EN

Kiyev NATO “yolunda”...

Sülh üçün Qərbi Almaniya modeli 

Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün bütün tərəflər öz fikirlərini və şərtlərini ortaya qoymaqdadır. Yaxın zamanda prosesin aktiv fazaya qədəm qoyması gözlənilir. Ukrayna tərəfi isə müharibənin bitməsi üçün özünün NATO üzvlüyü məsələsini önə sürür. Təsadüfi deyil ki, prezident Volodimir Zelenski podkastçı Leks Fridmana müsahibəsində bildirib ki, Ukrayna NATO-ya qoşularsa, alyans Kiyevin nəzarətində olan ərazilərdə fəaliyyət göstərə biləcək. O qeyd edib ki, bu barədə razılaşmaq olar. Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Sergey Leşşenko isə bəyan edib ki, respublika Qərbi Almaniya prinsipi ilə NATO-ya qoşulmağa hazırdır. “Bu (NATO-ya daxil olmaq) Qərbi Almaniya modeli ola bilər”, - deyən Leşşenko, bu halda Ukrayna hökumətinin ölkənin özünün hesab etdiyi bütün ərazisinə nəzarət etməyəcəyini bildirib. Başqa sözlə, bu model o deməkdir ki, Şimali Atlantika Alyansının üzvlərinə verdiyi təhlükəsizlik zəmanəti yalnız Kiyevin nəzarətində olan ərazilərə şamil ediləcək. Xatırladaq ki, bundan əvvəl Britaniyanın “The Financial Times” (FT) qəzeti Ukrayna hakimiyyətinin 2025-ci ildə ərazilərdən imtinanı nəzərdə tutan sülh müqaviləsi bağlamağa razılaşacağını proqnozlaşdırmışdı. Əks halda Ukraynanın NATO-ya qəbulu prosesinin tam  və faktiki olaraq dondurulacağı bildirilirdi.

Öhdəliklər, məhdudiyyətlər...

Ukraynalı rəsminin “Qərbi Almaniya modeli” adlandırdığı situasiya, əslində, hazırki vəziyyətlə tam üst-üstə düşmür - belə ki, II Dünya müharibəsində məğlub edilmiş Almaniya özünün rəqiblərinin təmsil olunduğu bir hərbi bloka üzv qəbul edilmişdi. Xatırladaq ki, 1949-cu ildə Sovet İttifaqının təhlükəsini dəf etmək üçün Qərb öz qüvvələrini birləşdirmək qərarına gəldi - yaranan Şimali Atlantika Alyansı isə Avropanı tam olaraq özündə birləşdirmirdi. Belə ki, Qərbi Almaniyanın NATO-ya daxil olmasının qarşısında duran əsas maneələrdən biri Potsdam Konfransı zamanı müttəfiq dövlətlər tərəfindən qəbul edilmiş onun tam silahsızlaşdırılması barədə qərar idi. 1954-cü ildə Paris razılaşmasının imzalanması Qərbi Almaniyanın Transatlantik alyansa qoşulmasına yol açdı. Bu müqavilə ilə suverenlik məhdudiyyətləri aradan qaldırıldı - Qərbi Almaniyaya tam suveren dövlət statusu verildi. Əsas diqqət yetiriləsi məqam isə Qərbi Almaniyanın üzərinə götürdüyü öhdəlik idi - Qərbi Almaniya rəsmi şəkildə sərhəd iddialarından və revanşizm siyasətindən imtina etdi. Fransa və İngiltərə Qərbi Almaniyanın NATO-ya daxil olması üçün Almaniya üzərində nəzarəti saxlamağa dair təminatlar tələb etdilər. Bu səbəbdən Almaniya, NATO daxilində müstəqil deyil, kollektiv təhlükəsizlik prinsipləri əsasında fəaliyyət göstərməli idi.

6 may 1955-ci ildə Bundestaq tərəfindən ratifikasiya edildikdən sonra Qərbi Almaniya Alyansın 15-ci tamhüquqlu üzvü oldu. 1955-ci il iyunun 30-da bu qərar qüvvəyə mindi - nəticədə Almaniyada Federal Müdafiə Nazirliyi və Bundesver yaradılır. Düzdür, Qərbi Almaniyanın Alyansa daxil olmasına da müəyyən şərtlər və məhdudiyyətlər tətbiq edilmişdi - belə ki, alman kontingentinin sayı 500 mindən çox ola bilməzdi və Almaniyanın atom, kimyəvi və bioloji silahların hazırlanmasında iştirak etmək qadağan olunurdu. Eyni zamanda, alman zabitlərinin qurumda yüksək vəzifə tutması qadağan olunmuşdu. Ukraynanın NATO üzvlüyü məsələsində presedent olaraq Qərbi Almaniya modelini seçməsi isə təsadüfi deyil - II dünya müharibəsindən sonra bölünən Almaniyanın məhz Qərb hissəsi NATO təhlükəsizlik sərhəddinə daxil edilirdi. İndiki halda isə Rusiya ilə Ukrayna arasında sülh müqaviləsi və ya atəşkəs imzalanacağı təqdirdə Kiyev Alyansa nəzarət etdiyi torpaqlar məhdudiyyətində qatılacaq.

