EN

"Pilotlar bilirdilər ki, bu qəzadan sağ çıxa bilməyəcəklər" - Prezident

Əgər pilotlar peşəkarlıq, qəhrəmanlıq göstərməsəydilər, bu qəzada sağ qalan olmazdı.

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşdə deyib.

Ölkə başçısı bildirib ki, məhz pilotların və ekipaj üzvlərinin qəhrəmanlığı nəticəsində 30-a yaxın insan bu qəzadan sağ çıxıb, onların bir neçəsi ağır yaralanıb.

“Onu da bildirməliyəm ki, qəza nəticəsində ən çox həlak olan Azərbaycan vətəndaşlarıdır. Eyni zamanda, Rusiya və Qazaxıstan vətəndaşları da həlak olublar. Qırğızıstan vətəndaşları isə yaralanmışdır”.

Prezident bir daha ekipaj üzvlərinin böyük fədakarlıq etdiklərini vurğulayıb:

“Mən bildirdim, çox güman, pilotlar bilirdilər ki, bu qəzadan sağ çıxa bilməyəcəklər. Onlar təcrübəli pilotlar idi, idarəolunmaz vəziyyətdə olan təyyarəni məhz öz peşəkarlıqları nəticəsində bir yolla məkana yetişdirə bilmişdilər və qəza enişi olsa da, təyyarəni endirə bilmişdilər. Ekipajın digər üzvləri - bələdçilər də soyuqqanlılıq göstərmişlər. Təyyarədə xaosun yaranmaması üçün böyük cəsarət göstərmişlər. Onlar da görürdülər, bilirdilər ki, onları nələr gözləyir. Yəqin, heç ümid etmirdilər ki, bu vəziyyətdən sağ-salamat çıxa bilərlər. Belə vəziyyətdə özünü təmkinlə, soyuqqanlılıqla, cəsarətlə aparmaq, əlbəttə ki, bir daha onların yüksək keyfiyyətlərini göstərir. Xüsusilə nəzərə alsaq ki, bələdçilərin ikisi qadın idi”.

"Ekipaj üzvlərinin ailələrinə, həmçinin təyyarə qəzasında həlak olanların hamısının ailələrinə bir daha başsağlığı vermək istəyirəm. Məhz ekipaj heyətinin peşəkarlığı, rəşadəti və qəhrəmanlığı sayəsində 30-a yaxın insanın həyatını xilas etmək mümkün oldu", - dövlət başçısı əlavə edib.

İlham Əliyevin sözlərinə görə, ekspertlər məhz pilotların peşəkarlığını və qəhrəmanlığını qeyd edirlər, eyni zamanda, ekipaj heyətinin bütün digər üzvlərinin.

"Çünki belə bir şəraitdə qəza enişi etmək və Rusiyanın hava məkanında kənar müdaxilə nəticəsində demək olar ki, idarəolunmaz halda olan təyyarəni sahilə qədər çatdırmaq həm peşəkarlıq, həm də qəhrəmanlıq tələb edirdi. Heç kim özünü itirmədi, hərçənd artıq dediyim kimi, ekipaj üzvləri başa düşürdülər ki, sağ qalmaq şansı demək olar, yoxdur. Görünür, pilotlar əmin idilər ki, bu, onların sonuncu reysidir, amma bununla belə, insanları xilas etmək üçün hər şeyi etdilər. Qəhrəmanlıq da bundan ibarətdir. Əgər pilotların nümayiş etdirdikləri qəhrəmanlıq və fədakarlıq meyarları varsa, bunu məhz belə adlandırmaq lazımdır".

Chosen
26
30
modern.az

10Sources