EN

Qərbin barışmaqda olduğu FİASKO – TƏHLİL

Cənubi Qafqaza hər zaman maraq göstərən Qərb artıq bir çox reallıqları görməzdən gələ bilmir. Daha dəqiq desək, Qərb artıq bəzi reallıqları görür və regiona nə qədər maraqlı olsa belə qarşılaşdığı fiasko ilə barışmaq məcbriyyətindədədir. Azərbaycana “burun soxmaq” üçün etdiyi ciddi-cəhdin mənasız olduğunun fərqində olan Qərb daha çox Gürcüstana “soxulmaq” istəsə də bunun artıq mənasız olduğunun da fərqindədir. Gürcülərin “seçimi” Qərbi dilemma qarşısında qoyub və eləcə də dünyada baş verən proseslər özü belə onlar üçün fiasko ilə barışmaqdan başqa çarə qoymayıb.

Qərb üçün mövcud durum artıq növbəti fiasko sayılır və bu, çoxdan dərk də, qəbul da edilib

Qərb artıq müşahidə edir ki, oyuna atdığı Gürcüstan müxalifəti heç nəyə nail ola bilmir və ancaq səs-küy salmaqdan başqa əlindən nə isə gəlmir. Eləcə də onu da müşahidə edir ki, artıq Gürcüstan hakimiyyəti öz yerini yaxşıca bərkidə bilib və heç nədən də ehtiyat etmir. Məsələn, Gürcüstanın yeni seçilən prezidenti Mixail Kavelaşvilinin ailəsi ilə birlikdə ölkəsinin katolikos-patriarxı II İlya ilə görüşməsi, ondan “xeyir-dua” alması, ələlxüsüs da, katolikos-patriarxın ona uğurlar arzulaması onu göstərir ki, artıq hazırki hakimiyyət üçün hər şey öz qaydasında görünür və hansısa qorxu kompleksi qətiyyən yoxdur. Bunun da məlum səbəbləri var və hər halda bu səbəbləri Qərb özü də çox yaxşı bilir və məsələnin mahiyyətinin nədən ibarət olduğunun da fərqindədir.

Sirr deyil ki, gürcülər üçün Gürcü Pravoslav Kilsəsinin hazırkı hökumətə dəstək verməsi çox vacib məqamdır. Daha dəqiq desək, gürcülər bu məqama çox böyük önəm verirlər. Yəni, gürcülər üçün Gürcü Pravoslav Kilsəsinin “rəyi” istər Qərbin, istərsə də Avropanın hansısa “münasibətindən” daha önəmlidir. Keçirilən seçkiləri Qərbdə, ya da Avropada “kimlərinsə” tanıması, yaxud tanımaması deyil, Gürcü Pravoslav Kilsəsinin “xeyir-duası” gürcülər üçün daha vacib sayılır ki, bunu da Qərb çox yaxşı başa düşür. Başa düşür ki, sözügedən Cənubi Qafqaz ölkəsində xalq artıq həmin “xeyir-duanı” eşitdikdək sonra Qərbin hansısa oyunun baş tutması sual altında qalır. Bir sözlə, çətin ki, bundan sonra Qərbin regionun həmin ölkəsi, ümumilikdə regionla bağlı planları gerçəkləşə. Qərb üçün bu hal, mövcud durum artıq növbəti fiasko sayılır və bunu da özləri çoxdan dərk də ediblər, qəbul da ediblər.

