EN

Prezidentdən mühüm mesajlar- Azərbaycan inkişaf prioritetlərini təqdim etdi - TƏHLİL

Prezident İlham Əliyev dünən yerli televiziya kanallarına verdiyi müsahibədə strateji mətləblərə aydınlıq gətirdi. Azərbaycanın yürütdüyü daxili və xarici siyasət strategiyasının konturları, ölkəmizin beynəlxalq münasibətlər sistemindəki rolu, həyata keçirilən iqtisadi islahatlar, işğaldan azad edilən torpaqlarımızn bərpası, ölkəmizə qarşı sistemli və məqsədli hücumlar və digər məqamların yer aldığı müsahibədə dövlət başçısı beynəlxalq birliyə də mühüm mesajlar verdi.

Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır

Ölkəmizin maliyyə vəziyyətini əsaslı dərəcədə yaxşılaşdırdığını, rezervlərini artırdığını bildirən İlham Əliyev dövlət bücəsinin rekord səviyyəyə çatdığını, il ərzində valyuta ehtiyatlarının 5 milyard dollar çoxaldığını, adambaşına düşən göstəricilərə görə Azərbaycanın dünyanın aparıcı dövlətlərindən biri olduğunu diqqətə çatdırdı.

Hər kəsə məlumdur ki, Azərbaycan ən yaxın keçmişdə müharibə aparıb və tarixi Zəfər qazanıb. Geosiyasi müstəvidə cərəyan edən hadisələri və heç vaxt olmadığı qədər kəskinləşən münasibətləri, bunun fonunda dünya miqyasındakı iqtisadi böhranı nəzərə alsaq, müharibədən yenicə çıxmış bir ölkənin nəinki iqtisadi dayanıqlığını qoruması, əksinə, inkişaf etdirməsi, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl, məntiqli və çoxvektorlu islahatların məntiqi və uğurlu nəticəsidir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində “2024-cü ildə də Azərbaycan xalqının etimadını qazandım və yenidən Prezident seçildim” – söyləyən İlham Əliyevin son müsahibəsi zamanı vurğuladığı məqamlar Azərbaycanda iqtidar-vətəndaş münasibətlərinin ən yüksək səviyyədə olduğunun bariz nümunəsidir. Daxili həmrəyliyin pik həddə çatması isə Cənubi Qafqaz regionunu “işğtişaş oylağı”na çevirmək istəyən məkrli qüvvələrə layiqli cavabdır.

Sitat: Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır. Azərbaycan xalqı da bilir ki, mən onun arxasında dayanıram, yəni, bu, xüsusi bir hissdir. Bunu yəqin ki, bir çoxları yaşamayıb. Xüsusilə hər iki dövrdə ölkəyə rəhbərlik edən şəxs kimi bəlkə də bu, unikal təcrübədir. Mən azad edilmiş torpaqlarda bəlkə də 100 dəfədən çox olmuşam və hər dəfə gedəndə özümə eyni sözləri deyirəm, eyni sevinci bölüşürəm. Sanki birinci dəfə gəlmişəm oraya. Biz elə ölkədə yaşayırıq ki, doğrudan da fəxr edə bilərik ölkəmizlə, ilk növbədə, xalqımızla.

Azərbaycan qlobal aktor rolunda

Prezident Azərbaycanın D8-ə üzv olması, Bakıda baş tutan BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29), Avropanın enerji təhcizatında ölkəmizin rolu, Bakı Təşəbbüs Qrupunun fəaliyyəti, ABŞ-la münasibətlərin gələcəyi, Qərbdə hökm sürən mənəvi və siyasi böhran, sayılı günlərini yaşayan mövcud ABŞ adminstrasiyasının, Avropa İttifaqının və Fransanın ikitirəli siyasəti, Türk Dövlətləri Təşkilatının gələcək perspektivi, Yaxın Şərqdə baş verən hadisələr, Suriyada Əsəd rejiminin devrilməsi və digər mövzular ətrafında da mövqeyini bölüşüb və mühüm mesajlar verib.

Bayden adminstrasiyasının Soros iqtidarı olduğunu söyləyən dövlət başçısı yanvarın 20-də fəaliyyətə başlayacaq Prezident Donald Trampın Birləşmiş Ştatlara birinci rəhbərliyi dövründə Amerika-Azərbaycan arasındakı münasibətlərin normal olduğunu bildirib. Trampın yeni gündəliklə hakimiyyətə gəldiyini və ikitərəfli münasibətlərin inkişafına ümidvar olduğunu söyləyən İlham Əliyev bildirib ki, ölkəmiz Amerika-Azərbaycan münasibətlərini Amerika-Ermənistan münasibətlərinin qurbanına çevrilməsi cəhdlərinə imkan verməyib və bundan sonra da verməyəcək.

Bu məqamda qeyd edək ki, Azərbaycanın üzvlüyü ilə sayı 9-a çatan və son 28 illik müddət ərzində digər heç bir dövləti sıralarına qəbul etməyən D8 böyük iqtisadi potensiala, müxtəlif resurslara, çoxsaylı əhaliyə və coğrafi əraziyə malik doqquz ölkə arasında yeni imkanları əldə etmək, ticarət əlaqələrini şaxələndirmək, beynəlxalq qərarların qəbulu proseslərində iştirakını artırmaq, daha yaxşı yaşayış təmin etmək məqsədilə səfərbər olunub və dünyanın nüfuzlu müsəlman dövlətləri bu təşkilatda təmsil olunur.

Fransanın Azərbaycana qarşı təzyiqlərinin kökündə 44 günlük vətən müharibəsində əldə edilən tarixi Zəfərin dayandığını bildirən dövlət başçısı bu qələbədən sonra regionda və dünyada yeni reallıqların yarandığını söyləyib. Heç şübhəsiz ki, 30 il ərzində Ermənistanın işğalçılıq, talançılıq, soyqırım, terror siyasətinə göz yuman dairələrin Azərbaycan qələbəsindən sonra fəallaşması təsadüfi deyil.

Ermənipərəst qüvvələr həm də onun fərqindədirlər ki, Cənubi Qafqaz regionunda Azərbaycanın rolu və iştirakı olmadan hər hansı layihənin uğur qazanması mümkün deyil. Azərbaycanın müstəqil xarici siyasəti fonunda isə onların bölgəni nəzarətə götürmək niyyətləri fiaskoya uğrayır. Avropa İttifaqı prezidentinin öz missiyasının ziddinə olaraq COP29 tədbirində iştirakdan imtina etməsi, ölkəmizin razılığı olmadan mülki müşahidə missiyası adı altında Azərbaycanla sərhəd ərazilərə Qərb kəşfiyyatçılarının gətirilməsi, Fransanın dövlət və siyasət xadimlərinin Qarabağa indiyə qədərki qanunsuz səfərləri və digər məqamlar Qərbin regionu qarışdırmaq cəhdlərinin tərkib hissəsi və bariz nümunəsidir.

Prezidentin müsahibəsində daha bir diqqətçəkən məqam isə, öz sərmayə qoyuluşumuzla Cənubi Qafqazda faktiki olaraq, yeni nəqliyyat və energetika xəritəsini yaratdığımızı, Xəzər üzərindən Orta Asiyaya uzanan, bir tərəfimizdə Avropa olan bu böyük coğrafiyada Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevriləsi ilə bağlı fikirləridir. Sitat: Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir, hər kəs görsün ki, Orta Asiya və Qərb dünyası ilə birləşmək, bağlantılar yaratmaq istəyən Azərbaycandan yan keçə bilməz. Yəni, bunu bizsiz edə bilməzlər.

Chosen
43
aznews.az

1Sources