EN

Son illər Şəkidə heyvan sahiblərinə 2,2 milyon manatdan çox subsidiya ödənilib

Şəki, 7 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Ötən il Şəki rayonunda 9274 baş inək, camış və düyə süni yolla mayalandırılıb. Süni mayalanma yolu ilə alınan buzov və balaqların sayı əvvəlki ilə nisbətən 368 baş artaraq 4206 baş olub. Ötən il Şəki rayonu üzrə 3240 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 3717 baş cinsi yaxşılaşdırılmış buzova görə 371,7 min manat subsidiya hesablanıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat verib.

Qurum rəsmisi bildirib ki, son illər rayonda heyvandarlıq məhsullarının istehsalını intensiv yolla artırmaq üçün zəruri tədbirlər görülür. 2009-2024-cü illərdə rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən dövlətin güzəştli şərtləri ilə satılan 427 baş damazlıq düyə alınıb. Bu işin gələcəkdə də davam etdiriləcəyini vurğulayan sektor müdiri deyib: “Şübhəsiz ki, hər il rayona gətirilən az sayda damazlıq düyələr hesabına təsərrüfatlarda mövcud olan 53 min başdan çox mal-qaranın cins tərkibini qısa müddətdə yaxşılaşdırmaq mümkün olmayacaq. Ona görə də son vaxtlar fermerlər heyvanların cins tərkibinin yaxşılaşdırılmasında mühüm rol oynayan süni mayalanma tədbirlərinə daha çox üstünlük verirlər. Süni yolla mayalandırılan heyvanların sayı ildən-ilə artır”.

N.Rəcəbov qeyd edib ki, Şəki rayonunda fərdi təsərrüfatlardakı mal-qaranın süni yolla mayalandırılması işlərinə 2004-cü ildən başlanılıb. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamına əsasən, süni mayalanma yolu ilə doğulmuş hər baş buzova görə heyvan sahibinə 100 manat məbləğində subsidiyanın verilməsinə başlanılandan sonra şəkili fermerlərin süni mayalandırma tədbirlərinə marağı xeyli artıb. Belə ki, 2015-ci ildə süni mayalandırılan heyvanların sayı 3752 baş olduğu halda, 2024-cü ildə bu göstərici 2,5 dəfəyədək artaraq 9274 başa çatıb.

Sektor müdirinin məlumatına görə, ümumiyyətlə, 2016-cı ildən indiyədək Şəki rayonu üzrə 18 min 843 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 22 min 25 baş cinsi yaxşılaşdırılmış buzova görə, hər buzova 100 manat olmaqla, ümumilikdə, 2 milyon 202,5 min manat subsidiya ödənilib.

 

 

Chosen
15
azertag.az

1Sources