Məğlubiyyət qəbul edilibsə, deməli, mövcud reallıqlarla artıq çoxdan barışılıb

Doğrudur, Gürcüstan müxalifəti hələ də nəyə isə ümid edə bilər, amma bu heç də ümidlərinin doğrulacağı demək deyil. Bəli, Gürcüstan müxalifəti kütləvi etirazların guya hələ də davam etdiyini Qərbə çatdırmağa çalışır və belə dezinformasiyalarla kimlərisə aldatdığı qənaətindədir. Amma Qərb heç də “yuxuda” deyil və Gürcüstanı həmin ölkənin müxalifətindən də daha yaxşı izləyir. Daha dəqiq desək, Qərb artıq həmin müxalifətin yalandan görüntü yaratdığını çoxdan bilir və “öz hesabını da getməkdə” haqlıdır. Çünki Qərb başa düşür ki, müxalifətçi gürcülər üçün önəmli olan ancaq “dəstək” və edilən “yardım” hesab olunur. Amma Qərb belə fırıldaqları özü ssenariləşdirdiyi üçün kimlərinsə fırıldağının “oyununa düşə” bilməz. Əksinə, Qərb çoxdan öz “hesabını” gedib və bunun da fiasko olduğu ilə hətta barışıb da.

Bəli, Gürcüstan müxalifəti ölkədəki mövcud hakimiyyətin legitimliyini tanımayıb. Bunun da səbəbi heç kim üçün, xüsusən də Qərb üçün sirr deyil. Qərb çox yaxşı başa düşür ki, Gürcüstan müxalifəti, həmçinin həmin ölkədəki “oyunçuları” sadəcə “məğlubiyyəti” qəbul etmək istəmirlər və belə də olacağı əvvəlcədən bilinirdi. Bilinirdi ki, məğlubiyyəti müxalifət qəbul etməyəcək və “barışmaz” olduğunu nümayiş etdirəcək. Bu özü də əlbəttə ki, səbəbsiz deyil və onların nəyə isə ümid etdiklərinin təzahürüdür. Əgər Gürcüstan müxalifəti yeni növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb etməkdə davam edirsə, bunun özü də gözlənilən haldır və burada qeyri-adi heç nə yoxdur, hansıki, bunu da Qərb yaxşı bilir. Yaxşı bilir ki, yeni növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb etmək hələ heç nə demək deyil və bu o demək deyil ki, müxalifətçi gürcülər nə isə əldə edə bilərlər. Əksinə, Qərb məntiqi olaraq başa düşür ki, yeni, özü də növbədənkənar seçki ilə “razılaşmaq” özü belə məğlubiyyətin dolayısı ilə qəbul edilməsidir. Əgər müxalifətçi gürcülər, yəni “oyunçuları” bildikləri bunu, yəni, məğlubiyyəti qəbul ediblərsə, deməli, Qərbin fiasko ilə barışmaqdan başqa çarəsi qalmayıb və mövcud reallıqlarla artıq çoxdan barışılıb.

Müxalifətçilərin çarəsiz durumu elə məğlubiyyət deməkdir və Qərb öz planlarının və arzularının puç olduğunun fərqindədir

Qonşu ölkədəki müxalifət qüvvələri, ələlxüsus da həmin qüvvələrin liderləri yeni seçilmiş parlamentin legitimliyini tanımadığını bəyan edilər. Guya elə hesab edirlər ki, bununla hansısa təzyiq etmiş, nəyə isə təsir etmiş ola bilərlər. Əslində, Gürcüstan müxalifəti yeni seçilmiş parlamentin legitimliyini tanımamaqla heç də mövcud hakimiyyətə zərrə qədər də təsir edə bilmir, əksinə, nə edirsə, özünə edir. Beləki, müxalifətçi gürcülər legitimliyi tanımamaqla, sadəcə olaraq parlamentin işində iştirak edə bilmirlər və bununla da yalnız özlərini parlament platformasına çıxmaqdan məhrum edirlər. Bunu da Qərb çox yaxşı müşahidə edir və görür ki, Gürcüstan müxalifəti sadəcə olaraq, çarəsiz durumdadır. Onlardan istifadə etmək istəyən Qərb üçün isə müxalifətçi gürcülərin belə bir çarəsiz durumu elə fiasko və məğlubiyyət deməkdir. Ən azından planlarının və arzularının puç olduğunun çoxdan fərqindədirlər.

