“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov bu gün “Araz-Naxçıvan”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Arena.az xəbər verir ki, o, Sumqayıtda təşkil olunmuş və 2:2 hesabıyla başa çatmış oyun barədə bunları söyləyib:
“Yeni ildə ilk oyunumuzu keçirdik. Sevindirici hal odur ki, məğlub olmadıq. Futbolçulara təlim-məşq toplanışı çərçivəsində ağır fiziki yüklənmələr vermişik. Bu səbəbdən də komandada yorğunluq hiss olunurdu. Bununla belə futbolçularımın əzmkarlığından razı qaldım. Xüsusilə də şans verdiyimiz gənc futbolçuların oyunu məni qane etdi. Düşünürəm ki, onlar da zamanla özlərini inkişaf etdirərək əsas komandanın üzvünə çevriləcəklər”, deyə Vaqif Cavadov klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev də bu qarşılaşma ilə bağlı düşüncələrini bölüşüb:
“Bizim üçün faydalı oyun oldu. Bütün oyunçularımızın eyni yüklənməni qəbul etməsinə çalışdıq. Ona görə də düşərgəmizdə olan futbolçuların hamısına şans verdik”.