"Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva, sosial şəbəkədə paylaşdığı bir statusda insanların diqqətsizliyindən və həssas qruplara qarşı biganəliyindən dərin təəssüf hissi keçirdiyini ifadə edib. O, işdən evə qayıdarkən bulvarda yerləşən marketin qarşısında iki uşağın çətin vəziyyətdə durduğunu müşahidə etdiyini bildirib.
"Balacanın əlində bir dənə salfet var idi. İnsanlar onlara fikir vermədən marketə girib çıxırdılar. Baxdım ki, utandıqlarından heç kimin üzünə belə baxmırdılar, salfeti də gizlədirdilər. Mənə ən çox insanların laqeydliyi təsir edirdi. Bu ərazidə yaşayanların əksəriyyəti imkanlı şəxslərdir, onların sürdükləri maşınlar və görkəmləri bunu deməyə əsas verirdi," – deyə o bildirib.
Zenfira Mustafayeva uşaqlara yaxınlaşaraq onların vəziyyəti ilə maraqlanıb. Söhbət zamanı məlum olub ki, uşaqların ataları vəfat edib, anaları isə kafelərdən birində qabyuyan işləyir. Özləri isə Coratda kirayədə qalırlar və geyimləri olmadığından məktəbə getməkdən yayınırlar.
Zenfira Mustafayeva marketdən alış-veriş edərək uşaqlara dəstək olub və onların anaları ilə əlaqə saxlamaq üçün telefon nömrəsini verib. O, bu məsələ ilə bağlı insanları həssas olmağa çağıraraq bildirib: "Biganə qalmayaq, bu körpələr bizim uşaqlardır. Dilənməklərinə şərait yaratmayaq. Vaxt var idi, kimin evində nə vardısa, mütləq bir qab qonşuya pay verirdi. Bu, kasıblıq əlaməti deyil, hörmət əlaməti idi."
QHT sədri bu cür vəziyyətlərdə həmrəyliyin və dəstəyin vacibliyini vurğulayaraq cəmiyyətin daha mərhəmətli və diqqətli olmasının əhəmiyyətini qeyd edib.
Pərvanə Fərhadqızı