Yeni müharibənin anonsudurmu?
İrəvan aktiv silahlanmanı davam etdirməklə sülh prosesini təhlükə qarşısında qoyur
İlk günlərini yaşadığımız 2025-ci ilin sülh və əmin-amanlıq ili olmasına ümidlər böyükdür. Hətta illərdir davam edən bir sıra katklizmlərin, müharibələrin bu il başa çatması üçün artıq indidən siyasi səylər başladılıb. Təssüfləndirici haldır ki, analoji fikirləri Cənubi Qafqaz haqqında deyə bilmirik - 2025-ci ilin ilk günlərindəcə yenidən silahlı təxribata əl atması Ermənistanın bölgədə təhdid formalaşdırmaqda israrlı olduğunun göstəricisidir. Xatırladaq ki, Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Məlumatda qeyd olunub ki, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb. Eləcə də, yanvarın 6-sı saat 14:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan yenidən atəşə tutub.
Uğurlu nəticə üçün ümidlər...
Vurğulandığı kimi, Cənubi Qafqaza yeni inkişaf mərhələsi vəd edən 2025-ci ildən gözləntilər böyükdür. Əvvəlki illərdə əldə olunan nailiyyətləri, hərbi və siyasi uğurları göz önünə gətirsək, bu, olduqca normal qarşılanmalıdır - yeni inkişaf mərhələsinin formalaşması üçün həm real əsaslar, həm də münbit şərait mövcuddur. Bölgənin əsas problemlərindən biri - erməni separatizmi aradan qaldırılıb. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Ötən il ikitərəfli təmaslarda müəyyən nəticələr əldə olunub - erməni işğalı altında olan Qazax rayonunun 4 kəndi azad edilib, 13 kilometrlik ərazidə sərhədlərin delimitasiyası və demarkasiyası aparılıb. Bu, yeni dövr üçün mühüm təməl belə sayıla bilər. Məhz belə bir məqamda İrəvanın yenidən silahlı təxribata əl atması sülh prosesini pozmağa yönəlib və bu addım Ermənistanın hazırki vəziyyətin davam etməsində maraqlı olduğunu ortaya qoyur.
İrəvanın sülh manipulyasiyası...
Bir sıra siyasi şərhçilər bu məsələdə kənar qüvvələrin də rol oynadığını, hətta fərqli xarici qrupların sifarişlərini yerinə yetirən şəxslərin rolunun olmasını iddia edirlər - bu da ilk baxışdan müəyyən müzakirə mövzusu ola bilər. Amma nəzərə alınmalıdır ki, hansı səbəbdən asılı olmayaraq məsuliyyəti birbaşa Ermənistanın siyasi rəhbərliyi daşıyır. Çünki, Azərbaycanla bağlanacaq sülh müqaviləsinin hələ də razılaşdırılmamış bəndlərinə nəzər saldıqda, başqa ölkələrin nümayəndələrinin bizim sərhədimizdə yerləşdirməməklə bağlı məsələyə Ermənistanın razılaşmaması bu kimi hallara yol açır. Əgər Ermənistan həqiqətən də sülh istəyirsə, bölgədə stabilliyin və inkişafın bərqərar olmasında israrlıdırsa, bütün alt məqsədləri bir kənara qoymalı və sülh müqaviləsini imzalamalıdır. Belə olan təqdirdə, kənar müdaxilələr də effektsiz olacaq və bölgə üçün silahlı təhdid adına heç bir şey qalmayacaq. Əks halda, indiki vəziyyət ortaya çıxır. Həm Ermənistanın daxilində yaşanan siyasi gərginliklər, həm revanşist qüvvələrin sülhün olmamasından “ruhlanması”, həm də kənar qüvvələrin hazırki situasiyadan məharətlə istifadə etməyə çalışması sülhün uzanmasına, ləngiməsinə yol açır.
2024-cü ildə sürətli silahlanma - Ermənistan yeni müharibəyə hazırlaşır?