SSRİ-nin “varis”i...

Bəzi siyasətçilər Ukraynanın NATO-ya qəbul edilməzdən öncə SSRİ-nin təşkilatçılığı ilə yaradılan Varşava Müqaviləsi təşkilatından çıxmalı olduğunu dilə gətirirlər. Qeyd edək ki, Qərbi Almaniyanın NATO-ya daxil olması SSRİ tərəfindən təhlükə kimi qəbul edilirdi və buna cavab olaraq 1955-ci ildə Şərq Bloku ölkələri Varşava Müqaviləsi Təşkilatını yaratmışdılar. Bu, iki böyük hərbi alyansın rəqabətini gücləndirdi. Əslində, Ukrayna, müstəqil bir dövlət olaraq heç vaxt Varşava Müqaviləsi Təşkilatına (Varşava Paktı) üzv olmayıb. Bunun əsas səbəbi, Varşava Paktının mövcud olduğu dövrdə (1955-1991), Ukraynanın müstəqil dövlət kimi yox, Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) bir hissəsi olmasıdır. Sadəcə olaraq, 1991-ci ildə SSRİ-nin dağılmasının ardından bu ölkənin varisinin tanınması məsələsində mühüm fikir ayrılığı yaranmışdı və Kiyev də özünü Rusiya qədər bu məsələdə haqlı hesab edirdi. SSRİ paktın lideri və təsisçisi olsa da, Ukrayna SSRİ daxilində bir respublika olduğu üçün bu paktın üzvü kimi ayrıca tanınmırdı - bununla belə, Ukrayna ərazisi və resursları SSRİ-nin hərbi strategiyasında mühüm rol oynayırdı. Məhz bu səbəbdən də Kiyev həmin illərdə və sonrakı dövrlərdə özünü SSRİ-nin qanuni varisi adlandırırdı. Hətta bir müddət Ukrayna BMT TŞ üzvü olduğunu da iddia edirdi. Buna əsas səbəb isə Ukraynanın SSRİ-nin Avropa torpaqlarını özündə birləşdirməsi idi. Eyni zamanda, Ukrayna SSRİ daxilində mühüm hərbi sənaye mərkəzi idi. Tank, təyyarə və digər hərbi texnikaların istehsalı ilə məşğul olan müəssisələr Ukraynada yerləşirdi. SSRİ-nin strateji raket bazalarının və hərbi təlim poliqonlarının bir hissəsi Ukrayna ərazisində qurulmuşdu. Ukrayna, SSRİ ordusunun və Varşava Paktının hərbi qüvvələrinə böyük sayda hərbi personal göndərirdi. 1991-ci ildə SSRİ-nin süqutu ilə Varşava Paktı da ləğv edildi. Ukrayna isə həmin il müstəqilliyini elan etdi...

Ukrayna niyə razılaşdı...

İndiki halda, Ukraynanın məhz Qərbi Almaniya modeli əsasında NATO-ya qoşulmaq arzusunun altında isə bir çox məqamlar yatır:

- İlk növbədə, Bayden administrasiyasının təhriki ilə müharibə aparan Ukrayna qarşıdakı dövrdə əvvəlki hərbi və maliyyə dəstəyini almayacağına əmindir. Bu baxımdan, müharibənin hətta indiki şərtlər daxilində dayandırılması da Kiyev üçün sərfəli sayıla bilər

- NATO-nun Nizamnaməsində bildirilir ki, müharibə aparan dövlət quruma üzv qəbul edilə bilməz. Bu nöqteyi -nəzərdən Ukrayna Alyans üzvü olmaq üçün mütləq şəkildə müharibəyə son verməlidir. Hazırki situasiyada isə Kiyev məhz Qərbi Almaniya kimi davranmaq məcburiyyətindədir.

- Nəhayət, Ukrayna hazırda əlində olan ərazilərinin təhlükəsizliyini təmin etmək üçün Qərb çətirindən istifadə etmək istəyirsə, bu məsələdə güzəşt etməlidir. NATO Nizamnaməsinin 4-cü bəndinə “sığınmaq”, “nəfəs almaq” üçün Kiyev bu addımı atmalıdır. Əks halda, müharibə davam edəcəksə nəticələr daha da pis ola bilər...

P.İSMAYILOV

Chosen
46
50
yeniazerbaycan.com

10Sources