Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Ersin Tatar: "Ana vətənimizə, Türkiyəyə minnətdarıq" dedi.
Prezident Ersin Tatar Türkiyənin Xarici işlər naziri Hakan Fidan ilə Lefkoşada keçirilən görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında çıxış edib. Türkiyənin demək olar ki, hər platformada ŞKTR-yə verdiyi dəstəyə diqqət çəkən prezident bildirib: "Ədalətsiz qlobal mühitdə Kipr türk xalqının öz təbii haqlarının təmin edilməsi, suveren və bərabər beynəlxalq statusunun təsdiqi üçün böyük mübarizə aparırıq. Bu şərəfli yolumuzda bizi hər platformada dəstəkləyən, yanımızda duran, dövlətimizi irəliyə aparmaq və layiq olduğu statusa qovuşdurmaq üçün bütün imkanlarını səfərbər edən ana vətənimizə minnətdarıq."
Xarici işlər naziri Hakan Fidan isə "Kiprdə iki dövlətli həll yolu xaricində başqa bir həll yolu yoxdur" deyə bildirib. O, qeyd edib: "Kipr türklərinin 50 ildir ki, məruz qaldığı izolyasiya səssiz bir insanlıq cinayətinə çevrilmişdir. Bunu bilərək və ya bilməyərək həyata keçirirlər. Kipr xalqının bu vəziyyətdən ən az təsirlənməsi üçün əlimizdən gələni edirik. Son 50 ildə adada bir reallıq yaranıb. İki dövlətli həll yolu xaricində adadakı mövcudluğun təsdiq olunması üçün başqa bir həll yolu olmadığını hər kəs görür."
Fidan əsas çağırışını Cənubi Kipr vətəndaşlarına və siyasi liderlərinə ünvanlamaq istədiyini vurğulayıb: "Onlar da Kipr adasını daha müasir, inkişaf etmiş, sülhsevər və təhlükəsiz bir şəkildə irəli aparmaq istəyirlərsə, bu cür həll yollarını həyata keçirməkdə cəsarətli davranmaları lazımdır. Mən buradan onları cəsarətli olmağa dəvət edirəm."
Nazir Şimali Kipr ilə hər sahədə əməkdaşlığı artırmağa davam edəcəklərini bildirərək Yunanıstan ilə Türkiyə arasında yaranan müsbət siyasi atmosferin adada da əks-səda doğurmasını istədiklərini qeyd edib. Hakan Fidan əlavə edib: "Yunanıstan, Türkiyə, ŞKTR və Cənubi Kiprin birlikdə bölgəmizdə daha yaxşı bir gələcək inşa etməsi mümkündür."