Qərb artıq görür ki, qurduğu “oyunu” Gürcüstan müxalifəti qətiyyən oynaya bilmədi və bundan sonra da heç nəyə ümidi yoxdur. Artıq görür ki, müxalifətdə təmsil olunan və onların oyunlarına alət olan gürcülər, sadəcə olaraq, hansısa qüvvənin köməyi, dəstəyi, hətta təsiri ilə hakimiyyətə gəlmək arzusundadır. Fərqindədir ki, onlar sanki “sehrli çubuğun” öz işini görməsini arzulayırlar və belə zənn edirlər ki, Qərb onları öz əli ilə hakimiyyətə oturdacaq və bununla da “işləri bitmiş” hesab olunacaq. Amma bərk yanılırlar. Çünki Qərb üçün hansısa müxalifətin hakimiyyətə gəlməsi yox, həmin müxalifətin hakimiyyət naminə onun oyununun alətinə çevrilməsi lazımdır. Məhz indi Qərbə lazım olan Gürcüstanda artıq yoxdur və hansısa planlarının gerçəkləşməsi ilə bağlı ümidləri çoxdan puç olub və bunu qonşu ölkədəki hadisələrin getdikcə sönməsindən də hiss etmək, başa düşmək mümkündür.

Gürcülər unutmamalıdırlar ki, qarşılaşdıqları hadisələrin, gördükləri “səhnəciklərin” rejissoru Qərb özüdür

Doğrudur, Qərbin məhz Cənubi Qafqazın daha bir ölkəsində rastlaşdığı məğlubiyət, qarşılaşdığı fiasko göz önündədir və qətiyyən təkzib edilə bilməz. Amma bu o demək deyil ki, gürcüləri “iş üstünə qoyanlar” daha bundan sonra əllərini, qollarını sallayıb dayanacaqlar. Qətiyyən belə düşünmək olmaz. Unutmaq lazım deyil ki, ilk növbədə heç Fransa da, Almaniya da sakitləşəcək kimi görünmür. Hər iki ölkə bu fiaskonu məhz Gürcüstanda nüfuz itgisi kimi qəbul edir və belə başa düşdüyünü heç gizlətmir də. Bu isə o deməkdir ki, Gürcüstanın mövcud hakimiyyəti real vəziyyəti düzgün qiymətləndirməli və məsələyə qətiyyən dırnaqarası baxmamalıdır.

İstənilən halda yeni-yeni “ssenarilərlə” qarşılaşa biləcəklərini gürcülər nəzərdən qaçırmamalıdırlar. Nəzərdən qaçırmamalıdırlar ki, onların qarşılaşdıqları hadisələrin, gördükləri “səhnəciklərin” rejissoru Qərb özüdür. Bu həmin Qərbdir ki, məsələn, Ukraynanı heç çəkinmədən, düşünmədən belə oyuna atdı və viran qalmasına da soyuqqanlıqla tamaşa etdi. Deməli, Ukraynanın timsalında Cənubi Qafqazın hansısa ölkəsi ilə bağlı da belə soyuqqanlılıq mümkün haldır və Gürcüstana münasibətdə də eyni yanaşma gözləniləndir. Hər halda, “ehtiyatı əldən vermək olmaz“ və bunu Gürcüstan hakimiyyəti nəzərdən qaçırmamalıdır. Gürcülər özləri də mövcud vəziyyətə son dərəcə həssas yanaşmalıdırlar və heç nəyi gözdən qaçırmamalıdırlar. Eyni zamanda xüsusi təlaşa da ehtiyac qalmır, çünki Gürcüstan müxalifətinə “marağın” son dərəcə aşağı düşdüyü, onlara olan güvənin yox olduğu da göz önündədir və bunu təsdiq edən məqamlar, arqumentlər kifayət qədərdir.

