EN

Azərbaycan gözləyir: “Üzr istənilməli və o molla cəzalandırlmalıdır”

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycan ilə İran arasında münasibətlərə, İranın yeni rəhbərliyinin bundan sonrakı siyasəti barədə danışıb. 

Dövlətimizin başçısı vurğulayıb ki, bu barədə danışmaq bir qədər tezdir: “Çünki hazırkı İran rəhbərliyi ilə bizim elə ciddi təmaslarımız olmayıb. Hökumət üzvləri arasında müəyyən təmaslar olub. Onlar daha çox iqtisadi və nəqliyyat məsələlərinə aid idi”.

Prezidentin İranın Ərdəbil üzrə imam-cüməsi Ayətullah Həsən Amilinin canlı yayımda səsləndirdiyi fikirlərə də sərt cavab verib:

“Bu cür təhqiramiz və təxribat xarakterli hərəkətlərə göz yummaq olmaz. O mollanı Ərdəbilə təyin edən adam bu hadisəyə, bu tərbiyəsizliyə necə münasibət bəsləyir? Onun fikri nədir? Azərbaycan xalqından üzr istənməlidir. Ən azından, o molla işdən qovulmalıdır və Azərbaycan xalqından üzr istənməlidir”. 

Göründüyü kimi, Azərbaycan tərəfi uzun illərdir İranla qonşuluq və dostluq münasibətləri qurmağa çalışsa da, rəsmi Tehran hələ də anti-Azərbaycan mövqeyindən çıxış edir. Bunun ən yüksək səviyyədə dilə gətirilməsi İran üçün sonuncu xəbərdarlıq hesab olunmalıdır. 

Tehran hakimiyyəti Azərbaycanla münasibətlərində müəyyən redaktələr etməlidir. Politoloq Yusif Bağırzadə “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, cənab Prezidentin İrandan üzr tələbi kifayət qədər əsaslandırılmış və haqlı tələbdir: “Haqqında bəhs edilən əyalət mollası, yəni Ərdəbil  imam-cüməsi Ayətullah Həsən Amili ölkəmiz əleyhinə bəyanatları ilə Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır.

Onun Azərbaycana hədə dolu bəyanatlarını da, “şirin quyruğu ilə oynamayın” kimi həyasız çağırışlarını da, SEPAH-ı Araz sahilində təlimlər keçməklə öz gücünü göstərməyə dəvət etməsini də unutmamışıq. Son dəfə isə o bir az da həddini aşaraq nalayiq ifadələrlə təhqir etmək cürəti göstərib. Təbii ki, bu sözlər adi bir şəxs tərəfindən deyilsəydi, buna fikir bildirməmək də olardı. 

Amma bu mövqe İranın dini hakimiyyətinin təmsilçisi tərəfindən ortaya qoyulursa, mütləq şəkildə cavabı olmalıdır. Cənab Prezidentin də bu məsələyə münasibət bildirməsi, bu şəxsin kim tərəfindən təyin edilməsinin hamıya bəlli olmasını qeyd etməsi bu təhqirləri unutmaq və bağışlamaq fikrində olmadığımızın göstəricisidir”. 

O xatırladıb ki, İran dini dövlətdir və bu ölkədə ayrı-ayrı regionlar üzrə imam-cümələr birbaşa ali dini lider tərəfindən təyin edilir: 

“Odur ki, bu məsələdə həm də ali dini lider üzr istəməli və həmin o molla da vəzifədən kənarlaşdırılmalıdır”. 

Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin İranla bağlı dedikləri özündə konkret mesajları ehtiva edirdi: 

“İranın 44 günlük savaşda və ondan sonrakı dövrdə tutduğu mövqe, separatçılara dəstəyi, eləcə də səfirliyimizə qarşı terror hücumu və günahkarın hələ də cəzalandırılmaması ilə bağlı xatırlatma edən ölkə başçısı yeni hakimiyyətlə münasibətlərin necə olacağı ilə bağlı suala "Bunu gələcək göstərəcək" deməklə faktiki olaraq rəsmi Tehrandan konkret addımlar atılmasını gözlədiyini ifadə edib. Odur ki, indi hər şey İranın davranışlarından asılı olacaq”. 

Chosen
25
cebheinfo.az

1Sources