İtaliya A Seriyasında mübarizə aparan “Napoli” və “Kalyari” klubları qapıçıları Simone Skuffet ilə Elia Kaprileni dəyişiblər.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubların mətbuat xidmətlərinə istinadən məlumat verir.
Belə ki, “Napoli” öz qapıçısı Elia Kaprileni bu mövsümün sonuna kimi “Kalyari”yə icarəyə verib. Əvəzində “Kalyari”yə məxsus Simone Skuffet də “Napoli”yə keçib. Onun da icarə müddəti bu mövsümün sonuna kimidir. Amma “Kalyari” Kaprileni satınalma şərti ilə icarəyə götürüb. Bir sözlə, Elianın çıxışı uğurlu alınsa, “Napoli” 23 yaşlı qapıçısını satmalı olacaq.
Simone Skuffet “Udineze”nin yetirməsidir. “Komo”, “Kasımpaşa”, “Spetsiya”, APOEL, ÇFR (Kluj) kimi klublarda da forma geyinmiş 28 yaşlı italyan qolkiper 2023-cü ilin iyul ayında 2 milyon avro qarşılığında “Kalyari”yə keçmişdi. O, bu klubun heyətində meydana çıxdığı 46 oyuna çıxıb, 83 qol buraxıb, 4 oyunda qapısını toxunulmaz saxlayıb.
Skuffet İtaliyanın U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış etsə də, əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 28 yaşlı qapıçının transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.
Elia Kaprile isə “Kyevo”nun yetirməsidir. O, “Napoli”dən öncə “Lids Yunayted”, “Pro Patriya” və “Bari” kimi klublarda çıxış edib. “Napoli” Kaprileni 2023-cü ilin iyulunda “Bari”dən 7 milyon avro qarşılığında heyətinə qatmışdı. O, Neapol klubunun heyətində cəmi 6 oyuna çıxıb, 4 qol buraxıb, 4 matçda qapısını toxunulmaz saxlayıb.
Kaprile İtaliyanın U-18 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt edə bilməyib.
“Transfermarkt” internet-portalı 23 yaşlı qapıçının transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.