs deyə düşdükdə artıq onun yaxşı dincələ biləcəyi bir yeri qalmır. Onun əlindən istirahətini alırıq. Bu da onlarda həddən çox gərginləşmə ilə nəticələnir. Stressli, aqressiv olurlar, axı dincəlmək onların da haqqıdır”.

Psixoloq vurğulayıb ki, xüsusilə məktəbə yeni başlayan, daha aşağı siniflərdə olanlar daha çox istirahət etməlidirlər:

“İstirahət günlərində də müəyyən qədər oxuya bilərlər, lakin əylənmələri üçün daha çox şərait yaranmalıdır. Bir xüsusi məqamı vurğulayım ki, uşaq anasını, atasını müəllim olaraq görməməlidir. Valideyn valideyn kimi olmalı, müəllim də müəllim kimi olmalıdır. Hər kəs öz vəzifəsini doğru yerinə yetirsə övladlar daha xoşbəxt yaşayar”.

Zərintac MayisqızıMissiya.Az

Chosen
51
missiya.az

1Sources