Qərbin məhz Cənubi Qafqazda bir-birinin ardınca məğlubiyyəti qəbul etməkdən başqa çarəsi, yolu qalmadı

Görünən odur ki, Gürcüstanın qərbyönlü müxalifətinə xaricdən dəstəyin səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb. Bu arqumenti müxalifətçi gürcülər yox, elə Gürcüstan hökumətinin nümayəndələri də qeyd edirlər. Hətta ölkənin hakimiyyət nümayəndələri bunu əsaslandırırlar da. Qərbyönlü müxalifətə xaricdən dəstəyin səviyyəsinin hansı səbəbə aşağı düşməsini izah da edirlər. Məsələn, Tbilisi meri Kaxa Kaladze qeyd edir ki, Ukrayna ssenarisini rədd etdikdən sonra Qərbin Gürcüstana marağı tamamilə azalıb. “Ölkəmizə və hakimiyyət orqanlarına bu vaxta qədər misli görünməmiş təzyiqlər edilib. Belə təzyiqlər edilib ki, biz ölkəmizin, gələcəyin dinc əhalisinin mənafeyindən deyil, ölkəmizin təhlükəsizliyi üçün aşkar risklər təşkil edən digər böyük dövlətlərin maraqlarını nəzərə alaraq hərəkət edək”, deyən Tbilisi meri əslində onu vurğulayb ki, gürcülər bunun əleyhinə çıxış ediblər və indi bununla barışmaq məcburiyyətində olan Qərbin Gürcüstan müxalifətini dəstəkləmək kimi bir marağı qətiyyən yoxdur və məhz buna görə də onlara olan dəstək əhəmiyyətli dərəcədə azalıb.

Təbii ki, Azərbaycanda nəyə isə nail ola bilməyən və Gürcüstanda münbit şəraitin oldğunu zənn edərək, qonşu ölkəyə burun soxan Qərb həmin ölkədə də istəyinə nail ola bilmədi. Bu isə o deməkdir ki, Qərb Cənubi Qafqazda bir-birinin ardınca sadəcə məğlubiyyətlə üz-üzə gəlməli oldu. Deməli, Qərb indi fərqindədir ki, Cənubi Qafqazda qarşılaşdığı ancaq fiaskodur və bundan artığına da zərrə qədər ümid edə bilməz. Çünki Ermənistandan başqa regionin istənilən ölkəsi öz müstəqilliyini, öz suverenliyini, öz milli maraqlarını hər şeydən üstün tutur. Əgər Qərb məhz Ermənistanın bu maraqlardan uzaq olduğunun fərqindədirsə, deməli, haylar heç zaman hesaba belə alınmayıblar və onları marionet kimi oynatmaqla Cənubi Qafqaza soxula bilmə etimalının sıfırdan da aşağı olduğu qətiyyən Qərbin nəzərindən qaça bilməz. Həm də hayların Cənubi Qafqazda qətiyyən söz sahibi olmadığı da, Ermənistanın bir səfil olkə olduğu da, diqqətdən yayına və hesaba alınmaya bilməz. Yəni, Ermənistan Qərb üçün tamamilə mənasız, maraqsız ölkə sayılır və bu ölkəyə hansısa “resurs” belə artıq hesab olunur. Haylar ölkəsində məhz ortada olan bəzi qarışıqlıqlar da sədəcə Qərbin həmin ölkədə qarışıqlıqdan başqa hansısa nəticə belə vəd etmir və Cənubi Qafqazla bağlı heç bir təsirinin də olmayacağı çoxdan qəbul edilib. Bu isə onu deməyə imkan verir ki, istənilən halda, Cənubi Qafqazla bağlı maraqları ilə əlaqədar Qərbin fiasko ilə qarşılaşdığını qəbul etməkdən başqa çarəsi də, yolu da qalmır...

Müəllif: İnam Hacıyev
Chosen
55
sia.az

1Sources