"Operativ Media" "Ankaragücü" klubunun 17 yaşlı azərbaycanlı futbolçusu Həsən Nəzərovun müsahibəsini təqdim edir:
- 17 yaşından legioner həyatı yaşamaq necə bir təcrübədir?
- Mənim üçün ölkədən kənarda oynamaq böyük bir təcrübədir. Bu yaşda legioner həyatı yaşadığım üçün çox xoşbəxtəm.
- Uzun müddətdir "Ankaragücü" klubunun əsas komandası ilə oyunlara çıxmırsınız. Ehtiyat oyunçular skamyasında qalmaq sizə psixoloji olaraq necə təsir edir?
- Hal-hazırda ehtiyatda qalmağı normal qarşılayıram. Bunun normal olduğunu düşünürəm. Mənə nə vaxt şans verilərsə ən yaxşı şəkildə dəyərləndirməyə çalışacağam.
- Komandanıza yeni baş məşqçi təyinatı baş tutdu. Onunla söhbətiniz olub? Sizinlə bağlı planları nədir?
- Bəli komandamızda yeni baş məşqçi təyinatı baş tutdu. Bəli, onunla söhbət etmək fürsətimiz oldu. Hər şeyin daha yaxşı olacağını bildirdi. Mənə də şans verəcəyini söylədi.
- Sizin üçün klubunuza hər hansi transfer təklifi gəlibmi? Daha çox oynaya biləcəyiniz bir kluba keçmək fikriniz varmı?
- Bununla bağlı bir şey söyləmək istəmirəm. Hər şeyi zaman göstərəcək.
- Azərbaycandan təklif gələrsə, dəyərləndirməyi düşünürsünüz?
- Xeyr. Belə bir düşüncəm yoxdur. Legioner həyatı yaşamağa davam etmək istəyirəm.
- Renat Dadaşovla eyni komandada çıxış edirsiniz. Onunla münasibətiniz necədir?
- Renat Dadaşovla münasibətlərim yaxşıdır. O, çox yaxşı biridir. Onunla biri-birimizi çox yaxşı başa düşürük. Mənə çox kömək olur.
- Azərbaycan U-19 yığmasının son oyunda 2 qol vursanız da qələbə qazana bilmədiniz. Millimiz 3 oyundan sonra 1 xalla sonuncu yerdə qərarlaşıb. Ümumi olaraq millinin şanslarını necə dəyərləndirirsiniz?
- Əksər oyunları çox yaxşı keçirtdik. Çox oyunda üstünlük bizim tərəfdə idi. Təəssüf ki, fərdi səhvlərdən çoxlu qollar buraxdıq. Qrupdan çıxma şansımız var idi.