EN

İnsanları tanıdıqca iti necə sevmək olur?- Tural İrfan yazır

"İnsanları tanıdıqca itləri daha çox sevdim." Adolf Hitlerə məxsus olduğu deyilən bu söz kimin söyləməsindən asılı olmayaraq böyük məna və mahiyyəti özündə ehtiva edir. İslam fəlsəfəsinə gərə də insan daxili zənginliyi, əməlləri ilə mələkdən üstün də ola bilər, şeytani xəbisliyi və çirkin işləri ilə heyvandan aşağı da ola bilər.

2022-ci ildə Qubadlıda minaaxtarma prosesi zamanı "Dina" adlı minaaxtaran it minaya düşərək öldü.

"Dina" 3 ayından xüsusi oyun meydançasında təlimlər keçib 18 ayından sonra isə müxtəlif növ partlayıcı qurğuların aşkar edilməsi bacarığına yiyələnmişdi. Akkreditasiyadan keçdikdən sonra bələdçisi ilə sahə əməliyyatlarına cəlb olunmuşdu. "Dina" yanvar ayından öldüyü günə kimi olan müddətdə, (təqribən 8 ay) Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarında 191, 927 kv.m ərazinin mina və partlamamış hərbi sursatdan təmizlənməsində iştirak etmişdi.

İnsanlığa xidmət edən, bəşəriyyətə töhfə verən Dina və Sednaya zindanlarında yüz minlərlə insanı işgəncə ilə məhv edən "bəşər övladı" nı necə müqayisə edək?

İnsan cildinə, çox zaman da müsəlman cildinə girib fitnə, fəsad, nifaq, terr@r törədən şeytani xislətli iki ayaqlılar əsla bu itə tay ola bilməz. Bu kimi itlərə yeri gəlsə heykəl qoyulmalı, xəbis insanlara ibrət olaraq nümunə çəkilməlidir ki, itdən insanlıq öyrənsinlər.

Qarabağda o minaları basdıranlara insan deyib, Dinaya it demək adama ağır gəlir.

Allah adildir. Əshabi Kəhfin itini Quranda elə gözəl təsvir edir ki, Allahın da öz xəlq etdiyini necə sevdiyini bir daha görürük. Başını ayaqlarının üstünə qoyub yatmasını xüsusi tərzdə təsvir edərək kamil bir təsəvvür yaradır heyvan haqqında...

Elə adamlar var ki, heç Cəhənnəmə də layiq deyillər. Yəni, Allahın yaratdığı bir məkanı elələri ilə dar etməyə də dəyməz bəlkə də. Amma elə heyvanlar, elə itlər var ki, Cənnətin ən ali mərtəbəsinə layiqdirlər. Şübhəsiz ki, ilahi ədalət onların da əməyini hədər etməz Axirətdə...

Tural İrfan, ilahiyyatçı

Chosen
10
news365.az

1Sources