Bu kimi təxribatların ortaya çıxmasının əsl səbəblərindən biri də Ermənistanın qeyri-qanuni silahlanması, beləliklə də, qeyri-formal olaraq müharibə təşviqatı aparmasıdır. Dövlət büdcəsinin az, hərbi xərclərə ayrılan vəsaitinin isə məhdud olmasına baxmayaraq Ermənistan sürətlə silahlanır və bu proses 2024-cü ildə də davam edib. Ötən ilin iyunun 17-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı iki tərəf arasında 36 ədəd “CAESAR” özüyeriyən artilleriya sistemlərinin alınmasına dair müqavilə imzalanıb. Ən son modifikasiyada alınacaq bu artilleriya sistemlərinin hər biri 5,5 milyon avro dəyərində qiymətləndirilir. Beləliklə, 36 artilleriya sistemi və həmin sistemlər üçün mütləq 155 mm-lik mərmilər əldə edən İrəvan azı 200 milyon avro vəsait xərcləyib.
Bu siyahıya Parisin həmin müqavilədən bir müddət öncə İrəvana satdığı və hər biri 14 milyon avro dəyərində olan 3 ədəd GM200 radar sistemi və 20 milyon dollara “Bastion” zirehli transportyorlarını əlavə etsək, tərəflərin hərbi-texniki əməkdaşlığının çox ciddi rəqəmlərə çatdığını söyləmək olar.
Fransa “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin gələcəkdə alınmasına dair Ermənistanla müqavilə imzaladığını nəzərə alsaq, tərəflər arasında silah müqavilələrinin 400 milyon avrodan çox olacağını söyləmək olar. Çünki “Mistral” sistemlərinin qiyməti Fransa tərəfindən məxfi saxlanılsa da, onun yüksək dəyərə malik olduğu, təkcə bu sistemlərin buraxdığı 1 raketin qiymətinin 300 min dollar təşkil etdiyi məlumdur. Paralel olaraq, Fransanın İrəvana gecəgörmə cihazları, müasir snayper tüfəngləri və s. tədarük etdiyini nəzərə almaq lazımdır.
Eyni zamanda, ötən ilin 24 iyulunda Hindistanın IADN agentliyi 2024-2025-ci maliyyə ilində Ermənistanın Hindistandan aldığı silahların həcminin 600 milyon dollara çatdığını açıqladı. Hindistan 2024-ci ildə Ermənistan aviasiyasının balansındakı Su-30SM təyyarələrini modernləşdirmək və təyyarələri öz istehsalı olan Astra BVRM və Smart Anti-Airfield Weapon (SAAW) kimi müasir raketlərlə təchiz etməyin müzakirəsini belə aparıb.
Azərbaycan tamaşaçı rolunda olmayacaq!
Bütün faktlar onu göstərir ki, Ermənistanın “sülh çağırışları” yalnız görüntü xarakterlidir - əsl məqsəd isə tam başqadır. Prosesi ləngitməklə nələrəsə ümid edən İrəvanın bu cür aktiv silahlanmasının bir səbəbi ola bilər - Ermənistan yeni müharibəyə hazırlaşır. Şərti sərhəd zonalarında baş verən hərbi təxribatlar isə bu müharibənin anonslarıdır.
Amma Ermənistan yenə də səhv edir - Azərbaycanın mövqeyi istər Ermənistan üçün, istərsə də onun havadarları üçün aydındır. Bu ölkənin müraciət etdiyi silahlı təxribatlar ona baha başa gələ bilər - onlar Azərbaycanın dəmir yumruğunu növbəti dəfə görə və dada bilərlər. Dövlətimiz hər zaman bəyan edib ki, Azərbaycan yeni müharibə istəmir. Bununla belə yarana biləcək hər hansı bir təhlükə və ya təxribatın cavabı da vaxtında və lazımi səviyyədə verilir. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib ki, Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası bölgə üçün növbəti təhdid mənbəyidir. Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır: “Bunun heç bir məntiqi izahatı yoxdur. Ermənistan öz işğalçılıq siyasətində tamamilə iflasla üz-üzə qalmışdır. 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətləri onlara düz yol göstərməli idi. Biz də buna çalışırdıq və bu gün də öz səylərimizi davam etdiririk. Mən dəfələrlə həm rəsmi bəyanatlarımda, həm Ermənistan tərəfi ilə apardığımız danışıqlar əsnasında onlara xəbərdarlıq etmişəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar. Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər. Bir şeyi də qeyd etməliyəm, Azərbaycan, sadəcə olaraq, bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq”.
P.İSMAYILOV