EN

NASA Marsdan torpaq gətirmək üçün özəl şirkətlərdən istifadə edə bilər

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Marsdan torpaq nümunələrinin geri gətirilməsi layihəsi üzərində SpaceX və Blue Origin kimi özəl şirkətlərlə əməkdaşlıq etməyi düşünür...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bunu Amerika Kosmik Agentliyinin rəhbəri Bill Nelson deyib.

Nelson qeyd edib ki, NASA və Avropa Kosmik Agentliyinin (ESA) birgə layihəsi olan Perseverance rover tərəfindən toplanmış Mars qaya nümunələrinin Yerə gətirilməsi 2040-cı illərə qədər mümkün olması gözlənilmir və bunun üçün ən azı 11 milyard dollar xərc tələb olunur. Bu, NASA-nı nümunələri Yerə çatdırmaq üçün alternativ variantlar axtarmağa sövq edib.

Seçimlərdən biri, əvvəllər bir neçə missiyada sübut edilmiş “səma kranı” texnologiyasından istifadə etməkdir. Bu, kiçik NASA eniş aparatını daşıyacaq ESA kosmik gəmisinin Mars orbitinə göndərilməsini nəzərdə tutur. Eniş aparatı planetin səthindən qaya nümunələrini toplayacaq və onları Yerə qaytaracaq ESA kosmik gəmisi ilə birləşmək üçün orbitə qayıdacaq. Belə bir layihənin dəyəri 6,6-7,7 milyard dollar qiymətləndirilir.

İkinci variant torpaq nümunələrinin ESA kosmik gəmisinə çatdırılması üçün ağır eniş aparatının hazırlanmasına özəl şirkətlərin cəlb edilməsidir. Belə bir layihənin dəyəri 5,8-7,1 milyard dollar təşkil edəcək. Nelson SpaceX və Blue Origin-in bu layihənin həyata keçirilməsində maraqlı olduğunu vurğulasa da, digər şirkətlərin də iştirakını istisna etməyib.

NASA 2035-2039-cu illər arasında Mars süxurlarının nümunələrini Yerə gətirməyi planlayır. Nelson, “son qərar çox güman ki, 2026-cı ildə veriləcək”, deyib.

Poliqon.info

Chosen
34
2
poliqon.info

3Sources