Bakı, 9 yanvar, AZƏRTAC
Dörd ildən artıqdır ki, Azərbaycan ilə Ermənistan arasında müxtəlif formatlarda müzakirələr davam etsə də, yekun sülh müqaviləsinin yaxın müddətdə imzalanmasının mümkünlüyü hələ də sual altındadır. Çünki 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan bu günədək Ermənistan tərəfi götürdüyü öhdəliklərin heç birini könüllü şəkildə yerinə yetirməyib. İşğalçı Ermənistanın davamlı şəkildə silahlandırılması isə həm sülh danışıqlarının gələcəyi, həm də regional təhlükəsizlik məsələləri ilə bağlı narahatlıqlar yaradır. Təsadüfi deyil ki, bu il Azərbaycanın hərbi büdcəsi rekord həddə çataraq 8.4 milyard ABŞ dolları olaraq müəyyən edilib. Çünki Ermənistan və onu himayə edən güc mərkəzləri sülhü imitasiya edərək vaxt qazanmağa və beləliklə, yeni süni münaqişə ocağı yaratmağa çalışırlar. Nəzərə alsaq ki, rəsmi İrəvan maddi qarşılığını ödəmədən müasir hücum silahları ilə təmin edilir və fərqli platformalarda ondan “məzlum” obrazı yaradılmağa çalışılır, deməli, imperialist maraqların alətinə çevrilmiş Ermənistan, ümumiyyətlə, sülh anlayışının mahiyyətindən bixəbərdir. Prezident İlham Əliyevin yerli telekanallara müsahibədi zamanı səsləndirdiyi fikirlər bu istiqamətdə konkret və aydın təsəvvür formalaşdırmaqla yanaşı, kifayət qədər önəmli mesajları da özündə ehtiva edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.
O bildirib ki, mahiyyət etibarilə Ermənistanın və onu himayə edən tərəflərin əsl simasını ifşa edən Azərbaycan Prezidentinin mesajları sülh danışıqları ilə bağlı bütün məsələləri tam əhatə etdi. İkinci Qarabağ müharibəsinin və antiterror tədbirlərinin nəticələrinin Ermənistan tərəfindən ciddi qəbul edilməsinin labüdlüyünü vurğulayan dövlətimizin başçısı mövcud şəraitdə İrəvanın öz himayədarlarına arxalanaraq vaxt qazanmaq cəhdlərinin heç bir nəticəsinin olmayacağını da bir daha xatırlatdı.
Prezident İlham Əliyev, həmçinin Qazaxın dörd kəndinin qaytarılması məsələsinə dair ətraflı şərh verərək bildirdi ki, bu məsələnin həlli danışıqlar prosesinin müsbət nəticəsindən daha çox Azərbaycanın qətiyyətli mövqeyinin bariz nümunəsidir. Çünki ermənilər Qazaxın dörd kəndini könüllü şəkildə deyil, dövlətimizin başçısının ifadə etdiyi kimi, könüllü-məcburi şəkildə qaytarmağa məcbur olublar.
“Bu gün sülh gündəliyində həll olunmamış iki əsas məsələ diqqəti xüsusilə cəlb edir. İlkin olaraq tələb edilən əsas məsələ ərazi iddialarından əl çəkilməsi ilə bağlı hüquqi öhdəliyin götürülməsidir. Belə ki, Ermənistan tərəfi Müstəqillik Aktına və bu akta istinad olunan Konstitusiyanın preambula hissəsinə müvafiq qaydada dəyişiklik etməlidir. Bu, hər hansı bir qeyri-adi tələb deyil. Heç bir ölkə başqa suveren dövlətin ərazisinə iddia irəli sürə bilməz və bu iddia heç bir halda həmin dövlətin ali qanunu hesab olunan Konstitusiyasında əks oluna bilməz. Deməli, Ermənistanla ola biləcək davamlı sülhün başlıca şərti məhz bu tələbin yerinə yetirilməsidir. Digər tərəfdən bugünkü reallıqlar fonunda ATƏT-in Minsk qrupunun formal olsa belə mövcudluğuna heç bir ehtiyac yoxdur. Prezident İlham Əliyev müsahibə zamanı bu məsələləri xüsusilə qeyd edərək qətiyyətli mövqeyimizi bir daha ifadə etdi”, - deyə A. Qurbanov vurğulayıb.
Politoloqun sözlərinə görə, sülhə mane olan zəruri məqamlardan biri də işğalçı Ermənistana münasibətdə dəstəkləyici və himayəedici mövqeyə sahib güc mərkəzlərinin məkrli niyyətləri, sülhə zərbə vuran addımlarıdır. Maraqlısı odur ki, uzun illər faşizm əleyhinə birgə mübarizə aparan tərəflər bu gün Ermənistandakı faşist ideologiyasını himayə edirlər. Bu, ədalət anlayışının tamamilə məhv olduğunun və maraqlara qurban verildiyinin göstəricisidir. Təbii ki, sülhə dair ümidlərimizi itirməmişik. Hələ də bütün şərtlərimizin birmənalı şəkildə qəbul edildiyi sülh müqaviləsinin imzalanmasına nail ola biləcəyimizə ümidvarıq. Onu da qeyd etmək lazımdır ki, sülh Ermənistan üçün qurtuluş yolu və şans ola bilər. Amma dövlətimizin başçısının vurğuladığı kimi, “Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik”.