Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Burada indiyə qədər edilmiş, həyata keçirilmiş islahatların nəticələrinə baxış var. Qarşıdakı dövrdə siyasi, iqtisadi, sosial və beynəlxalq münasibətlər sahəsində hansı istiqamətlərdə fəaliyyətlərin göstəriləcəyi və prioritet təşkil edəcəyi vurğulanır. Bunlar 2025-ci il üçün Azərbaycan dövlətinin fəaliyyətinin əsas istiqamətlərinin toplusu kimi də qəbul oluna bilər. Xüsusilə də, ölkədə iqtisadi sferada quruculuq və təkmilləşdirmə işlərinin aparılması, iqtisadi modelin daha da təkmilləşdirilməsi, maliyyə sistemində sabitliyin daha da möhkəmləndirilməsi yönümündə atılacaq addımların müəyyən anonsları var. Eləcə də Azərbaycanın Avropa Birliyi, aparıcı ölkələrlə münasibətlərində müəyyən məqamlar təhlil olunur və yeni nüanslar ortaya qoyulur. Daha vacibi odur ki, yeni dünya düzəni şəraitində Azərbaycanın xarici siyasətinin əsas ana istiqamətini müəyyənləşdirir. Bu istiqamət ondan ibarətdir ki, Azərbaycan yeni dünya düzəninin formalaşma prosesini sadəcə müşahidəçi kimi qeyd etməli deyil, bu yeni dünya düzəninin formalaşması prosesinin ən aparıcı təmsilçilərindən, oyunçularından biri olmalıdır. Fikrimcə, bu, 2025-ci ildə Azərbaycanın qarşısında müəyyən olunmuş ən vacib imperativdir".